AZ EN RU

Yurdun uca zirvəsidir Naxçıvan

Naxçıvan... Ana qədər müqəddəs əziz, doğma, ulu diyar... Düşmən əhatəsində alınmaz bir qalaya çevrilən müqəddəs torpaq. Kimi Nuh çıxan, kimi Nuh varan torpaq, kimi də Nəqşi-cahan – dünyanın bəzəyi kimi vəsf edib bu ulu diyarı, mərdlər yurdu Naxçıvanı. Əzəmətli, vüqarlı dağların əhatəsində qərar tutan, zəngin tarixi keçmişə, maddi və mənəvi dəyərlərə malik qədim Oğuz-türk torpağıdır Naxçıvan. Hər qayasından mif, əsatir süzülən, hər daşında bir tarix uyuyan Naxçıvan...
İlk insan məskəni, mifik-genetik yaddaş saxlancımız əfsanəvi Gəmiqaya, müqəddəs ziyarətgah sayılan daş abidəmiz – Əshabi-kəhf Naxçıvanın qədimliyindən çox həqiqətləri hifz edir. Uca dağlarında ulu babalarımızın qadir əlləri ilə qazdıqları qaya oyuqları, kahalar, mağaralar ilk insan məskənlərindən soraq verir.
Tarixi məxəzlərə istinadən Naxçıvanın dəfələrlə taleyin amansızlığına düçar olduğu, dağıldığı və hər dəfə də yenidən qurulub tərəqqi etdiyi ehtimal olunur. Naxçıvan Çingiz xan ordusunun basqınlarına məruz qalıbdır, Teymurləngin qoşunları ilə döyüşübdür. Taleyin amansız gərdişinə dözüb, tarixin sərt sınaqlarına sinə gərib ulu məkanım. Fatehləri diz çökdürən, yadellilərə boyun əyməyən mərdlər diyarı Naxçıvan... Hər zaman indiki kimi düşmən əhatəsində, blokada məngənəsində olmayıb, Araz çayı ilə də sərhədlənməyib. Söykəndiyi, güc aldığı qalalı, bürclü dağlar da gavur ermənilərlə sərhəd olmayıb. Bu dağların o üzü də Vətən olub. Yurdumuzun mənǝvi pasportu saydığımız “Kitabi-Dədə Qorqud” dastanında da Naxçıvan Azərbaycan adlı məmləkətin mərkəzində yerləşib. Bir ucu Kərkükdən Göyçəyə, bir ucu da Ərzurumdan Dəmirqapı Dərbəndə Vətən olub qədim Oğuz-türk yurdu.
Öz gücünə arxalanaraq sıyrılan qılınca dönüb bu kiçik Vətən torpağı. Zaman-zaman erməni məkrinə, hiyləsinə tuş olub. Bu gün hər kəsə aydındır ki, Naxçıvanı işğal, məhv olmaq təhlükəsindən Heydər Əliyev zəkası xilas edib. 
Ümummilli Liderimizin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilib. Xalqımız müdrik rəhbərimiz Heydər Əliyevin ətrafında sıx birləşib düşmənə qarşı döyüşdü, dözdü, yaşadı. Naxçıvana dahi rəhbər müqəddəs bir yer kimi baxırdı. Naxçıvanlıların ona böyük hörmət, qayğı, məhəbbət göstərmələrini, ən ağır anlarda Onun dayağı olaraq arxasında durmalarını Ümummilli Liderimiz həmişə yüksək dəyərləndirərək deyirdi: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.
Qismətimizə Azərbaycan adlanan bir məmləkət düşüb. Pərvanə kimi bu məmləkətin başına dolanırıq, onun ağrı-acısı ürəyimizi göynədir, sevinci qəlbimizi dağa döndərir. Bu Vətəni sevə-sevə böyümüşük, özümüz böyüdükcə sevgimiz, məhəbbətimiz də böyüyüb. Bu yurd, bu torpaq ulu Tanrının bizə tale payıdır. Göz açıb gördüyümüz, sinəsində ayaq açıb yeridiyimiz bu torpaq dağı, daşı ilə, gülü, çiçəyi ilə ürəyimizə, qəlbimizə köçüb. Adını iftixarla çəkdiyimiz doğma Naxçıvan isə Azərbaycanımızın ayrılmaz bir guşəsi kimi özünün yeraltı və yerüstü təbii sərvətləri ilə, zəngin maddi-mənəvi mədəniyyət abidələri ilə dünya tarixində, mədəniyyət xəzinəsində özünəməxsus yer tutur. 
Böyük karvan yolunun üzərində yerləşən bu qǝdim Oğuz-türk diyarı tarixin kəhkəşanlı yollarında bir çox imperatorluqlar, sultanlar, xaqanlar tərəfindən dəfələrlə dağıdılmış, yadelli hücumlarına məruz qalmışdır. Bunun bir bəlası da onun coğrafi mövqeyi, İpək Yolunun üzərində yerləşməsi ilə bağlı olub. Bu yol yenə də inkişafa, tərəqqiyə yönəlib. Ümummilli Liderimiz Heydər Əliyev çıxışlarının birində dediyi kimi: “Böyük İpək yolu keçmişdən başlasa da, gələcəyə doğru gedən yoldur...”
Qədim və həmişəcavan Naxçıvan! 3500 yaşlı ulu şəhərim. Şərqin qapısında, Xan Arazın sahilində Nəqşi-cahan... Səndə tarixlərin nə qədər nişanələri var. Qədimliyin Gəmiqaya abidələri, yeraltı sərdabələrinlə çiçəklənən mədəniyyətin Möminə xatın məqbərəsi ilə pasportlaşıb. Sənin əzəmətinin, çiçəkli dövranının sədaları orta əsrlərdən gəlir. Araz sənin bel kəmərin, ətraf sipər dağlar boyunbağın olub. Beləcə, əsrlərin sınağına sinə gərmisən. Dostun qəlbinə məlhəm, düşmənin gözünə ox olmusan. Səndə gözü olan yağılara əyilməmisən. Sinənə oxlar dəyib, qəlbinə yaralar vurulub, lakin qəddini düz saxlamısan, Odlar yurdu Azərbaycanın əyilməzlik simvolu kimi yaşayaraq qurmusan, yaratmısan. Onun ayrılmaz guşəsi kimi qəlbinin parası olmusan.
Bu gün azadsan, doğma diyarım, xoşbəxtsən. Üfüqlərində istiqlal günəşi parlayır. Bu azadlıq məşəlini yandıran övladlarını sevirsən, əzizləyirsən, unutmursan. Bugünkü müstəqilliyin, tərəqqi və yüksəlişin, muxtar respublika paytaxtı kimi çiçəklənməyin isə böyük övladın, dahi şəxsiyyət, xilaskarımız Ümummilli Liderimiz Heydər Əliyevin adı və parlaq əməlləri ilə bağlıdır. Bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərən, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafını, yüksəlişini, təhlükəsizliyini təmin edən Ulu Öndər mənalı həyatı və siyasi fəaliyyəti boyunca özünü yox, ancaq xalqını düşünüb. “Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir”. Ulu Öndərin Naxçıvana verdiyi bu qiymət qədim yurdumuz haqqında ən dəqiq və tarixi gerçəklikləri özündə ehtiva edən bir qiymətdir. 
100 illik muxtariyyətini qeyd edən Naxçıvanın tərəqqisi Azərbaycanı dünyaya tanıtdıran Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin dediyi kimi: “Naxçıvan Azərbaycanın gözəl bir guşəsidir. Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır.  Naxçıvan böyük şəxsiyyətlər yetirmiş bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir”. 

Sevinc BABAYEVA 
Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycan və beynəlxalq müsabiqələrin Qran-Pri və 
Prezident mükafatçısı

Məqalə “Şərq qapısı” qəzetinin elan etdiyi “Naxçıvan 100 ildə” yaradıcılıq 
müsabiqəsinə təqdim etmək üçündür

Nəşr edilib : 10.06.2024 11:23