AZ EN RU

Yenilməz Vətənin qəhrəman oğlu

    Doğma şəhərimizdən, Naxçıvanımızdan Şərur rayonuna doğru uzanan magistral yol bizi yavaş-yavaş bir ünvana aparır. Yolboyu ilk olaraq haradan başlayacağımı, nə deyəcəyimi, nə sual verəcəyimi düşünürəm, elə hey ağlımda bu fikirlər var-gəl edir: “İlk sualı kimə ünvanlayım? Kimdən soruşum onu?” Qərar verə bilmirəm... Axı onların yarası hələ qaysaq bağlamayıb. Yaşadıqları ağrı-acını sözlərlə ifadə etmək isə qeyri-mümkündür. Övlad itkisi... bu dərdi yalnız yaşayanlar bilər, ürəyində oğul dağı daşıyanlar, arzusu, diləyi övladı ilə qara torpağa qərq olunanlar bilər... Bu acını yaşayan şəhid valideynlərini isə birləşdirən bir ortaq xüsusiyyət var – nə qədər çətin olsa da, məğrurdurlar, qürurludurlar. Hələ körpəlikdən gələcəyini hərb sənətinə bağlayan, silaha sarılıb “Vətən sağ olsun!” – deyən övladın valideyni olmaq necə fərəhləndirməsin, necə qürurlandırmasın insanı?! O, döyüşün ən qızğın anında belə geri çəkilməmişdi, sonuna qədər mübarizə aparmışdı, “Qarabağ Azərbaycandır!” həqiqətinin dərk edilməsi yolunda öz borcunu yerinə yetirmişdi, Vətən borcunu, qeyrət borcunu... Əli Əliyevi deyirəm, Şərur rayonunun qəhrəman övladını. 

Şəhid ocaqları mənəviyyat guşəsidir...

Mənzil başına çatırıq. Şux səsinin, cavanlıq həvəsinin, arzusunun, xəyalının hər qarışına hopduğu həyətə yaxınlaşıram. Kim bilir, bir zamanlar bu həyət nə xoşbəxtliklərə, nə xoş sədalara şahidlik etmişdi. İndi isə yalnız xatirələr danışır, danışdıqca, dilləndikcə qəlbləri fərqli-fərqli duyğulara kökləyir. 
    ...Şəhidimizin atası Cavad Əliyev Yengicə kəndinin zəhmətsevər insanlarından biridir. O öz halal ruzisi ilə ocağında üç övlad böyüdüb. 1997-ci ildə doğulan Əli bu ailənin ortancıl övladı idi. Uşaqlıqdan torpağa bağlılığı, əməyə sevgisi ilə seçilirdi həmyaşıdlarından. Cavad əmi qəhrəman övladının xatirələrindən söhbət açır bizə: 
    – Əli hələ uşaqlıq illərindən hərb sənətinə maraq göstərmişdi. Qəlbində daşıdığı bu ülvi həvəs onun əlindən tutub Heydər Əliyev adına Hərbi Liseyə apardı. Oranı müvəffəqiyyətlə başa vurdu. Daha sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Hərbi Akademiyasında təhsilini davam etdirdi. Əsl hərbçi səbri göstərdi, heç zaman vəziyyətindən şikayətlənmədi. Tək arzusu, niyyəti torpaqlarımızın işğaldan azad olunması, müqəddəs Vətən torpaqlarında üçrəngli bayrağımızın dalğalanması idi. Hətta peşəsini daha da təkmilləşdirmək üçün Türkiyə Respublikasında Səhra Komanda Birliyində uğurla iştirak etdi, “yaşıl beret” aldı. 2019-cu ildə leytenant hərbi rütbəsi qazandı. Müxtəlif cəbhə bölgələrində xidmətini ayıq-sayıq davam etdirdi. Nə zaman danışsaq, vəziyyətinin yaxşı olduğunu deyərdi. Ən çox anası üçün darıxardı. Hər zaman böyüklər deyər ki, ananı sevən övlad başda Vətəni sevər, yurdu sevər. Bu, həqiqətən də, belə imiş. Oğlumun ən yaxşı sirdaşı anası idi, ondan heç nəyi gizlətməzdi. Mən övladımla hər zaman fəxr etmişəm, qürur duymuşam. Əli şəhid adı qazanmaqla tək bizim deyil, bütün Azərbaycan xalqının övladı oldu. Xalqımız şəhidlərini heç zaman unutmur, unutdurmur. Dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsi hər zaman uca tutulur, ailə üzvlərinə qayğı göstərilir, maddi və mənəvi rahatlıqlarının təmin edilməsi yolunda canla-başla çalışılır. Təki Vətən sağ olsun! 

Başını dik tut, şəhid anası

Bir şən, bir sevincli oğul böyütmüşdü Nailə ana. Bütün xəyalını, ümidini, arzusunu ona bağlamışdı. Hər dəfə məktəbə yola salanda, qarşılayanda böyük insan olacağına inanırdı, gözləri hər dəfə bəy libaslarına, toy xonçalarına sataşanda oğlunun toy büsatı canlanırdı qəlbində, könlündə məskən tutmuş ən gözəl diləklər pərvazlanırdı göylərə. Ürəyinin oduyla, gözünün nuruyla, min bir əzab-əziyyətlə böyütdü oğlunu. Hələ körpəlikdən – oğlum böyüyüb əsgər olsun, torpağını, Vətənini qorusun, – deyib əzizləyirdi övladını. Oğlu böyüdü... hərbçi oldu, həm də qəhrəman hərbçi... Anasının ən gözəl arzusunu yerinə yetirdi, torpağını – Vətənini qorudu. Yalnız qorumaqla kifayətlənmədi, onu düşmən tapdağından xilas etdi, Vətəni yolunda canını fəda etdi, şəhid oldu... 
    Minlərlə Vətən övladının anasıdır Nailə ana. Qeyrəti, vüqarı, sınmaz iradəsi ilə şəhid oğlunun son arzusunu yerinə yetirir – dik dayanır, çətin də olsa yaşadığı ağrı-acı, “təki Vətən sağ olsun!” – deyir. 
    – Uzun çəkən ayrılıqdan sonra oğlum evinə, doğma ocağına gəlmişdi. Bu gəlişi fərqli oldu həmişəkindən. Bu dəfə onu mən deyil, bayraq qucaqlamışdı. Hər dəfə gəliş xəbərini verəndə ən sevdiyi yeməkləri hazırlayardım. Hərbçi olduğu üçün ailədən çox Vətəni düşünərdi, silahla, torpaqla, səngərlə üz-üzə, nəfəs-nəfəsə olardı. Hər gəlişində mənimlə saatlarla söhbət edərdi, halımı soruşardı, gözlərini gözümə dikərdi, mən onunla nəfəs alırdım, o da mənimlə. Övladımın tabuta sarılmış üçrəngli bayrağını gördükdə sarılmaq istədim ona, başına sığal çəkmək istədim, son dəfə öpüb qoxuladığım başını mən yox, Vətən bayrağı qucaqlamışdı, uyumaq üçün müqəddəs Vətən torpağının qoynuna gedirdi. Bir valideyn üçün bundan çətin an ola bilməz həyatda. O səhnə qarşısında daha yaxşı anlayırsan ki, Vətən ən gözəl cənnət, şəhid oğlum isə Allahın ən əziz, sevilən bəndəsidir. Balamın qurban getdiyi yurda canımız fəda olsun, başda Əli olmaqla Allah bütün şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun.

Vətən müharibəsindən başlayan mübarizə yolu

Əli Əliyev leytenant rütbəsi aldıqdan sonra ölkənin müxtəlif bölgələrində xidmətini davam etdirir. İlk hərbi vəzifəsini müvəffəqiyyətlə başa vurur. 44 günlük Vətən müharibəsi başlayanda Əli öz yoldaşları ilə cəbhə bölgəsinə yollanır. Uğurla, cidd-cəhdlə torpaqlarımızın işğaldan azad olunması istiqamətində xidmət göstərir. Haqq-ədalət savaşına baş leytenant hərbi rütbəsi ilə Tərtər rayonundan başlayır, bu cəng Suqovuşanın işğaldan azad edilməsi ilə başa çatır. Əli “Qisas” əməliyyatının yerinə yetirilməsində də fəal iştirak edir, Fərrux kəndinin işğaldan azad olunmasında canla-başla vuruşur, yaralanır, sağlamlığına qovuşduqdan sonra yenə silah yoldaşlarının yanına, cəbhə bölgəsinə qayıdır. Onun mübarizə əzmi dövlətimiz tərəfindən qiymətləndirilir – “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilir. Vətənə, torpağa, yurda bağlılıqla keçən mənalı 25 illik ömrü isə nəinki Şərur elinə, Azərbaycan gəncliyinə örnək olur. 

Vida zəngi...

Deyirlər, Uca Yaradan sevdiyi bəndələrini ən başdan hazırlayar əbədi görüşə, qəlblərində bu görüşün şövqünü alovlandırmaqla hiss etdirər əbədi həyatı, əbədiyaşarlığı. Şəhadət yoluna çıxan, şəhid adını qazanan bütün igidlərimizin ailələri bir həqiqəti təsdiq edir – onlar lap qabaqcadan sezmişdilər bu yolun son olduğunu. Kimisi axır saatlarında övladının şəklinə tamaşa edir, kimisi sevdikləri ilə keçirdiyi ən xoş anlarını xatırlayır, keçdiyi qısa həyat yolu kinolent kimi canlanır gözündə, kimisi də son dəfə ailəsi ilə danışarkən “haqqınızı halal edin, məndən nigaran olmayın”, “hər şey yaxşıdır, yaxında qayıdacağam yanınıza”, – deyir... Şəhid Əli Əliyev kimi... Son dəfə sentyabr ayının 12-dən 13-ə keçən gecə zəng etmişdi atasına. Hal-əhval tutmuşdu, cəbhədəki gərginliyi hiss etdirməmək üçün elə hey vəziyyətin yaxşı olduğunu demişdi. Anasını, atasını, arxası-dayağı olan qardaşını, “sənin toyunu özüm edəcəyəm”, – deyib söz verdiyi tək ümidi, pənahı olan bacısını inandırmaq istəmişdi bu müqəddəs yalana. Çox qısa çəkdi vida zəngi. Sağollaşdı ailəsi ilə. Cəmi bir neçə saat... Düşmən təxribatının qarşısını alarkən ağır yaralandı, amma geriyə çəkilmədi. Sürünə-sürünə döyüşün od-alovu içərisinə atdı özünü, üçrəngli bayrağı zirvəyə qaldırdı, elə bu anda mənfur düşmənin atdığı iriçaplı silah qəlpəsinə tuş gəldi. Namərd düşmən təkcə Əliyevlər ailəsinin yox, bütün Naxçıvanın arzusunu ürəyində boğdu, baş leytenant Əli Əliyev isə sentyabr ayının 13-də əbədiyyətə qovuşdu. 

Payız düşüncələrim...

Qayıtmaq vaxtı çatıb artıq. Payızın sərin mehi duyulur havada... Ağaclardan düşən hər yarpaq mənə insan ömrünü xatırladır. Göz izlədikcə uzağı, yaxını, payız düşüncələri süzülür dilimdən: gah nurlu simalı, ilıq təbəssümlü, gah da küskün baxışlı, müdriklik rəmzi fəsil. Sən həm də sevənləri qovuşduran toy-büsat fəslisən, Zəfər rəmzisən! Ayrılıqların, həsrətlərin vüsal çələngisən. Qüssə, qübar niqabını çək üzündən, sıyrıl qəmdən. Yurdumuzdan qəm buludu yoxa çıxıb, qoy qurutsun zərrin-zərrin al şəfəqlər nəm üzünü. Təbəssümün paklandırsın ürəkləri, qismət olmasın heç bir ocağa şəhid, itkin xəbəri. Axı yurdumun əbədilik bahar növrağıdır! Diləklərimiz yaşıl don geyinib, çiçəklənib ümidimiz, qərib quşlar dönüb isti yuvasına, cah-calalı, xoş növraqlı günlər gəlib, bağça-bağlar bar yetirib, var gətirib. Sanma ki, Əli kimi qəhrəmanların yerləri dolmaz, boş qalar. Bil ki, mübariz xalq bir ölsə də, min dirilər, yaşayar, yaradar, düşmənə gözdağı, dosta arxa-dayaq olar. Vətənimiz öyünər şəhidləri ilə, qürurlanar mübariz oğulları ilə. Biz də fəxrlə deyərik: Vətən sağ olsun!

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 20.10.2022 19:21