AZ EN RU

Yurd həsrətinin bitəcəyi gün yaxındadır

    Qaçqınlar, köçkünlər, gəlmələr də deyirdilər onlara məskunlaşdıqları yerlərdə. Kəndimizdə yaşayan ailəyə də gəlmələr deyirlər. Kəndin lap yuxarısında yaşayan bu ailənin bir qızı, onların dili ilə desək, hələ ara qarışmazdan əvvəl bu kəndə – Şərur rayonunun Ərəbyengicə kəndinə gəlin gəlibmiş. Ara qarışanda, yəni sovetlər birliyi dağılandan sonra “qonşularımızın” əsl sifətini görəndə onlar da zülmə dözə bilməyib köçüblər öz dədə-baba ocaqlarından. 1989-cu ildə Rza kişi ailəsini götürüb Şərur rayonun Ərəbyengicə kəndində yaşayan qudalarının yanına köçüb. Böyük bir külfətlə qızının evində bir müddət yaşayandan sonra kəndin “Ağbağ” deyilən ərazisində onlara ev tikmək üçün torpaq sahəsi verilib.

    Həmin ailənin üzvləri indi də bu kənddə yaşayır. Qızı Nəcibə Şirinovanın 70-ə yaxın yaşı var. Söhbət zamanı dedi ki, onların ailəsi Dərələyəz mahalının Qalaser kəndində yaşayıb uzun illər. Ata babaları bəy nəslindən olan Rza kişinin atası “Mollabulağı” adlanan kəndin bəyi olub. Sovetlər birliyi yarananda bütün torpaqlar əllərindən alınıb kolxoza verilib. Rza kişi meşəbəyilik etməklə ailəsini dolandırıb. Nəcibə xala onu da deyir ki, atasıgil 8 qardaş olublar. Onlardan yeddisi İkinci Dünya müharibəsində həlak olub. O bildirdi ki, bağlı-bağatlı, gurbulaqlı kəndlərində Qaçaq Nəbinin yurdu, Zəncirli bulaq, Qalaca piri kimi bir çox tarixi yerlər sovetlər birliyi dağılmazdan öncəki illərdə də erməni vəhşiliyinə tuş gəlib. Ermənilər ata yurdlarında tez-tez qətllər törədib insanların ev-eşiyini dağıdıb, yandırıblar. Hətta 1989-cu ildə kənddən köçən camaatın yük dolu maşınlarına od vurulmuş lopalar atırdılar ki maşınlardakı yük və insanlar məhv olsun. Evimizi, yurdumuzu tərk etməyə məcbur qaldıq, amma ürəyimiz hələ də öz kəndimizdə qalıb, – deyən Nəcibə xala atasının ölən günə kimi elə hey öz kəndlərini yadına saldığını deyir: – Atam həmişə inanırdı, bir gün o yurdlarımıza geri dönəcəyimizə və vəsiyyət edirdi ki, evimizə, kəndimizə gedəndə ata-anasının qəbrindən torpaq götürüb gətirib onun qəbrinə səpək. Biz həsrətlə o günü gözləyirik. Atamın narahat ruhu da o günü gözləyir. Biz inanırıq ki, öz yurdumuza geri dönəcəyik.
    Söhbətimizə qoşulan ailənin oğlu İman Şirinov ermənilərin vəhşiliklərindən danışıb dedi:
    – Onlar həmişə üzümüzə gülsələr də öz xainliklərini gizlin də olsa yerinə yetiriblər. Ata-babalarımız, nənələrimiz çox söhbət açardı onların başımıza gətirdiyi oyunlardan, amma biz saf, açıqürəkli xalq olduğumuz üçün ermənilərə həmişə inanmışıq və yanılmışıq. Biz yaşadığımız ərazidə 8 azərbaycanlı kəndi var idi. Ermənilər bu kəndlərin münbit torpaqlarını görüb buralara yerləşdikcə bizim camaatı narahat etməyə başladılar. Oğurluqlar, əyriliklər get-gedə çoxaldı. Sovetlərin vaxtında da onlar vəhşilik edirdi, amma nədənsə ermənilərə: – Gözün üstə qaşın var, – deyən olmurdu. Yaxşı yadımdadır, 1989-cu ilin sonları idi, bir qrup erməni sakini yaxın kəndin – Ələyəzin gənclərini barışıq adı ilə görüşə çağırmışdı. Həmin vaxt bizim qohumlardan da onlara qoşulan olmuşdu. 28 nəfərlik bir heyətlə əliyalın görüşə gedən sakinləri bir tövləyə qatan ermənilər tövləyə od vurub onları qətlə yetirmişdilər. Tez-tez azərbaycanlı kəndlərinə hücum edən ermənilər evləri talan edir, sonra da od vururdular. Məcbur qalıb yurdumuzu tərk etsək də, xəyalımız hələ də o dağlarda, meşələrdə qalıbdı. Bizim kimi yüzlərlə ailə həmin illərdə öz doğma ocaqlarından didərgin düşdü. İllər keçsə də, yaramız hələ də qabıq qoymayıb. Dövlətimizin apardığı düzgün siyasət nəticəsində inanırıq ki, biz öz doğma yurdlarımıza geri dönəcəyik. Bu inam əbəs yerə deyil – 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə bizdə bu inamı yaradıb.
    Ailə ilə həmsöhbət vaxtı onların şəkillərinə baxıram. Nəcibə xala oradan gətirdikləri fotoları masanın üstünə düzərkən gözündən damla-damla axan yaşı gördükcə daha yaxşı anlayıram onun ürəyində yanan atəşin necə alovlandığını. Bu yurd həsrəti idi, heç bir həsrətə bənzəməyən həsrət. Ancaq doğma torpağa qovuşanda, vüsala çatanda bitən həsrət. Biz hamımız, bütün Azərbaycan xalqı vüsalın yaxınlaşdığını hiss edirik. Bilirik ki, Müzəffər Ali Baş Komandan yurdundan ayrı qalan Ağalı sakinlərini öz evinə qovuşdurduğu kimi, Dərələyəzdən, Vedidən, Mehridən didərgin salınan insanları da öz yurduna qaytaracaq. Və həmin gün öz yurdundan uzaqda uyuyan insanların ruhu sakitlik tapacaq.

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 30.03.2023 19:24