AZ EN RU

“Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsinin nümayəndələri Naxçıvan Dövlət Universitetində olublar

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.

Universitet rəhbərliyi ilə keçirilən görüşdə AİB-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı, Azərbaycan Rezident Missiyasının rəhbəri Səbinə Cəfərova və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak ediblər.

Görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu ifadə edib.

Rektor belə startap layihələrinin keçirilməsində Naxçıvan Dövlət Universitetinin kifayət qədər təcrübəsi olduğunu önə çəkib və bir neçə gün öncə ali təhsil ocağının təşkilatçılğı ilə baş tutan “Robotex Azərbaycan” festivalı haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, Robotexdə mükafatlandırılan 163 komandadan 6-sı Naxçıvan Dövlət Universitetinin komandası olub.

Elbrus İsayev çıxışının sonunda bu işbirliyinin Naxçıvanda ümumi startap ekosisteminin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

Sonra layihə mütəxəssisləri və təmsilçiləri layihə çərçivəsində görüləcək işləri qeyd ediblər. Bildirilib ki, universitetdə təhsilalanların startaplar haqqında məlumatlılıq səviyyəsinin öyrənilməsi, startapların idarə olunması ilə bağlı təlimlər nəzərdə tutulub. Universitetin strategiyasının innovasiyalar və startaplar baxımından təhlili, informasiya transferi, eləcə də universitetin startaplarla bağlı yerli və beynəlxalq əlaqələrinin genişləndirilməsi əsas məsələlərdəndir.

Görüşdə həmçinin, bu istiqamətdə “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Sonra AİB-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı, Azərbaycan Rezident Missiyasının rəhbəri Səbinə Cəfərova və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin tələbələrlə görüşü baş tutub, layihələr haqqında ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Dövlət Universitetinin Media və

ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 07.03.2024 17:15