AZ EN RU

Yerə incilər səpən Gurbulaq

Min bir rəngi özündə canlandıran Şahbuz rayonunun bütün dağlıq ərazilərinə Tanrı sanki öz möhürünü vurub. İqlimi kimi təbiəti də dəyişkən olan bu dağların sıldırım qayalarında, yamaclarında əsrarəngizliyin ovsununa düşməmək mümkün deyil. Dağlara uzanan yolların daşlı-qayalı olması belə göz yaşı kimi təmiz axan suların şırım-şırım etdiyi yamacların gözəlliyini bu yurd yerinin əlindən ala bilməyib. 
Necə ki qış öz köçünü yığıb dağlara çəkilir, o zaman Naxçıvan təbiəti də al-əlvan rəngə bürünür, libasını dəyişir. Yay aylarında Kiçik Qafqaz dağlarında 3 fəsil hökm sürür ki, avqust ayının ortalarınadək bu dağların əksəriyyətində qarı görmək mümkündür. Təmiz hava, buz bulaqlar, 3 fəsli bir arada yaşayanların ömrü, bəlkə də, elə burada uzun olur. Burada təbiətin gözəlliyinə gözəllik qatan, səsi torpağın himninə çevrilən, yerə incilər səpən, dağlara bəzək verən də elə onun sərt qayalarından tökülən şəlalələridir.    
Unikal coğrafi əraziyə malik muxtar respublikamızın dağlıq bölgələrində təbiətin yaratdığı bir-birindən gözəl, füsunkar, bolsulu şəlalələrdən danışmamaq olmur. Tanrının bəxş etdiyi bu şəlalələrin suyu insanı xəyala apararkən ruhunda gözoxşayan təbii lövhələr yaradır. Elə Gurbulaq şəlaləsi kimi...
İlk dəfə gördüyüm bu şəlalə haqqında çox eşitmişdim, ancaq Kükü kəndinin həndəvərini aşmaq nədənsə qismət olmamışdı. O kəndin ki bura öz alması, Qanlıgölü və yaylaqları ilə hər zaman adından söz etdirib. Səfərimiz zamanı Gurbulaq bizi günəşli, lakin bir qədər sərin hava ilə qarşılayır. Yolumuzun üzərində isə ecazkar bir mənzərə bizi valeh edir: Dərələyəz silsiləsinin cənub yamacı olan Dərəboğazından axan onlarla bulağın suyu qayadan ahəstə, eyni zamanda həzin səslə dağların yamacında açılan şırımlarla dərələrə tökülür. Bu dərələr axan bulaqları öz ağuşuna alaraq sanki tələsirmiş kimi daşların sinəsini “yara-yara” Küküçayına tərəf gedir. Naxçıvançayın ən böyük qolu olan, dəqiqədə 2500 litr su sərfiyyatlı Küküçayı isə öz saf, təmiz su qaynağı ilə ona tamaşa edənləri heyrətləndirir.
Gurbulaq tərəfə getdikcə başıqarlı dağların yamacında bitmiş tarixi yüz illərə söykənən ağaclar, dərələri əhatəsinə almış bir-birindən fərqli çiçəklər, otlar sanki bu şəlaləni daha da gur axmağa vadar edir. Ətrafındakı çəmənliklər sanki göz nuru ilə işlənmiş xalını xatırladır. Bu şəlalə öz qeyri-adiliyi və bənzərsizliyi ilə Dərələyəz silsiləsinə bir başqa gözəllik qatır.
Mənbəyini eyniadlı bulaqdan götürən bu şəlalə Dərələyəz silsiləsindəki qar sularından qidalanır və öz bolsululuğu ilə fərqlənir. Elə buna görə adı Gurbulaq olan şəlalə, təxminən, 40 metr hündürlükdən tökülür. Suyun təmizliyi, ecazkar görünüşü, dağların al-əlvanlığı, təbiətin zənginliyi Cənubi Qafqazın ən ideal məkanlarından olan Dərələyəz silsiləsinin cənub yamacında yerləşən Dərəboğazına gedənləri heyran qoyur. Gurbulaq şəlaləsi həm də Kükü kəndinə gələn qonaqların, turistlərin diqqətini cəlb edən ən böyük ünvandır.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 25.07.2024 18:13