AZ EN RU

Yol təsərrüfatı və nəqliyyatın inkişafı sahəsində nəzərdə tutulan tədbirlər uğurla reallaşdırılır

    Naxçıvan Muxtar Respublikasında əhalinin sosial rifahının yaxşılaşdırılması və iqtisadi sahədə əldə edilən nailiyyətlərin əsasında dayanan mühüm faktorlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra edilməsidir. Dövlət proqramında yol təsərrüfatı və nəqliyyatın inkişafı sahəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması da sosial-iqtisadi inkişafa təkan verən amillərdəndir. 
    Nəqliyyat sosial-iqtisadi təhlükəsizliyin əsas təminatlarından biri hesab olunur. Bu sahədə müasir infrastrukturun və intensiv hərəkətə malik nəqliyyat vasitələrinin mövcudluğu bir tərəfdən istehsal məhsullarının alıcıya vaxtında çatdırılmasına, digər tərəfdən fəaliyyətin səmərəli təşkilinə imkan verir. Cari ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Dövlət Nəqliyyat Xidmətinə 6 yeni elektrobus, Naxçıvan Beynəlxalq Hava Limanına teleskopik trap və maşın-mexanizmlər təqdim edilib. Təkcə cari ilin ilk altı ayı ərzində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, ümumilikdə, 16 kilometr uzunluğunda avtomobil yollarının yenidən qurulması başa çatdırılıb. Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolunun tikintisi davam etdirilib. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yararsız vəziyyətdə olan 1198 ağac şpal yeni şpallarla əvəz edilib, Culfa Lokomotiv Deposunda lokomotivlər 19 dəfə texniki baxışdan keçirilib, Culfa İstismar Vaqon Deposunda 27 vaqon təmir olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 31.08.2022 20:05