AZ EN RU

Yerli istehsal məhsulları yüksək keyfiyyət göstəricilərinə malikdir

    Muxtar respublikada istehsal olunan məhsulların rəqabətqabiliyyətinin artırılması, onların daxili bazarla yanaşı, xarici bazarlara çıxışına dəstək göstərilməsi, istehsal prosesində, eləcə də xidmət sferasının təşkilində müasir yanaşmanın təmin olunması Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətində prioritet istiqamətlərdəndir. Bu kimi istiqamətlərdən biri də məhsulların keyfiyyətinə nəzarətin mütəmadi olaraq diqqətdə saxlanılmasıdır. Cari ilin may ayında, ümumilikdə, məhsulların 98, o cümlədən qida məhsullarının 86 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.

    Muxtar respublikada arıçılığın inkişafına xüsusi önəm verilir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində aidiyyəti orqanların nümayəndələri ilə birlikdə ötən ay Şahbuz rayonunun Kolanı kəndində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüş keçirilmiş, onlara bal məhsulunun fiziki-kimyəvi göstəricilərinə dair müvafiq standartdan çıxarışlar təqdim olunmuşdur.
    Qəbul edilmiş müvafiq Dövlət proqramlarının icrası istiqamətində ötən ay emal olunmuş kənd təsərrüfatı məhsullarının 22, meyvə-tərəvəz məhsullarının isə 19 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən olunmuşdur. Hesabat dövründə ailə təsərrüfatlarında və müəssisələrdə istehsal edilən emal olunmuş kənd təsərrüfatı məhsulları üçün 12, o cümlədən ailə təsərrüfatlarında istehsal olunan məhsullar üçün 9, müəssisələrdə istehsal olunan məhsullar üçün 3 etiket layihəsi standartlara uyğun olaraq hazırlanmış və aidiyyəti üzrə təhvil verilmişdir.
     “2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planı”nın icrası istiqamətində may ayı ərzində sənaye məhsullarının 76 halda laboratoriya analizləri aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi ilə bağlı aidiyyəti orqanların əməkdaşları ilə birlikdə hesabat ayında Şahbuz rayonunun Ağbulaq kəndində ailə təsərrüfatçıları üçün seminar-müşavirə keçirilmiş, maarifləndirici bukletlər və “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuş, ailə təsərrüfatı məhsullarının tədarükünü və satışını asanlaşdırmaq məqsədilə ölkəmizin digər bölgələrində ailə təsərrüfatı məhsullarının satışını həyata keçirən təsərrüfat subyektlərinə məxsus 34 ünvan kartı ailə təsərrüfatı nümayəndələrinə paylanılmışdır. Ötən ay 9 ailə təsərrüfatı üçün istehsal etdikləri məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılması, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə 40 etiket layihəsi hazırlanmışdır. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün may ayında İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə məhsullardan 10 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin standartlara uyğunluğu müəyyən edilmiş və sınaq protokollarının surəti aidiyyəti üzrə ailə təsərrüfatlarına çatdırılmışdır.
     “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üzrə aidiyyəti orqanların əməkdaşları ilə birlikdə hesabat dövründə Kəngərli rayonunun Böyükdüz kəndində kənd təsərrüfatı məhsulları istehsalçılarının iştirakı ilə seminar-müşavirə keçirilmiş, iştirakçılara maarifləndirici bukletlər və kənd təsərrüfatı məhsulları üzrə standartlarda müəyyən edilmiş təhlükəsizlik tələblərinə dair çıxarışlar təqdim olunmuşdur. 2017-ci il 25 iyul tarixli beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi üçün verilmiş tapşırıqların, eyni zamanda “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində Bakı şəhəri və digər bölgələrimizə tələbata uyğun olaraq davamlı qaydada ailə təsərrüfatı məhsullarının göndərilməsi təmin edilir. 
    ISO beynəlxalq standartlarının tətbiqinə və sənayedə brendləşməyə dair, ixrac qabiliyyətli məhsulların əmtəə nişanlarının mühafizəsi və beynəlxalq sistem vasitəsilə qeydiyyatı istiqamətində aparılan tədbirlərə uyğun olaraq may ayında muxtar respublikada ixracyönümlü məhsul istehsal edən və keyfiyyəti idarəetmə sistemi tətbiq edilməmiş müəssisələrin nümayəndələrinin iştirakı ilə növbəti maarifləndirici seminar keçirilmiş, əmtəə nişanının beynəlxalq sistem vasitəsilə qeydiyyatının əhəmiyyəti diqqətə çatdırılmışdır.
     Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilmiş müşavirədə verilən tapşırıqların və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitar-gigiyena norma və qaydalarına əməl olunması istiqamətində nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə may ayında muxtar respublikada qida məhsullarının istehsalı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 30 təsərrüfat subyektinə baxış keçirilmiş, 5 təsərrüfat subyektində aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır.
    Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə idxal olunan qızdırıcı elektrik və qaz cihazlarına baxış keçirilmiş, müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan cihazların idxalına icazə verilməmişdir.
    Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikası
  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
 mətbuat xidməti

Nəşr edilib : 21.06.2022 19:05