AZ EN RU

Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib

    Dünən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.
    Komissiyanın və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova 2023-cü ilin 6 ayı ərzində muxtar respublikada uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair hesabatla çıxış edib. Qeyd olunub ki,  muxtar respublikada uşaq hüquqlarının qorunması ilə bağlı aid təşkilatlar və komissiyalar tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması, davranışlarına nəzarət edilməsi, qanunazidd əməllərinin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görüb, monitorinqlər keçirib. Komissiyanın ekspert qrupu tərəfindən, ümumilikdə, 11 uşaq müəssisəsində, həmçinin Naxçıvan şəhəri, Şərur və Babək rayonu da daxil olmaqla valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 19 uşağın yaşadığı ünvanlarda monitorinqlər təşkil edilib.
    Bildirilib ki, hesabat dövrü ərzində muxtar respublikada uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, dünyagörüşünün artırılması, intellektual səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılıb, vətənpərvərlik və qəhrəmanlıq mövzularında 26 film nümayiş olunub, tarixi yerlərə və muzeylərə 18 ekskursiya təşkil edilib. Həmçinin ötən dövr ərzində 17 mədəni-kütləvi, eyni zamanda uşaq və yeniyetmələrin istedadlarının üzə çıxarılması, intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində, ümumilikdə, 306  tədbir keçirilib, sağlamlıq imkanları məhdud 16 uşağa evlərində səyyari kitabxana xidməti göstərilib. 21 sağlamlıq imkanları məhdud uşağın evində monitorinq keçirilib və 4 uşaq məktəbəqədər təhsil müəssisəsinə cəlb edilib. 
    Vurğulanıb ki, hesabat dövrü ərzində uşaq və yeniyetmələrin sağlamlığının qorunması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında 15 min 522 uşaq müayinə olunub, 9072 uşağa isə profilaktik peyvənd vurulub. 2023-cü ilin I yarım ili ərzində uşaq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar Qəyyumluq və Himayə komissiyalarına, ümumilikdə, 121 müraciət daxil olub. Valideyn himayəsindən məhrum 9 uşaq haqqında məlumatlar komitədə yaradılmış bazaya əlavə edilib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə 103 uşaq komitə tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub. 
    Ramilə Seyidova qeyd edib ki, komissiyalar bundan sonra da üzərinə qoyulan vəzifələrin icrasını layiqincə həyata keçirməli, müvafiq sahə ilə bağlı ortaya çıxan nöqsan və çatışmazlıqların qısa zaman ərzində aradan qaldırılması istiqamətində fəaliyyətini gücləndirməli, öz işini günün tələbləri səviyyəsində qurmağa çalışmalıdır. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin, Ordubad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın, Culfa Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın təhlil-hesabatları dinlənilib. 
    Sonda komissiyanın qərarı qəbul olunub.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 10.08.2023 18:54