AZ EN RU

Yenilənmiş internet saytların təqdimatları keçirilib

    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yenilənmiş internet saytının təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə xidmətin rəisi, polkovnik Mirzə Cəlilov çıxış edərək bildirib ki, informasiya əsrini yaşadığımız dövrdə informasiyalaşdırma baxımından sosial şəbəkələrlə yanaşı, veb-saytlar da insanların elektron məkanlarda müntəzəm şəkildə müraciət etdiyi ünvanlardır. Xidmətin təqdimatı keçirilən www.shcdx.nakhchivan.az domen adı ilə fəaliyyət göstərən yeni internet saytı da həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilmiş və yeni informasiyalarla zənginləşdirilmişdir. İstifadəçi rahatlığını təmin etmək üçün yeni sayt müasir üslubda tərtib edilərək, hər bir istifadəçinin kompüterinin, planşetinin və ya mobil telefonunun ekran ölçülərinə uyğun hazırlanmışdır. Xidmət rəisi vurğulayıb ki, yeni hazırlanmış sayt istifadəçilərin internet səhifəsindən daha operativ faydalanmasına öz töhfəsini verəcəkdir. Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet saytı xidmətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir.
    Xidmətin  mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Şükufə Həsənova yenilənmiş shcdx.nakhchivan.az internet saytını təqdim edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yenilənmiş internet saytı  həm funksionallıq, həm də dizayn baxımından istifadəçilərin rahatlığını təmin edəcək. Elektron xidmətlərin həcminin genişləndirildiyi rəsmi internet saytı müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanıb. Belə ki,  əsas səhifədə istifadəçilərin informasiya əldə etmələri üçün “Səfərbərlik xidməti”, “Qanunvericilik”, “Hərbi təhsil”, “Qan yaddaşı”, “Zəfər tariximiz” bölmələri yerləşdirilib, “Vətəndaşlarla iş” bölməsində xidmətin ünvan və əlaqə nömrələri, şikayətetmə vasitələri, vətəndaşların müraciətlərinə baxılma qaydaları öz əksini tapıb. Daim yenilənəcək “Xəbərlər” və “Elanlar” altbölmələrinə isə keçidlər də qeyd edilmişdir. Vətəndaşların elektron formada müraciət etmələri üçün “Elektron xidmətlər”, “Elektron müraciətlər” bölmələri yaradılıb, “Mətbuat” bölməsinə “Xəbərlər”, “Fotoqalereya”, “Videoqalereya” altbölmələrinə keçidlər də daxil edilib. “Faydalı linklər” bölməsi yenilənib.
    Xidmətin internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, saytın optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı elektron poçt ünvanları ilə təmin olunub. 

*    *    *

    Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun veb-saytı da yenilənib. Bu münasibətlə Naxçıvan Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Gənclər Fondunun icraçı direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev açaraq bildirib ki, ölkəmizdə və eləcə də muxtar respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində onlar ümummilli lider Heydər Əliyevdən bizə miras qalan Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək fəaliyyətini məhz ali prinsiplər üzərində qururlar. Gənclər Fondunun gf.nmr.az veb-saytı da bu amala xidmət etməkdədir. 

    Saytın əsas məqsədi müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını,  eyni zamanda fondun ayrı-ayrı istiqamətlərinin daha dolğun və operativ formada gənclərə, ictimaiyyətə çatdırılmasını təmin etməkdir. Bununla belə, həm funksionallıq,  həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılan saytda elektron xidmətlərin həcmi genişləndirilib, funksionallıq artırılıb və yeni modullar əlavə edilib. 
    Tədbirdə çıxış edən Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov diqqətə çatdırıb ki, veb-saytın ən üstün xüsusiyyəti ondadır ki, fərdi gənclər, eləcə də gənclər təşkilatları elektron qeydiyyatdan keçməklə öz layihələrini fonda gəlmədən onlayn qaydada təqdim edə biləcəklər. 
    Sonra könüllü gənclərlə görülmüş işlərlə bağlı videoçarx nümayiş olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 04.02.2022 21:35