AZ EN RU

Yerli özünüidarəetmənin inkişafı əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə stimuldur

    Cəmiyyətin idarəetmə sistemində yerli özünüidarəetmə mexanizmi ən vacib təsisatdır. Ona görə də ölkəmizdə yerli özünüidarəetmənin inkişafına lazımi diqqət yetirilmiş, bələdiyyələrin fəaliyyəti üçün zəruri hüquqi baza formalaşmışdır. Azərbaycan xalqının ümummilli lideri qeyd edirdi ki, “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarəetmədə vətəndaşlarımıza imkanlar yaradılmasının  göstəricisidir”. 

    “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, yerli özünüidarə vətəndaşların təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirmə imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, barabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr yerli özünüidarəetmə orqanı olmaqla əhaliyə ən yaxın idarəetmə formasıdır. Bu baxımdan da Naxçıvan Muxtar Respublikasında yerli özünüidarəetmənin inkişafı üçün hərtərəfli şərait yaradılmış və yerli özünüidarə hüququnun həyata keçirilməsində əhaliyə zəruri köməkliklər göstərilir. 

    Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərinin nəticəsidir ki, bu gün Naxçıvan şəhəri, rayon mərkəzləri və kəndlər müasir görkəm almış,  bələdiyyələrin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılır, yerli özünüidarəetmə orqanları da  hərtərəfli dövlət qayğısından bəhrələnirlər. Müasir üslubda tikilən kənd mərkəzlərində bələdiyyələr üçün müasir iş şəraiti yaradılır, onların fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaları üçün lazımi infrastruktur formalaşdırılır. Bələdiyyələr də onlar üçün yaradılan şəraitdən istifadə edərək yerli əhəmiyyətli məsələlərin həllində daha fəal iştirak edirlər. Qeyd edilməlidir ki, bələdiyyələrin ərazilərində yaşayan vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə, həmçinin bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar da alınır. Həmin texnikaların bələdiyyələrdə istifadə edilməsi  yaşayış məntəqələrinin təmizlik səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və insan sağlamlığının qorunmasına, ekoloji və sanitar mədəniyyətin formalaşmasına müsbət təsir göstərir. Ötən il noyabrın 19-da muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı 16 traktor və qoşqusu, eləcə də 2 “NAZ Lifan – 330” markalı avtomobil təqdim olunub.
    Qeyd edək ki, 2017-ci ildən başlayaraq bələdiyyələr kommunal xidmətlərin də həyata keçirilməsinə başlayıblar. Bələdiyyələr öz ərazilərində məişət tullantılarının yığılması, müvafiq sahələrə daşınması və zərərsizləşdirilməsini həyata keçirirlər. Məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi bələdiyyə ərazilərinin təmiz saxlanılmasına öz müsbət təsirini göstərməkdədir. Bələdiyyələrə kommunal təyinatlı texnikaların verilməsi onların işinin yaxşılaşdırılması ilə bərabər, əhaliyə göstərilən xidmətin də keyfiyyətinin yüksəldilməsinə imkan verir və sakinlərdə məmnunluq yaradır.
    Muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikaların verilməsi ilə bağlı keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Bələdiyyələrin bir vəzifəsi də bələdiyyə ərazilərinin abadlaşdırılması, bələdiyyə ərazilərində məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi, eyni zamanda ətraf mühitin çirklənməsinin qarşısının alınmasından ibarətdir. Bu vəzifələrin yerinə yetirilməsi üçün isə bələdiyyələrin şəraiti, imkanları olmalıdır”. 
    Yerli özünüidarəni həyata keçirən bələdiyyələrin hüquqi, iqtisadi və maliyyə əsasları qanunla tənzimlənir. Ona görə də muxtar respublikamızda fəaliyyət göstərən yerli özünüidarə orqanları yaradılan şəraitdən və hərtərəfli dövlət qayğısından istifadə edərək müəyyən edilmiş vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. 

 Xəyal EYVAZOV

 Naxçıvan Muxtar Respublikası Ədliyyə 
Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin 
rəisi, I dərəcəli ədliyyə qulluqçusu   
​​​​​​​

Nəşr edilib : 04.04.2022 18:59