AZ EN RU

Yerli göbələk istehsalı daxili bazarın qorunmasına öz töhfəsini verir

    Muxtar respublikada ailə təsərrüfatçılarına dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, onlar üçün lazımi şəraitin yaradılması, muxtar respublikanın satış obyektlərində ailə təsərrüfatı məhsulları üçün məxsusi yerlərin ayrılması, həmçinin artıq bir neçə ildir,  “Ailə təsərrüfatı məhsulları” festivalının keçirilməsi bu sahədə mühüm nailiyyətlərin qazanılmasına şərait yaradıb. Bu sahədə görülən işlərin nəticəsidir ki, indi muxtar respublikamızın bütün bölgələrində ailə təsərrüfatları fəaliyyət göstərir. Haqqında bəhs edəcəyimiz ailə təsərrüfatı da onlardan biridir.  
    Culfa şəhərində yaşayan Zeynalovlar ailəsi artıq bir neçə ildir, göbələk istehsalı ilə məşğuldurlar. Belə ki, təsərrüfat sahibi Kamal Zeynalov 2016-cı ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan ilkin olaraq 13 min manat güzəştli kredit götürərək bu işə başlayıb. Növbəti dövrdə əlavə 30 min manat kredit dəstəyi nəticəsində fəaliyyətini genişləndirən təsərrüfat sahibi “Şampinyon” göbələyi istehsalını artırmağa nail olub. Müsahibimiz bizimlə söhbətində bildirdi ki, əvvəllər ölkəmizdən kənarda göbələk yetişdirilməsi sahəsində çalışdığı üçün bu iş ona öz təsərrüfatını qurmağa imkan verib. 
    Öyrəndik ki, buradakı təsərrüfatda dörd üstüqapalı göbələkyetişdirmə bölməsi fəaliyyət göstərir. Göbələk  üçün lazım olan torf maddəsi isə Belarusdan gətirilir. Yetişdirmə zamanı digər mineral gübrələrdən yox, əsasən, burada elə özlərinin təbii yolla hazırladıqları gübrələrdən istifadə olunur. Bu isə göbələyin keyfiyyətinə, eyni zamanda insan orqanizminə faydası baxımından çox əhəmiyyətlidir. 
    İstehsal prosesindən danışan həmsöhbətimiz bildirdi ki, hazırlanan xammalı əvvəlcə polietilen torbalara yığaraq bölmələrdəki mərtəbəli rəflərə yerləşdirirlər. Burada havanın temperaturu daim nəzarət altında saxlanılır ki, bu da məhsulun yetişdirilməsində əsas şərtlərdən biridir. 15 gün ərzində ərsəyə gələn göbələklər  1 ay müddətinə yığılır. Əkin prosesi elə aparılır ki, yığılma prosesi davamlı olsun. Həmçinin nəzərə almaq lazımdır ki, yığım posesində yeni cücərən göbələklər zədələnərsə, bu, məhsul itkisinə səbəb ola bilər. 
    Kamal Zeynalov onu da bildirdi ki, gündəlik gücü 75-80 kiloqram göbələk olan təsərrüfatda qablaşdırmaya da ciddi diqqət yetirilir. 250-400 qramlıq qablarda qablaşdırılan bu məhsulların, əsasən, Naxçıvan şəhərində və rayon mərkəzlərində satışı təmin olunur. Artıq muxtar respublikada yerli göbələk istehsalı öz keyfiyyəti ilə fərqləndiyinə görə, alıcılar da bu məhsuldan istifadəyə üstünlük verirlər. Demək olar ki, əvvəlki illərlə müqayisədə alıcı kütləsi bir az da çoxalıb. Elə bunu nəzərə alan təsərrüfat sahibi gələcəkdə fəaliyyət imkanlarını daha da genişləndirmək istəyir. Qeyd etdiyimiz kimi, burada əsas məqsəd daxili bazarı yerli, keyfiyyətli məhsullarla təmin etməkdir. 
    Biz də müsahibimizə bu işində uğurlar arzulayaraq oradan ayrılırıq. İnanırıq ki, Zeynalovlar ailəsi çəkilən zəhmətin, bu işə göstərilən böyük sevginin nəticəsində məhsul istehsalını daha da artırmağa nail olacaqlar. 

Aidə İbrahimova

Nəşr edilib : 05.04.2023 21:46