AZ EN RU

Yeniyetmə atletimizdən ölkə birinciliyində 2 medal

Respublika Olimpiya Mərkəzində 2007-2008-ci il təvəllüdlü idmançılar arasında qış Azərbaycan birinciliyi keçirilir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən birgə təşkil olunan yarışda Gəncə, Xızı, Bərdə, İsmayıllı, Ordubad, Sədərək, Mingəçevir, Gədəbəy, Quba, Xaçmaz, Lənkəran, Beyləqan və Bakıdan 182 idmançı iştirak edir.
Birincilikdə iştirak edən muxtar respublika idmançısı Namiq Babayev özündən 2 yaş böyüklərlə mübarizədə ümidləri doğruldaraq mükafatçılar sırasına düşməyə nail olub. Təmsilçimiz əvvəlcə 1500 metr məsafəyə qaçış yarışında iştirak edib. Finişə qədər 4:41.10 dəqiqə sərf edən Namiq üçüncü olub. Növbəti cəhd isə bir öncəkindən daha uğurlu alınıb. Atlet 3000 metr məsafədə bütün rəqiblərini geridə qoyaraq birinci olub. O, məsafə sonuna kimi 10:00.15 dəqiqə vaxt sərf edib.
Beləliklə Namiq Babayev ölkə birinciliyini 1 qızıl və 1 bürünc medalla tamamlayıb.     

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.02.2024 19:59