AZ EN RU

Yol-nəqliyyat hadisələri: onların baş verməsinin qarşısını necə ala bilərik

    Son yüzillikdə ictimai həyatın ən dinamik inkişaf edən sahələrindən biri də nəqliyyat sahəsidir. Bütün sahələrdə olduğu kimi, nəqliyyatın inkişafı da özünəməxsus problemlərlə müşahidə olunur ki, həmin problemlərin ən birincisi təhlükəsizliklə bağlıdır. Nəqliyyatın sürətlə artdığı dövrdə yol hərəkəti qaydalarının da əhəmiyyəti artmaqdadır. 

    Statistika göstərir ki, hər il dünyada yol-nəqliyyat hadisələri zamanı, təxminən, 1 milyondan çox insan dünyasını dəyişir, yaralananların sayı isə bundan, təxminən, 20 dəfə çox olur. Araşdırmalardan görünür ki, bu faciəvi göstəricinin mütləq əksəriyyətinin səbəbi insanların yol hərəkəti və nəqliyyat vasitələrindən təhlükəsiz istifadə qaydalarına əməl etməməklə onları pozmalarıdır. 
    Yol-nəqliyyat hadisəsi dedikdə küçə və yollarda nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən, insanların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almalarına, həmçinin nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisələr başa düşülür. Təcrübədə çox rast gəlinən yol-nəqliyyat hadisələrinə nəqliyyat vasitələrinin toqquşmasını, aşmasını, hərəkətdə olan nəqliyyat vasitəsinin dayanmış nəqliyyat vasitəsinə və yaxud yolətrafı qurğulara dəyməsini, piyadanı və ya velosipedçini, heyvanları, o cümlədən vəhşi heyvanları vurmasını misal göstərmək olar.
    Yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri isə müxtəlifdir. Belə ki, sürücülər tərəfindən sürət həddinin və ara məsafəsinin düzgün seçilməməsi, ötmə və manevr qaydalarının düzgün aparılmaması başlıca səbəblərdir. Bu sırada sürücülərin yol nişanlarının və yolun nişanlanma xətlərinin tələblərinə əməl etməməsini, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə və yaxud yorğun halda idarə olunmasını da qeyd etmək lazımdır. Digər səbəblərə gəldikdə hərəkət zamanı mobil telefondan və ya digər cihazlardan istifadə etmək, işıqforun siqnallarına məhəl qoymamaq, avtomobilin texniki nasazlığı, eyni zamanda piyadaların, sərnişinlərin və velosipedçilərin yol hərəkəti qaydalarını pozması xüsusi vurğulanmalıdır.
   Müsbət hal kimi onu da qeyd edək ki, həyata keçirilən tədbirlər son illər muxtar respublikada belə hadisələrin minimuma endirilməsinə imkan verib. Bu da  muxtar respublikanın yol infrastrukturunda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, diyarımızın ən ucqar dağ və sərhəd kəndlərinə gedən yolların texniki göstəricilərə və standartlara uyğun olaraq təmir edilməsi ilə bağlıdır. Bu həm də sərnişinlərin rahatlığına hesablanmış bir addım kimi hər kəs tərəfindən yüksək dəyərləndirilir.
    İkinci bir tərəfdən yol polisinin apardığı maarifləndirmə tədbirləri də muxtar respublikada yol hərəkəti qaydalarına həm sürücülərin, həm də piyadaların əməl etmələrini şərtləndirir.
    Son olaraq qeyd edək ki, yol-nəqliyyat hadisələrinin hansı səbəbdən baş verməsindən asılı olmayaraq, bütün yol hərəkəti iştirakçıları qaydalara riayət etməli, xüsusilə sürücülər daim diqqətli olmalı, idarə etdiyi avtomobili saz vəziyyədə saxlamalı, mümkün olan bütün təhlükəsizlik tədbirlərini görməklə yanaşı, muxtar respublikamızda yol hərəkəti mədəniyyətinin inkişafında yaxından iştirak etməlidirlər.

Ayaz İSMAYILOV
Naxçıvan Muxtar Respublikası 
Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi təbliğat üzrə 
baş inspektoru, polis kapitanı

Nəşr edilib : 02.11.2022 20:41