AZ EN RU

Yerli ərzaq məhsullarının istehsalına dövlət qayğısı yeni uğurlara yol açır

    Muxtar respublikamızda sahibkarlara göstərilən diqqət və qayğı onlara fəaliyyət imkanlarını genişləndirməkdə, daxili bazara daha çox töhfə verməkdə böyük imkanlar yaradır. Xüsusilə özəl sektorun dəstəklənməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublika sa­hibkarları ilə mütəmadi görüşləri, onlara verdiyi tapşırıq və tövsiyələr sahibkarların fəaliyyətinin stimullaşdırılmasında əhəmiyyətli rol oynayır. 
    Diyarımızda sahibkarlar üçün yaradılan şəraitdən səmərəli istifadə edənlərdən biri də Məhərrəm Əliyevdir. Ailə üzvlərinin əməyi sayəsində hazırlanan məhsullarla daxili bazara töhfəsini verən sahibkarla məşğul olduqları fəaliyyət sahəsi ilə bağlı həmsöhbət olduq. Sahibkar qeyd etdi ki, muxtar respublikada iqtisadiyyatın inkişafı üçün hər cür şərait yaradılıb. Bunun əsasında aqrar sektora, kiçik və orta sahibkarlığa diqqət və qayğı dayanır: – Mən də dövlət qayğısından bəhrələnmişəm. Belə ki, illərdir, kiçik biznes sahəsi ilə məşğulam. Lakin fəaliyyətimizdə bir az dəyişiklik etmək istədik. Bilirsiniz ki, muxtar respublikamızda ailə təsərrüfatlarının fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Kreditlərin verilməsi, onların lazımi avadanlıqlardan istifadəsinə geniş imkanlar yaradılması, yarmarka və biznes görüşlərində iştiraklarının təmin edilməsi və digər bu kimi imkanlar bizdə də bu sahəyə maraq yaratdı. Həmçinin kiçik ailə təsərrüfatlarının böyüyüb gələcəkdə sahibkarlıq obyektinə çevrilməsi, rəqabətqabiliyyətli məhsullar istehsal etməsi də danılmaz faktdır. Eyni zamanda bu təsərrüfatlar muxtar respublikamızda özəl sektorda məhsul istehsalının artımını da sürətləndirir. Bütün bunlar bizə də böyük stimul verdi. Bu il Sahibkarlığın İnkişafı Fondundan 15 min manat güzəştli kredit götürərək Babək rayonunun Hacıvar kəndində müəssisəmizi qurduq, hazırda Naxçıvan şəhərində fəaliyyətimizi davam etdiririk. Müəssisəmiz “Ailə təsərrüfatı” adlanır. Bu adın seçilməsi təsadüfi deyil. Müəssisədə beş nəfər ailə üzvümüzlə birgə çalışırıq. Əməksevərlik və ailə birliyimiz əsasında fəaliyyətimiz artan istiqamətdə davam edir. Müəssisəmizdə qatıq, ayran, şor, pendir, dovğa, bir sözlə, müxtəlif çeşiddə ağartı məhsulları istehsal edirik. Bu məhsullar “Ailə təsərrüfatı” adı ilə də satışa çıxarılır. Qeyd edim ki, müəssisəmiz mövcud qanunvericiliyə əsasən uyğunluq sertifikatı ilə təmin olunub. Naxçıvan şəhərindəki dükanlara, bazarlara məhsullarımızın satışını təmin edirik. Məhsullarımızın keyfiyyətliliyi alıcıları da razı salır. 
    Müsahibim nə üçün məhz ağartı məhsullarının istehsalı ilə məşğul olduqlarına da aydınlıq gətirir. Qeyd edir ki, bir səbəbi daxili bazarda bu sahəyə tələbatın çoxluğu ilə bağlıdırsa, digər bir səbəbi isə ağartı məhsullarının sağlamlıq cəhətdən faydalı olmasıdır. Naxçıvanımızın təmiz havası, saf suları ta əzəldən burada heyvandarlığa marağı artırmaqdadır. Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı isə həm bazarın tələbatının ödənilməsində, həm də əhalinin yerli ərzaq məhsullarına olan ehtiyacının təmin olunmasında mühüm rol oynayır. Biz də bu kimi mühüm amilləri nəzərə aldıq, fəaliyyətimizi də bu istiqamətdə uğurla davam etdiririk. Qədim diyarımızda sa­hibkarlara yaradılan şəraitə görə dövlətimizə minnətdarıq. 
    Muxtar respublikamızda ildən-ilə ailə təsərrüfatlarının sayı artmaqda davam edir. Bunun əsas səbəblərindən biri bu sahənin inkişafına, eyni zamanda istehsal olunan məhsulların satışına dövlət qayğısının göstərilməsidir. “Sənaye ili”ndə də ailə təsərrüfatlarının daxili bazara töhfəsi danılmazdır. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 23.08.2022 19:32