AZ EN RU

Yurdumun şəfalı bitkisi – trüfel

Elə ki yaz gəldi, yağışlar yağmağa başladı, qədim yurdun bərəkətli torpaqlarında bitən şəfalı, min dərdin dərmanı olan bitkilər yerli sakinlərin ruzi-qazanc mənbəyinə, sağlam qida kimi isə süfrələrimizin bəzəyinə, ağız ləzzətimizə çevrilir. Bazarların piştaxtalarında cürbəcür çöl pencərləri, göbələk növləri görmək olur. Yurdumuzun saymaqla bitməyən bu nemətləri içərisində biri də var ki, dadı və şəfalı xüsusiyyəti ilə dünyada məhşurdur. Trüfel çox az ölkələrdə yetişir ki, bu ölkələrin arasında Azərbaycan da var. Müqəddəs Peyğəmbərimiz Məhəmməd (s.a.s.) buyurmuşdur ki, bu bitki Musa Peyğəmbərə (əleyhisalama) cənnətdən hədiyyə kimi göndərilmiş qüdrət halvası cinsindəndir.

Trüfel bu gün Avropa ölkələrində də məşhurdur, kürüdən sonra qiymətinə görə ikinci yerdədir. Hətta XV əsrdə trüfelin rahat tapılıb yığılması üçün müxtəlif heyvanlar da əhliləşdirilibmiş. Bu gün İspaniya, İtaliya və Fransada məşhur olan trüfel göbələyinin 1 kiloqramın qiyməti (növündən və ölçüsündən asılı olaraq) bir neçə min dollara çata bilir. Fransa, İtaliya, İspaniya, ərəb ölkələrində bu göbələk xüsusilə tez-tez istifadə olunur və sevilir. Kilosu 2000 avro dəyərindədir. Trüfel yalnız bahalı, elit restoranlarda desert kimi verilir, eyni zamanda gözəl ətri olduğundan az miqdarda yeməklərə qarışdırılır. Fransız aşpazları onu “məhsulların almazı” və ya “kral göbələyi” adlandırırlar. İtaliyada bu göbələk əsasında çox effektli cavanlaşdırıcı kremlər istehsal olunur. Bu kremlərin qiyməti olduqca bahadır. Bitkinin ən cəlbedici tərəfi isə xərçəng xəstəliyinin yaranmasının qarşısını almaq kimi xüsusiyyətə malik olmasıdır. 
Havaların yağışlı keçməsi bu il muxtar respublikanın kəndlərində bu bitkinin çıxmasına səbəb olub. 
Naxçıvan şəhərində Mərkəzi Bazarda bu bitkinin satışı ilə məşğul olan insanlarla həmsöhbət olduğumuzda öyrənirik ki, Kəngərli rayonunda, xüsusilə də Qabıllı, Babək rayonunun Qahab, Nəhəcir kəndlərində bu göbələyi tapmaq olur. Kəngərli rayonunun Xok kənd sakini İbrahim Abutalıbov gənc olmasına baxmayaraq, bitkini toplamaqda təcrübəlidir. Onun dedikləri:
– Göbələyin bir növü olan bitkini el arasında “dombalan” adlandırırlar. Səbəb isə onun tam yetişdikdən sonra torpağı şişkin göstərməsidir. Torpaq bir az şişmiş halda olur, o halda bilinir ki, orada bitki var. Yaşlıların dediyinə görə, bu bitki, adətən, qumluq təpələrdə yetişir. Hansı yerdə onun otu bitirsə, orada bu bitkidən olur. (Bu ot yemlik bitkisinə bənzəsə də, yeməli deyil. Onun trüfellə kök hüceyrələri bir olmasa da, yanaşı bitirlər). Bu göbələk növü yeddi ildən bir daha bol olur. Yaz yağışlarının ardından çıxan göbələyin bu növünə daha çox güney yerlərdə rast gəlinir. Yığılması o qədər də asan olmayan trüfelin satışından çox yaxşı gəlir əldə etmək olur. Bu bitki yeddi ildən bir bol olur. Son dəfə 2019-cu ildə Naxçıvanda bu göbələyin bolluğu yaşanıb. Müsahibim onu da deyir ki, Naxçıvan torpağının bu əvəzsiz nemətinə təkcə muxtar respublikanın bazarlarında deyil, ölkəmizin digər bölgələrində də tələbat çoxdur. Bakı şəhərindən gələn alıcılar gün ərzində yığdığımız göbələyin, demək olar ki, çoxunu alıb aparırlar. Qiymətinə gəldikdə isə irili-xırdalığına görə 20 manatdan 50 manata kimi dəyişir. Bizdə göbələyin qiyməti digər ölkələrlə müqayisədə qat-qat daha aşağıdır. Bitkinin müalicəvi xüsusiyyətləri öyrənildikdən sonra tələbat artıb və onun qiyməti də bir neçə dəfə qalxıb. Lakin buna baxmayaraq, Azərbaycanda bu delikates məhsulun qiyməti Avropa və ərəb ölkələri ilə müqayisədə çox ucuzdur.
İbrahimin nənəsi Tovuz xanımın 90 yaşı var. Onunla söhbətləşir, bu bitkinin faydaları və necə bişirilməsi haqqında məlumat alırıq. Tovuz nənənin söhbəti:
– Bu torpağın hər qarışında bitən bitkilər cana dərmandır. Uzun illər nənələrimiz burada bitən kəklikotunu, yarpızı, nanəcövhəri bir çox xəstəliklərin müalicəsində istifadə ediblər. Bu göbələk növü isə min dərdin dərmanıdır. Elə ki yaz gəldi, rəhmətlik anam bizi də yanına alar, çöldə-bayırda bitən pencərlərdən, göbələkdən yığıb gətirərdik. Onların içərisində ən dadlı olanı hamımızın sevdiyi bu göbələk idi. Onu yaxşıca yuyub, qalın mis tavaya tökər, içinə də azca qovurmanın yağlı tikələrindən əlavə edib təndirdəki közlərin üstünə qoyub, qapağını örtərdi. Su tökməzdi, çünki öz suyu çıxanda daha dadlı olur deyərdi. Təndirdə közün üstündə buğlana-buğlana bişən göbələklər yağa düşüb yaxşıca qızarardı. Təndirdən təzə çıxmış lavaşla göbələyin dadı quzu kababından da ləzzətli olurdu. 
Nənə onu da bildirir ki, yaz göbələyinin qabığını soymaq bitkinin xeyirli xüsusiyyətlərini azaldır, ən yaxşısı göbələyi suya töküb bir az saxlamaqdı. Suyun içərisində azca qalandan sonra üzərindəki torpaq, qum-çınqıl tamamilə təmizlənir. Ondan sonra onu qaynadıb, ya da qızardıb yemək çox faydalıdır. Təzyiq və şəkər xəstəliyin yoxdursa, quyruqla birlikdə qızardılan, közdə bişən göbələyin dadı damaqda qalır. Yaza qalan qovurma ilə bişirilən göbələyin dadına söz ola bilməz. Tovuz nənə bir məsləhət də verir: 
– Mövsümündə bolluca bu bitkidən yemək insanın sağlamlığına yaxşı təsir edir. Şəkəri, təzyiqi normada saxlayır, bundan əlavə orqanizmi cavanlaşdırır, bədəni qüvvətləndirir. Şəkər xəstələri bunu çiy yesələr daha yaxşı təsir göstərir. Bu gün cavanları ən çox narahat edən çəki, kilodu. Bax onun da dərmanı bu göbələkdədir.
Nənənin şirin söhbətini dinlədikdən sonra şəhərə qayıdıb yolumuzu bazara salırıq. Tovuz nənənin dediklərini xatırlayıb göbələk satılan piştaxtaya yaxınlaşdım. Bazardakı yaz məhsullarını, bolluğu görərkən öz-özümə fikirləşdim: “Ana təbiət bu yurddan heç bir varını əsirgəməyib. Əslində, Uca Yaradan bu diyarın insanlarına ruzisini özündən əvvəl verib. Bu yurda elə səxavətlə min bir naz-nemət bəxş edib ki, bunların qədrini bilib, yığıb istifadə etməklə yanaşı, həm də artıb-çoxalması qayğısına qalsaq, sağlamlığımızın qeydinə qalıb süfrələrimizdən əskik etməsək bar-bərəkətimiz də tükənməz, xəstəliyin nə olduğunu da bilmərik. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 09.04.2024 16:29