AZ EN RU

Yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib

    Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə hərrac keçirilib.
    Keçirilən tədbirdən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Hərracların təşkili və icazələr şöbəsinin müdiri Cəvani Ağayev jurnalistlərə müsahibə verib: “Bu gün Naxçıvan Muxtar Respublikasında yerin təkindən istifadə məqsədilə növbəti hərracımız keçirilib. Hərrac Culfa rayonunda yerləşən Əlincəçay qum-çınqıl yatağında yerin təkindən istifadə məqsədilə keçirildi. Hərracımız rəqabətli olduğu kimi, uğurlu və yaxşı təşkil edildi. Hərracımızın qalibi “Arkoz İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti oldu, bu sahədəki fəaliyyətlərində onlara uğurlar arzulayırıq. Hərracı keçirməkdə məqsədimiz bu sahədə sağlam rəqabəti artırmaq və sağlam mühit yaratmaqdır. Bu, davamlı olaraq təşkil olunacaq və növbəti aylarda da yeni auksionlar keçiriləcək. Onu da qeyd edim ki, sentyabrın 19-da da növbəti hərrac olacaq”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 14.09.2023 15:11