AZ EN RU

Yubileyin mübarək, əzəmətli yurdum!

“Dünyanın naxışı” dedilər Naxçıvanıma. Təkcə gözəlliyinə görə yox, həm də qüdrətinə, təmkininə, qədimliyinə, yetişdirdiyi sənətkarlara, qəhrəmanlara görə...
Naxçıvanım zaman-zaman düşmənlərin tamah dişinə tuş oldu. Ancaq mərd dayandı, heç vaxt düşmənə baş əymədi. Tarixin səhifələrinə öz möhürünü vurdu. Azərbaycanın qüdrətli dövlətinin – Atabəylər səltənətinin mərkəzinə çevrildi. Həmin dövrün yadigarı, məhəbbət və sədaqətin əzəmətli simvolu – Möminə xatın türbəsi Naxçıvanımın köksündə dikəldi. Ağlın, bacarığın, sənətkarlığın, zəkanın nəticəsi olaraq dünyaya meydan oxudu. Bu möhtəşəm abidənin memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani öz nisbəsi ilə həm özünün, həm də yaratdığı əsərin dövrün sərt sınaqlarından üzüağ çıxaraq bu torpağın qədimliyinin və şöhrətinin gələcək nəsillərə çatdırılmağına inanırdı.
Doğma yurdum! Sən övladlarını sevdiyin kimi, övladların da səni sevdi. Sənin qoynuna sığınmağa, əbədi uyumağa can atdı. Sənin qoynundan sənət meydanına atılan, bəşəri ideallar carçısı, gözəllik və sevgi şairi, bütün insanları və insanlığı sülhə çağıran ulu Cavid kimi... 41 il Sibirin buzlu, çovğunlu, qarlı, şaxtalı çöllərində narahat ruhu göylərdə dolaşan şair doğma anasına – Naxçıvana qovuşacağı günü gözlədi. Onun qəriblikdə dolaşan narahat ruhunu elə bu torpağın yetişdirdiyi qeyrətli övladı Ulu Öndər Heydər Əliyev sakitləşdirə bildi. Hüseyn Cavidin nəşi Uzaq Sibirdən doğma Naxçıvana gətirildi. Səhv qərarların pərən-pərən saldığı bir ailənin övladları Naxçıvanın mehriban qoynunda əbədi dinclik tapdı. Ölüm başqalarını ayırarkən Cavidlər ailəsini birləşdirdi...
Böyük torpağın kiçik parçası, dünyanın ən gözəl məkanlarını geridə qoyan, ata ocağım – Naxçıvanım! Ulu babalarımızdan, ağbirçək nənələrimizdən miras qalan, ruhumuza çökən, bizi saflaşdıran, mənəviyyatımızı bütövləşdirən dini inanclarımızın müqəddəs ocağıdır ulu diyarım! Bəlkə, bu da Allahın bu balaca yurduma lütf etdiyi ən böyük nemətidir! Adı müqəddəs “Qurani-Kərim”də keçən, dünyanın müxtəlif yerlərindən dəstə-dəstə ziyarətinə gəldikləri Əshabi-kəhf də sənin qismətinə düşdü. Çünki sən yarandığın gündən pak və ucasan. Bu paklığın rəmzi həm də sənin qoynundan fəvvarə vuran, göz yaşı kimi dumduru, min bir dərdin dərmanı olan şəfalı sularındır, şüşə kimi büllur havandır, yüz cür nemət bitirən bərəkətli torpağındır. Dastanlarımızın, romanlarımızın, şeirlərimizin, mahnılarımızın ilham mənbəyi – Naxçıvanım!
Ulularım, hökmdar və xan babalarım cəsarəti, igidliyi, mərdliyi səndən aldılar, ulu yurdum! Sonrakı nəsillər də ulu babalarından bəhrələndilər. Tarixin ən mürəkkəb və çaxnaşıq vaxtında sən düşmən qabağında mərdliklə dayandın.
Birinci Qarabağ müharibəsi zamanı Sədərək döyüşləri bu qəhrəmanlığın əyani sübutu idi. Qarabağda qanlı döyüşlər gedib torpaqlarımız işğaldan azad olunanda Naxçıvan əhalisi öz torpaqlarını göz bəbəyi kimi qoruyurdu. 1990-cı illərdə düşmən doğma Naxçıvanıma daha güclü zərbə vurmaq istədi. Bu yurdu işıqsız, qazsız, ərzaqsız qoydu. O illərdə Naxçıvan tam blokada şəraitində idi. Lakin mərd xalqım sınmadı, əyilmədi, əksinə, daha da sıx birləşdi, çətin günlərdə bir-birinə dayaq oldular, qonşu tikəsini qonşu ilə bölüşdü. Həmin ağır günlərində sənin isti qucağına daha məhəbbətlə sığındıq, bizə nəsib etdiyin nemətlərindən, insanların bir-birinə təmənnasız mərhəmətindən, qüdrətindən, səngərli qalalarından, dağlarından güc aldıq. Düşmən bundan qorxdu, səksəndi, hücum planından, sənin torpağına ayaq basmaqdan çəkindi.
Böyük yurdumun kiçik alınmaz qalası, Naxçıvanım!
Mənfur düşmənin çirkin niyyətindən  çəkinməyərək yavaş-yavaş çətinliklərdən çıxmağı bacardın, özünə gəldin. Övladların sənin tarixi qüdrətini özünə qaytardılar. İstiliyin, işığın sönmədi, daha da gurlandı, alovlandı. Yeni tipli məktəblər, xəstəxanalar, elm ocaqları, sənaye mərkəzləri, mədəniyyət ocaqları sıralandı. Yollar abadlaşdı, yaşıllıqlar göz oxşadı. Körpə fidanlar – məktəblilər yeni texnologiya avadanlıqları ilə təmin olunmuş doğma məktəblərin sinif otaqlarına tələsirdilər.
Gözəl yurdum! Səni daha ağır bir imtahan gözləyirdi. Azğın düşmənin caynağına keçmiş, sənin qonşuluğunda yerləşən, ağrılı yerimiz Qarabağı azad etmək, o yurdun əsl sahiblərini öz yurd-yuvalarına qaytarmaq!
2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsi səni də müharibəyə səslədi. Bu çağırışa cavab verən qəhrəmanların heç çəkinmədən, qorxmadan, gözünü belə qırpmadan azadlıq müharibəsinə tələsdilər. Səfərbərliyə yüzlərlə igid oğul və qızların qoşuldu. Yenə ağır sınaq, ağır imtahan qarşısında qaldın, doğma Naxçıvanım! Quru yolların qalmamışdı anam Azərbaycanla. Əhalinin gözü səmada, qulağı səsdə idi. Vətən, torpaq uğrunda şəhid övladlarını gətirən təyyarələr bir tərəfdən göz yaşlarımıza, digər tərəfdən, fəxarət hissimizə vəsilə oldu. Övladların heç vaxt görmədiyi, üstündə gəzmədiyi sehrli, möcüzəli torpaqları qarış-qarış düşmən tapdağından təmizlədilər. Qarabağın zümrüd qaşı Şuşanın mərkəzində məhz sənin övladın qarmonda “Qarabağ şikəstəsi” çaldı, sanki yanan ürəklərə öz əzəmətli notları ilə sərin su çilədi. Mədəniyyət ocağımız, xan babalarımızın əmanəti, Bülbül, Üzeyir, Natəvan, Zakir nəfəsli torpaq, Vaqifin əbədi məskəni Şuşanın dağlarına, daşlarına, divarlarına Naxçıvan ərənlərinin imzası həkk olundu, nəfəsi hopdu. İndi Naxçıvanın hər bölgəsində o haqq savaşının şahidi uyuyur, sinəsi orden, medallarla bəzənmiş qazisi, veteranı, zabiti qürurla addımlayır.
Tarixin növbəti səhifələrinə yenə də sənin adın yazıldı, Qarabağın azadlıq kitabına bir Naxçıvan başlığı əlavə olundu. Sehrindənmi, möcüzələrindənmi, qüdrətindənmi danışım? Yüzlərlə şanlı günlərinin hansından söhbət açım?
Dünyanın yarısını lərzəyə salan, hökmünə, qorxusuna, zəhminə çox ölkələrin hökmdarlarının baş əydiyi, təzim etdiyi fatehlər fatehi Əmir Teymuru kiçik bir qalanla 14 il susdurmadınmı? “Əlincə” adı çəkiləndə dişlərini qıcayan bir xaqanı qüdrətinlə diz çökdürmədinmi? Elə həmin vüqarlı qala bu gün də turistlərin ziyarət etdiyi daş abidələrindən biridir.
Bəlkə, qoynunda gizlətdiyin möcüzələrdən danışaq? Bəşəriyyətin yaşam səbəbi, nəfəs yollarının müalicəsinə kömək edən, min illərdir, tükənməyən, min illərdən sonra da tükənməyəcək duz dağlarının sehrli səsini çox uzaq ellərdən aldığı soraqdanmı? Daxili xəstəliklərin, mədə-bağırsağın dərmanı şəfalı mineral bulaqlarındanmı?
“Bir kərə yüksələn bayraq bir daha enməz”, – deyən azadlıq mücahidi Məmməd Əmin Rəsulzadə, görəsən, inanardımı ki, 1920-ci ildə zor gücünə endirilən üçrəngli bayrağımız ikinci dəfə məhz Naxçıvanda, elə bu torpağın qeyrətli və vətənpərvər oğlu Ümummilli Lider Heydər Əliyev tərəfindən yenidən Vətən göylərində əzəmətlə dalğalandırılacaq?! Bu simvolik bir işarə deyildimi? Əziyyət çəkən, tam blokadaya salınan, Azərbaycan tarixinə qızıl hərflərlə azadlıq, müstəqillik zəfərləri yazdıran məkanca kiçik, məzmunca böyük qəhrəmanlar yurdu doğma Naxçıvanım bu ucalığa, bu məqama tam layiq bir ərazi, bir məkan idi!
Doğma diyarım! Uşaqlığımın, gəncliyimin, tələbəlik illərimin, xatirələrlə dolu günlərimin şahidi gözəl məkanım – Naxçıvanım! Günlər aylara, aylar illərə, illər əsrlərə adlayacaq. Sən anamız Azərbaycana qovuşacaqsan. Gündəmi zəbt edən Zəngəzur dəhlizi arzusu reallaşacaq, sən Türk dünyasına açılan qapı olacaqsan. Sənə həsrətlə, hərisliklə baxan düşmənin arzusu gözündə qalacaq, pis niyyətləri alt-üst olacaq. Bir daha sənə kəc baxmağa cəsarət etməyəcək.
Sən Şərqə səfər edənlərin yolüstü dayanacaq məntəqəsi olacaqsan... Sənin gözəlliyin, müqəddəsliyin, qonaqpərvərliyin, əyilməzliyin insanları heyrətə gətirəcək.
Yaradılışın, ad günün, 100 yaşın mübarək, ata yurdum, ana əmanətim, Nuh Peyğəmbərin ocağı – Naxçıvanım! 

Məlahət TAĞIYEVA
Məqalə “Şərq qapısı” qəzetinin elan etdiyi 
“Naxçıvan 100 ildə” yaradıcılıq 
müsabiqəsinə təqdim etmək üçündür

Nəşr edilib : 29.04.2024 11:21