AZ EN RU

Yerquruluşu və kadastr kabinəsi fəaliyyətə başlayıb

    Naxçıvan Dövlət Universitetində Yerquruluşu və kadastr kabinəsi fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev Ali Məclis Sədrinin müvafiq sərəncamlarına əsasən ixtisasların təşkilatlara hamiliyə verilməsinin əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırılıb ki, universitetdə 75 bakalavr dərəcəsi üzrə kadr hazırlığı həyata keçirilir ki, bunlardan 40-dan artıq ixtisas müxtəlif dövlət müəssisələrinə hamiliyə verilib. Qeyd edilib ki, bu gün savadlı kadrların yetişməsi, onların peşəkar mütəxəssis kimi formalaşması,  iş yerləri ilə təmin olunması dövlət orqanları ilə əməkdaşlığın nəticəsidir.  
    Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ali təhsil ocağını xəritə, ədəbiyyat, atlas, tədris vəsaitləri və müxtəlif cihazlarla təmin etməsi səmərəli kadr hazırlığı məqsədi daşıyır. Rektor fəaliyyətə başlayan Yerquruluşu və kadastr kabinəsinin sərbəst, diplom işlərinin, startap və layihələrin hazırlanmasında, peşəkar kadr hazırlığında əhəmiyyətli rol oynayacağını bildirib, kabinənin yaradılmasında göstərilən xüsusi diqqətə görə hami təşkilata universitet adından minnətdarlığını ifadə edib. 
    Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilən vəzifələrin icrası, hamiliyə verilən ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, yeni yaradılan kabinə tələbələrin elmi-nəzəri biliklərinin möhkəmləndirilməsində  mühüm əhəmiyyət kəsb edəcək. Kabinə tələbələrə praktik vərdişlərin aşılanması üçün lazım olan müasir alət və avadanlıqlar, kartoqrafiya materialları və dərs vəsaitləri ilə zənginləşdirilib. Kabinədə yerquruluşu, geodeziya, kartoqrafiya və kadastr işlərinin aparılması ilə bağlı stendlər quraşdırılıb, kadastr və inventarlaşdırma işlərinə dair müxtəlif illərdə tərtib olunan sənədlərin və xidmətin nəşrlərinin nümunələri qoyulub.
    Bildirilib ki, kabinədə elektron lövhə və zəruri proqram təminatı yüklənən kompüter dəsti quraşdırılıb. Onların xidmətlə onlayn əlaqəsi təmin edilib. Xidmətin əməkdaşları tərəfindən istifadə olunan müasir informasiya sistemləri,  tətbiq edilən texnoloji yeniliklər, həyata keçirilən proseslər haqqında ətraflı məlumat verilib.
    Tədbirin sonunda xidmət tərəfindən kabinəyə təqdim edilən avadanlıqlara, tədris vəsaitlərinə baxış olub.
    Məlumat üçün bildirək ki, tədris prosesində istifadə məqsədilə xidmət tərəfindən universitetə müxtəlifməzmunlu və miqyaslı xəritələr, qlobuslar, kompaslar, təkərli və lazerli məsafəölçənlər, elektron bucaqölçən, praktik geodeziya ölçmələrinin aparılması məqsədilə 1 dəst GPS, 1 əl GPS-i, 1 dəst elektron taxeometr, 1 dəst nivelir hədiyyə olunub.

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 12.05.2022 18:27