AZ EN RU

Yubiley tədbiri keçirilmişdir

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında yazıçı, pedaqoq, filologiya elmləri doktoru Həmid Fərhad oğlu Əliyevin (Həmid Arzulu) anadan olmasının 85 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Həmid Arzulu Naxçıvanda yaşayıb yaradan ziyalılarımızdan biridir. O, ədəbiyyat aləminə şeirlə gəlmiş və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Azərbaycan milli şeirinin müxtəlif formalarında yazdığı lirik, ictimai-siyasi mövzuda olan şeir və poemaları Həmid Arzulunun poeziya sahəsində çoxşaxəli yaradıcılığa malik olduğunu göstərir. Həmid Arzulu həm də alman dilindən bədii tərcümə sahəsində geniş tədqiqat aparan və bu sahədə dissertasiya müdafiə edən ilk alimlərimizdən biridir.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı-şair, dramaturq, publisist Asim Yadigar “Həmid Arzulunun həyatı və yaradıcılığı”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Həmid Arzulunun pyesləri Naxçıvan səhnəsində” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova “Həmid Arzulunun dramaturgiyası” adlı mövzularla çıxış edərək bildirmişlər ki, Həmid Arzulu alman klassik şairlərindən Henrix Heynenin “Hars səfəri” povestini, Yohan Volfqanq Hötenin məşhur “Qərb-Şərq” divanını, Qothold Efraim Lessinqin alman dramaturgiyasının incisi hesab edilən “Müdrik Natan” mənzum dramını və s. əsərləri dilimizə tərcümə edərək nəşr etdirmişdir.

O geniş oxucu kütləsinə həm də yazıçı-dramaturq kimi tanışdır. Onun Naxçıvan Dövlət Milli Dram Teatrında altı əsəri - dörd dram əsəri, bir komediyası və bir lirik-psixoloji pyesi tamaşaya qoyulmuşdur.

Naxçıvanın qəhrəmanlıq tarixini müntəzəm olaraq ədəbiyyatımıza gətirməkdə Həmid Arzulunun xidməti təqdirəlayiqdir. Onun “İnam”, “Əlincə Qalası”, və “İtilənən xəncərlər” pyesləri, “Qaçaq Quşdan”, “Qara Xəncər” romanları və “Günahsız şikəstlər” povesti ədibin doğma Vətəni Naxçıvanın qəhrəmanlıq tarixinə, azadlıq, müstəqillik uğrunda mücadiləsinə, namuslu və qeyrətli insanların 1937-ci illər repressiyasına və erməni faşistlərinin bu torpaqlarda törətdikləri qanlı cinayətlərə və deportasiyalara həsr edilmişdir.

O, həm də gözəl pedaqoq olmuşdur. Həmid Arzulu ömrünün 50 ilini müəllimliyə həsr etmişdir. Mərkəzi və yerli mətbuatda təhsilimizin ən aktual problemlərinə dair elmi-metodiki məqalələrlə çıxış etmiş, qabaqcıl müəllim və məktəblərin fəaliyyətini yorulmadan təbliğ etmişdir.

Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Naxçıvan Musiqi Kollecinin tələbələri iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

 Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.05.2022 15:20