AZ EN RU

Yerli vergilərin əhəmiyyəti izah olunub

Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və  Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda rayon üzrə bələdiyyə sədrlərinin, üzvlərinin və vətəndaşların iştirakı ilə “Bələdiyyələrə ödənilən  yerli vergilərlə bağlı qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə  Ədliyyə Nazirliyinin Bələdiyyələrlə  iş  mərkəzinin  rəisi Xəyal   Eyvazov “Yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edib. Bildirib ki, respublikamızda yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bələdiyyə fəaliyyəti üçün əlverişli şərait yaradılır. Bələdiyyə orqanlarının fəaliyyətinin səmərəliliyi isə onların maliyyə təminatı ilə bağlıdır. Bələdiyyələrin maliyyə imkanlarının artması onların qarşısında duran yerli əhəmiyyətli məsələlərin  həllinə də öz müsbət təsirini göstərir.
“Bələdiyyələrə ödənilən vergi və ödənişlərin ödənilməsi qaydaları” barədə Dövlət Vergi Xidmətinin əməkdaşı Famil Həsənov əsas məqamlara toxunub. Qeyd edib ki, bələdiyyə orqanlarının büdcəsinin formalaşdırılmasında yerli vergilər və ödənişlər xüsusi  rol oynayır. Vergi qanunvericiliyi ilə müəyyən edilmiş yerli vergiləri tam həcmdə və vaxtında ödəmək vergi ödəyicilərinin borcudur. Vergilərin ödənilməsi qanunvericilikdə müəyyən olunmuş müddətdə və məbləğdə vergi ödəyiciləri tərəfindən həyata keçirilməlidir.
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, tədbir iştirakçılarına nazirlik tərəfindən hazırlanan “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair”  bukletlər  təqdim edilib.

Naxçıvan Muxtar Respublikası 
Ədliyyə Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 31.10.2023 18:12