AZ EN RU

Yüksək mədəni zövqün formalaşmasına xidmət edən tədbirlər maraqla qarşılanıb

    Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən sentyabr ayı ərzində müxtəlif mədəni-kütləvi tədbirlər – konsertlər, müsabiqələr, tamaşa nümayişləri təşkil edilmiş, insanların mədəni istirahətinin təşkili diqqətdə saxlanılmışdır. Mədəniyyət Nazirliyi iş planına uyğun olaraq müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

        “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Muzeyi tərəfindən Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması işi davam etdirilmiş, Ulu Öndərə həsr olunmuş yaradıcılıq müsabiqələrinin qalibləri təltif edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət, Elm və Təhsil nazirliklərinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən “I Uşaq İncəsənət Festivalı”nın 1-9 sen­tyabr tarixlərdə Bakı şəhərində keçirilən final mərhələsində muxtar respublikadan 42 nəfər fərdi və 2 kollektiv iştirak etmiş, 2 nəfər I yerə, 1 nəfər II yerə, 2 nəfər iştirakçı və 2 kollektiv III yerə layiq görülmüşdür. Həmçinin muxtar respublikanın mədəniyyət ocaqlarında Ulu Öndərə həsr olunmuş müxtəlif tədbirlər gerçəkləşmiş, sərgilər qurulmuşdur. 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ildə pasportlaşdırılması nəzərdə tutulan 30 abidə müəyyənləşdirilmiş, siyahısı hazırlanmış, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmişdir. Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlarının hazırlanması işləri üzrə layihə tapşırığı və dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı siyahılar hazırlanmışdır.
    Milli Musiqi Günü ilə bağlı Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında və “Üzeyir Hacıbəyli – XV Beynəlxalq Musiqi Festivalı” çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yaddaqalan konsert proqramı ilə çıxış etməsi ötən ayın diqqətçəkən mədəni hadisələrindən biri olmuşdur.
    Ötən ay, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilmiş, aparılmış arxeoloji ekspedisiyaların yekunları barədə hesabatlar qəbul olunmuşdur. Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən qərbi azərbaycanlı sakinlərdən yer adları və folklor nümunələri toplanmışdır.
    Ötən ay Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasının bərpa məşqləri, Elçinin “Şekspir” və J.B.Molyerin “Skapenin kələkləri” əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmışdır. Həmçinin teatrın kollektivi Gəncə Dövlət Dram Teatrında Viktor Hüqonun “Edama məhkumun son günü” əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş etdirmişdir. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Qarınqulu ayı balası”, Naxçıvan Dövlət Uşaq Teatrında T.Seyidovun “Şir ağa və yumruçanaq tısbağa” tamaşasının məşqləri aparılmış, repertuarda olan tamaşaların nümayişi olmuşdur.
       Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmiş, nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmış, seminar-treninq, interaktiv və açıq dərslər, mühazirələr, görüşlər keçirilmiş, türkiyəli rəssam Nilgün Ayşecik Çeviyin “Mömine Hatun türbesi” rəsm əsəri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən Möminə xatın türbəsinə hədiyyə edilmişdir. Sentyabr ayında muzeyləri 29 min 225 nəfər yerli, 19 min 57 nəfər əcnəbi olmaqla, ümumilikdə, 48 min 282 nəfər ziyarət etmiş, muzeylərə 202 yeni eksponat daxil olmuşdur. 
    Sentyabr ayında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində müxtəlif görüşlər, kitab müzakirələri, əlamətdar və tarixi günlərlə bağlı sərgilər və müxtəlif tədbirlər reallaşdırılmışdır. Ötən ay, ümumilikdə, kitabxanalarda yeni oxucu sayı 953, oxucu gəlişi 9 min 241, kitab verilişi isə 56 min 183 nüsxə olmuşdur.
    Ötən ay Mədəniyyət Nazirliyinin yeni – www.nculture.gov.az saytının fəaliyyətə başlaması Nazirlik və media resursları arasında əlaqələrin qurulmasına, informasiya axınının düzgün təşkilinə daha geniş imkanlar açmışdır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.10.2023 19:38