AZ EN RU

Yüksəkixtisaslı personal, müasir tibbi metodlar və münasib qiymət

Sağlam dişlərə və xoş təbəssümə qovuşmağınız artıq ən yaxın ünvanda

    Həkimlər deyirlər ki, insan səhhəti, əsasən, diş sağlamlığından asılıdır. Onların qənaətinə görə, hətta təkcə bir dişin olmaması belə, həzm sisteminə mənfi təsir edir. Bu isə gələcəkdə ciddi xəstəliklərə gətirib çıxarır. Məhz buna görə dişlərə düzgün qulluq etmək, onları qorumaq, vaxtında müalicə etmək və tələbat yarandığı halda implantlaşdırmaq lazımdır. 

    Muxtar diyarımızda da bütün sahələr kimi, stomatologiyanın inkişafı üçün görülən işlər, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, infrastrukturun yaradılması, eləcə də yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər burada insan amilinə verilən dəyərin təcəssümüdür. Bu ilin yanvar ayında yenidən qurularaq istifadəyə verilən müasir sağlamlıq ocağı “İmplant Dent Nakhchivan” Stomatoloji Klinikası da tibbin ən son yeniliklərinə əsaslanan tibbi cihaz və avadanlıqları ilə muxtar respublika sakinlərinə nümunəvi xidmət edir. Buradakı fəaliyyətlə bağlı məlumat almaq üçün klinikanın baş həkimi, stomatoloq Rauf Cəfərovla iş başında görüşüb, həmsöhbət olduq. 

    Əvvəlcə onu qeyd edək ki, səhiyyə ocaqlarında xidmətin səviyyəsi təmizlik və sanitariya vəziyyətinə xüsusi diqqət yetirilməsi ilə ölçülür. Klinikada təmizliyə riayət girəcəkdə yerləşdirilən baxıl aparatından bəlli olur. Ağappaq döşəmə, içərini çıraqban edən işıqlandırma, gözləmə salonunda gözoxşayan qeyri-adi dizayn, gülərüz personal içəri daxil olan andan bəri diqqəti çəkir. Burada yaradılan oxunması zəruri olan kitablardan ibarət guşə isə gözləmə salonunda olan pasiyentlərin vaxtının səmərəli keçməsinə imkan yaradır.  

    Həkim deyir ki, “İmplant Dent Nakhchivan” Stomatoloji Klinikası zərurətdən yaranıb. Çünki vaxtilə Azərbaycanda təkcə Bakı şəhərində diş implantı üçün klinika mövcud idi. Çox keçmədi ki, Naxçıvanda diş implantı kabinəsinin yaranması ilə bağlı tapşırıqlar verildi. 2005-ci ilin dekabr ayında insanların sağlamlığına xidmət edən stomatoloji klinika fəaliyyətə başladı. Artıq 17 ildir ki, insan sağlamlığı üçün keyfiyyətli zəmin yaradan klinika əvvəllər 100 kvadratmetr ərazidə fəaliyyət göstərirdisə, əldə edilən güzəştli kreditlər sayəsində bu sahə genişləndirilərək 2 dəfədən çox artırılıb. İki mərtəbədən ibarət olan klinikanın birinci mərtəbəsində qeydiyyat, sterilizasiya, müayinə, həkim kabinələri və rentgen otaqları yerləşir. Klinikada İtaliya, Cənubi Koreya və Almaniya kimi qabaqcıl ölkələrin istehsalı olan avadanlıqlar quraşdırılaraq tibbin ən son yenilikləri tətbiq edilir. Yeni rentgen avadanlığı vasitəsilə muxtar respublikada ilk dəfə 3D rentgen müayinəsi həyata keçirilir. Klinikanın ikinci mərtəbəsində isə həkim, sterilizasiya, tədris və əməliyyat otaqları yerləşir. Ən müasir imkanların mövcudluğu burada əməliyyatların uğurla aparılmasını şərtləndirməklə yanaşı, eyni anda bir neçə pasiyentin qəbulunu təmin edəcək. Buradakı avadanlıqların bir çoxu ölkəmizdə ilk dəfə tətbiq olunan müasir tibbi texnologiyadır. 
    Stomatologiyanın inkişafında Azərbaycan İmplantoloq İctimai Birliyinin xüsusi rolu olduğunu bildirən həkim birliyin təşkilatçılığı ilə Naxçıvanda mütəmadi olaraq seminar və elmi-praktik konfranslar keçirildiyini, bunun tələbələrin gələcək fəaliyyətlərində peşəkar həkim kimi formalaşmasında mühüm rol oynadığını qeyd etdi. Həkimin sözlərinə görə, stomatoloq həkimlər və bu sahə üzrə təhsil alan tələbələr mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq miqyaslı konfranslarda, simpoziumlarda, beynəlxalq layihələrdə iştirak edirlər. Rauf Cəfərov onu da vurğuladı ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ictimai birliyin bu sahədəki fəaliyyəti yüksək qiymətləndirilib və muxtar respublikada həkim-stomatoloqların hazırlanması sahəsində fəaliyyətlərinə görə Azərbaycan İmplantoloq İctimai Birliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilib. 
      Kifayət qədər iş təcrübəsinə malik olan Rauf həkim əvvəlki illərlə müqayisədə tibb elmində, xüsusən də stomatologiya sahəsində yeni texnologiyaların tətbiqinin əhəmiyyətindən danışaraq muxtar respublikamızdakı müasir tibb ocaqlarının infrastrukturu və burada tətbiq olunan yeni avadanlıqlar barədə də ətraflı məlumat verir. Deyir ki, indi tibdə, xüsusilə də stomatologiya sahəsində elə müasir avadanlıq və müalicə texnologiyaları tətbiq olunur ki, onları nəinki 10 il, hətta iki-üç il əvvəlkilərlə müqayisə etmək çətindir. Müasir kompüter texnologiyası ilə ən həssas müayinələri tam dəqiqliklə həyata keçirmək mümkündür ki, bu da həkimlərin işini xeyli asanlaşdırır. 
    Həkim onu da qeyd etdi ki, müasir dövrümüzdə bir sıra səbəblərdən diş xəstəlikləri xeyli cavanlaşıb. Buna görə də indi dişlərin müayinəsi və müalicəsi üçün müraciət edən pasiyentlərin də sayı artıb. İnsanlar daha çox profilaktik məqsədlə diş həkimlərinə müraciət edirlər ki, bu da stomatoloqlar üçün əlavə məsuliyyət deməkdir. Bu gün artıq insanlar maariflənib, təbii dişin əvəzini heç nəyin vermədiyini yaxşı bilirlər.
    Onu da diqqətinizə çatdıraq ki, Rauf həkim həm də bu sahədə fundamental elmi-tədqiqat işləri ilə də məşğuldur. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Əczaçılıq və stomatologiya kafedrasında baş müəllim işləyən Rauf Cəfərov 2015-ci ildə “Naxçıvan Muxtar Respublikasında əhali arasında əsas stomatoloji xəstəliklərin yayılması və stomatoloji xidmətin optimallaşdırılması” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb. Türkiyə, Rusiya, Litva, Ukrayna, İsrail, Misir, İran və digər ölkələrdə beynəlxalq konfranslarda iştirak edib, ixtisaslaşma kurslarında olub. O, qazandığı bütün uğurlara görə dövlətimizə bir daha minnətdarlıq edərək muxtar respublikamızda səhiyyənin inkişafına göstərilən dövlət qayğısından qürurla danışdı.
    Klinikada diqqətçəkən ən mühüm yeniliklərdən biri isə Naxçıvan Dövlət Universitetinin Stomatologiya kafedrasının tələbələri üçün tədris otağının yaradılmasıdır. Bu otaqda tələbələr nəzəri biliklərlə yanaşı, implant əməliyyatlarını birbaşa izləməklə də mühüm təcrübə əldə edirlər. “İmplant Dent Nakhchivan” Stomatoloji Klinikasında tədris otağının mövcudluğu bu sahədə təhsil alan tələbələrin yeni biliklər və təcrübə əldə etmələrinə geniş imkanlar açır.
    Klinikada təcrübə keçən Naxçıvan Dövlət Universitetinin Tibb rezidenti Səmayə Əsgərli ilə də söhbətimiz buradakı tədris imkanlarının yüksəkixtisaslı kadr hazırlığının gələcək uğurlarına böyük əminlik yaratdı: Tibb sahəsini seçən tələbənin həkim kimi yetişməsi üçün əsas açar onun praktik biliyidir. Biz də bu klinikada universitetdə qazandığımız nəzəri biliyimizi praktik cəhətdən təkmilləşdiririk. Burada yaradılan tədris otağı ona imkan verir ki, bizə aydın olmayan məsələləri  klinikada praktik təcrübələr zamanı həkim Rauf Cəfərovdan daha geniş şəkildə öyrənək. Tədris otağının müsbət tərəflərindən biri isə klinikada yaradılan əməliyyat otağında aparılan əməliyyatları birbaşa tədris otağında quraşdırılan elektron lövhədə izləməkdir.
    Otaqları gəzərkən gənc stomatoloq Dilrubə Abdullayeva ilə də tanış olduq. Onun fikrincə, stomatoloq işi reqlamentli işdir. Yəni sənin daimi və dəqiq iş qrafikin var. Çünki bu sahəyə tələbat həddindən artıq çoxdur. Xüsusilə də iş prosesindən tutmuş klinikanın təchizatına, sanitar təmizliyinə qədər hər şey yüksək səviyyədə olduqda etibarlılıq yaranır və nəticədə müraciətlərin sayı da artır. Həkim deyir ki, səhiyyə xidməti zamanı pasiyentlərlə səmimi, gülərüz davranmaq iş prinsipimizdir. Xüsusən keyfiyyətli müalicə prosesində pasiyentin həkimdən və onun işindən razı qalması çox vacibdir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın tibb peşəsinə aid ədəbiyyatlarından da bu prosesləri dərindən öyrənmişik və təcrübəmizdə istifadə edirik. Məhz bu cür yanaşma bizə müraciət edən pasiyentlərin sevgisini qazanmağımızın əsas səbəbidir.  Hər kəsi qane edən qiymətlərlə yüksək keyfiyyət  təklif  edirik. Qəzetiniz vasitəsilə diyarımızın sakinlərinə çatdırmaq istəyirəm ki, mərkəzin tibbi personalı sizi daim gülərüzlə qarşılamağa və sağlamlığınızın qayğısına qalmağa hazırdır.  Tibbi personalın məqsədi sizə sağlam dişlər,  daim təbəssüm və rahat həyat bəxş etməkdir.
    Müayinə otaqları ilə tanışlıq zamanı pasiyentlərdən biri ilə də söhbət etmək imkanımız oldu.  Diş sağlamlığını yalnız Rauf Cəfərova etibar edən Natiq Novruzov dedi: – Artıq neçə ildir ki, istər mənim, istərsə də tanışlarımın dişlərində narahatlıq duyan kimi Rauf həkimə müraciət edirik. Əvvəl bu klinika bu qədər geniş, rahat deyildi, həm də belə müasir tibbi avadanlıqlarla təchiz olunmamışdı. İndi klinikada o qədər gözəl şərait yaradılıb ki, buraya gələn getmək istəmir. Təchizat çox yüksək səviyyədədir. Əvvəlcə ağız boşluğum rentgen müayinəsindən keçirildi, indi isə dişlərimdə müalicə işləri aparılır. Diyarımızda insan amilinə verilən dəyərə, bizim üçün yaradılan şəraitə görə minnətdaram. 
    Dişlər təkcə yaxşı qidalanma deyil, həm də gözəl təbəssüm deməkdir. Ona görə də son vaxtlar ən dəbdə olan və ən çox tələbat görülən estetik olaraq dişlərin kimyəvi ağardılması da mərkəzdə  ən səmərəli, ən təhlükəsiz və ən asan üsulla həyata keçirilir. 
    Nəticə etibarı ilə, vurğulayaq ki, muxtar respublikada həyata keçirilən səhiyyə islahatları stomatologiyanın da inkişafını təmin edib. Peşəkar stomatoloqların və müasir stomatoloji klinikaların sayının artması da bu inkişafın göstəricisidir. “İmplant Dent Nakhchivan” Stomatoloji Klinikası isə bu inkişafın ən yüksək nailiyyətlərindən biri kimi yüksəkixtisaslı personal, ən müasir avadanlıq və tibbi metodlar, ən əsası isə münasib qiymətlərlə diş xəstəliklərindən əziyyət çəkən və gözəl dişlərə sahib olmaq istəyənlərin yolunu gözləyir.

Gülcamal TAHİROVA

Nəşr edilib : 05.04.2022 18:51