AZ EN RU

Yenidənqurma işləri tamamlanmaq üzrədir

    Muxtar respublikamızda aparılan quruculuq tədbirlərindən Şərur rayonunun ucqar kəndi olan Axuraya da pay düşüb. Bu yaşayış məntəqəsində kompleks quruculuq tədbirlərinə başlanmasını sakinlər kənd adamlarına göstərilən dövlət qayğısı kimi dəyərləndirirlər. 
    Müasir layihə əsasında tikilən kənd mərkəzi iki mərtəbədən ibarət olacaq. Binanın hər iki mərtəbəsində istilik xətləri və pəncərələrin blokları quraşdırılıb, dam örtüyü tam hazır vəziyyətdədir. Hazırda isə son tamamlanma işləri gedir. Binanın birinci mərtəbəsində kitabxana, rabitə evi, polis və baytarlıq məntəqələri fəaliyyət göstərəcək. İkinci mərtəbədə isə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı, arxiv və klub yerləşir.

    Digər quruculuq obyekti kənd mərkəzinin yaxınlığında olan ikimərtəbəli həkim ambulatoriyasıdır. Son tamamlanma işləri görülən binanın birinci mərtəbəsində qeydiyyat otağı, aptek, palata, qazanxana və doğuş otağı, ikinci mərtəbədə isə baş həkim, stomatoloq, manipulyasiya, peyvənd və mama otaqları yerləşir. 
    Hər iki obyektin inşası “Artay” LTD Tikinti Şirkətinin Naxçıvan filialına həvalə edilib. Vahid layihə əsasında inşa olunan obyektlərdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir. İnşaatçılara normal iş şəraiti yaradılıb, onlar paltar, ayaqqabı və qoruyucu baş örtüyü ilə təmin olunublar. 

Heydər MƏMMƏDOV

Nəşr edilib : 03.08.2022 18:36