AZ EN RU

Yüksəkkeyfiyyətli yerli istehsal məhsulları istehlakçılar tərəfindən rəğbətlə qarşılanır

    Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks tədbirlər sənaye və aqrar sahənin inkişafında müsbət nəticələrin əldə olunmasına, yeni istehsal müəssisələrinin yaradılmasına, mövcud istehsal müəssisələrinin fəaliyyətinin daha da gücləndirilməsinə şərait yaratmışdır. Bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də qəbul olunmuş mühüm Dövlət proqramları, aparılmış məqsədyönlü islahatlar sürətli və dayanıqlı iqtisadi inkişaf modelinin formalaşmasına səbəb olmuşdur. İcrası uğurla həyata keçirilən bu pro­qramların başlıca məqsədi muxtar respublikada istehsal olunan məhsulların rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, keyfiyyət göstəricilərinin standartlara uyğunluğunun təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq keyfiyyətin artırılması və rəqabətədavamlı məhsul istehsalının təşkili əsas vəzifə kimi qarşıya qoyulmuş, bu ilin oktyabr ayında, ümumilikdə, məhsulların 41, o cümlədən qida məhsullarının 40 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir. 
    Qəbul edilmiş müvafiq Dövlət pro­qramlarının icrası istiqamətində ötən ay emal olunmuş kənd təsərrüfatı məhsullarının 20, meyvə-tərəvəz məhsullarının isə 6 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən edilmişdir. Hesabat dövründə ailə təsərrüfatlarında istehsal edilən məhsullar üçün 2, müəssisədə istehsal olunan məhsullar üçün 2, ümumilikdə  isə emal edilmiş kənd təsərrüfatı məhsulları üçün 4 etiket layihəsinin standartlara uyğun hazırlanmasına köməklik göstərilmişdir. 
       Oktyabr ayında “2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planı”nın icrası istiqamətində sənaye məhsullarının 31 halda laboratoriya analizləri aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində 7 ailə təsərrüfatı üçün istehsal etdikləri məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılmasını, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə 28 etiket layihəsinin hazırlanmasına metodik köməklik göstərilmişdir. Cari ilin 15-16 oktyabr tarixlərində keçirilmiş “Arıçılıq məhsulları-bal festivalı”nda satışa çıxarılan məhsulların üzərinə vurulması üçün, ümumilikdə, 350 hazır etiket ailə təsərrüfatlarına təqdim olunmuşdur. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün İqtisadiyyat Nazirliyi ilə birgə məhsullardan 5 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin texniki-normativ-hüquqi aktların, standartların tələblərinə uyğunluğu müəyyən edilmiş və sınaq protokollarının surəti aidiyyəti üzrə ailə təsərrüfatlarına çatdırılmışdır.
    2017-ci il 25 iyul tarixli beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi üçün verilmiş tapşırıqların, “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində Bakı şəhəri və digər bölgələrimizə tələbata uyğun olaraq davamlı qaydada ailə təsərrüfatı məhsullarının göndərilməsi təmin edilir. 
    Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilmiş müşavirədə verilən tapşırıqların və “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitar-gigiyena norma və qaydalarına əməl olunması istiqamətində aparılan tədbirlər çərçivəsində Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə ok­tyabr ayında 30 təsərrüfat subyektinin rəhbəri ilə maarifləndirmə xarakterli görüşlər keçirilmiş, müvafiq tövsiyələr verilmişdir. Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində isə ötən ay Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə birgə heyvan mənşəli məhsul istehsal edən 3 müəssisədə maarifləndirici görüş keçirilmiş, məhsullardan 3 halda nümunələr seçilərək laboratoriyaya təqdim edilmiş, analizlər üzrə heyvan mənşəli xəstəlik və ya bakteriya aşkar olunmamışdır.
    Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə idxal olunan qızdırıcı elektrik və qaz cihazlarına baxış keçirilmiş, müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan cihazların idxalı və satışı məhdudlaşdırılmışdır. Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikası 
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidməti 

Nəşr edilib : 24.11.2022 20:18