AZ EN RU

Yeni yüz ilinin qurucusu Qardaş Türkiyə

    Son həftələr təkcə regionda deyil, bütün dünyada gündəmi sıx məşğul etmiş Türkiyədəki seçkilər artıq başa çatmış, türk xalqı öz seçimini etmişdir. Son iyirmi il ərzində türk siyasətinə öz adını yazdırmış Rəcəb Tayyib Ərdoğan dövlət başçımız cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da qatıldığı andiçmə mərasimindən sonra yenidən beşillik iqtidar səlahiyyətlərinin icrasına başladı. Bununla da iki turdan ibarət gərgin keçən seçkilərdə öz sözünü demiş Türkiyə seçicisi təkcə ölkəsinin deyil, ona yaxın və uzaq demədən hər kəsin maraqlarının uzlaşdığı ən doğru seçimini etdi. Türkiyə Cümhuriyyət tarixinin yeni yüz ilinə özünün qəti addımları ilə “Bismillah!” dedi.
    Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər açılış mərasimlərinə damğa vuran bu sözləri, əslində, qardaş ölkə liderinin başlatdığı hər missiyanın uğurla başa çatması, şeytanın şərindən, bədnəzərin gözündən qorunmaq üçün təkcə ölkəsinin deyil, bütün insanlığı hifz edəcək ən müstəcəb dua kimi yaddaşımızda qalacaqdır. Hər addımında “Ya Allah!” deyib, icraata başlayan türk lider bununla da ölkəsinin tarixi üçün yeni olacaq bir dövrdə iqtidarda qalmaqla dünya siyasətçilərinin də ağsaqqalı olmağı bacardı. 
    Şübhəsiz, qardaş ölkədəki prezident və parlament seçkiləri haqqında bir çoxları əvvəlcədən fikirlər səsləndirsələr də, bu mövzuda doğru fikir bildirmək üçün nəticələri gözləmək ən düzgün qərar idi. Belə ki, dünyanın əsas aparıcı informasiya agentliklərinin ana xəbər başlıqlarında yer alan bu seçkilərdə yerli vətəndaşlardan sonra ən çox qardaşlıq bağlarının bir-birinə bu qədər sıx bağladığı azərbaycanlıların türkçülük heysiyəti ön plana çıxırdı. Bunun səbəbi isə təsadüfi olmayıb bir-birinə qardaşlıq telləri ilə bağlı olan xalqlarımız üçün, həm də bütün Türk dünyası üçün ehtimal oluna biləcək uğursuzluğun yaşanmaması və bunun üçün dualar edilməsi ilə təzahür edirdi. Bu, qardaş ölkə vətəndaşı olaraq artıq arxada qalmış seçkiyə istəklərimizin ən sadə və ən səmimi ifadəsi idi.   
    Ədalətlə bitmiş bu seçkilər Türkiyənin son 20 ildə qət etdiyi məsafə, dünya arenasındakı nüfuzu, eləcə də qarşılaşdığı problemlərin həlli, yaşadığı təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması fonunda formalaşmış güclü milli iradənin seçki bülletenlərinə olan inikası kimi yadda qalacaq. Məhz bu güc,  eləcə də Avropa və Asiyanın kəsişməsindəki bu qocaman dövlətin minillik tarixi keçmişi dövründə verdiyi azadlıq savaşları, eləcə də erməni millətçiləri kimi daxili satqınlara qarşı apardığı mübarizələr, böyük güclərin siyasi oyunlarına boyun əymədən keçdiyi çətin sınaqlar, son nəticədə, bütün dünyanın gözü qarşısında hər kəsə sözünü deyə bilən, yaşadığı çətinliklərdən üzüağ çıxan, dostuna sadiq olduğu qədər, düşməninə də kəmfürsətlik etməyən bir Türkiyə yaratmışdır. Bu gün Kanadadan Avstraliyaya qədər dünyada hər kəsin böyük məmnuniyyətlə səyahət etdiyi Türkiyə bu gün özünün tolerant insanları, yüksək milli qonaqpərvərliyi və peşəkar turizm servisləri ilə hər kəsin qəlbində taxt qurmuşdur. Özünün çalışqanlığı və məsuliyyətliliyi ilə bütün dünya ölkələrində hörmətlə qarşılanan türk sərmayəçiləri həyata keçirdikləri layihələr və yaratdıqları iş yerləri ilə ölkəsinin nüfuzunu artırmışdır. Qısa bir müddətdə regional gücdən qlobal güc mərkəzinə çevrilən qardaş ölkənin bu nüfuzu isə, heç şübhəsiz, təkqütblü dünya hakimiyyətinə iddiası olanları narahat etməkdədir. “Dünya beşdən böyükdür!” şüarı ilə dünya nizamının təkcə imperialistlərin əlində olmadığını bəyan edən Türkiyə lideri məhz beş yüz ildən bəri dünyadakı bütün ədalətsizliklərin əsl səbəbkarlarının BMT Təhlükəsizlik Şurasının indiki beş daimi üzvü olduğunu hər yerdə çəkinmədən üzlərinə deməklə bu yolla məzlum xalqların ürəyinə yol tapmışdır. Bunu təkcə sözdə deyil, əməldə də isbat edən Türkiyə bu gün özünü təsdqiləməklə Afrikadan Çinə qədər geniş bir coğrafiyada bir çox inkişaf etməkdə olan ölkələrin çox ehtiyacı olan sosial infrastruktur, nəqliyyat və logistika, təhsil, turizm və mədəniyyət layihələrinə öncüllük edir. Bu ölkələrin öz hökumətlərinin belə başlaya bilmədiyi belə layihələr məhz son 20 ildə daha da kütləvi olaraq yayılmaqla Türkiyənin nüfuzunu planetar səviyyəyə qaldırmışdır. Bu gün dünya düzəninin yenidən formalaşdığı gərgin siyasi münasibətlər və Rusiya-Ukrayna müharibəsi fonunda Qara dəniz taxıl dəhlizinin baş zəmanətçisi olan Türkiyə məhz onun siyasi liderinin qətiyyəti sayəsində dünyada ərzaq böhranın yaşanmaması üçün də mücadilə aparır. Müharibənin ədalətlə başa çatacağının artıq işğalçı Rusiya daxil, hamının yaxşı başa düşüldüyü bu dövrdə taxıl dəhlizi kimi enerji dəhlizinin də açıq qalması, eləcə də Türkiyənin münaqişə tərəfləri olan iki slavyan xalq arasında ən yaxın vasitəçi olması, bunu bacara bilməyən iri dövlətlər tərəfindən qısqanclıqla qarşılanmaqdadır. Bu, qardaş ölkənin siyasi liderinin həmişə haqq tərəfində olmaqla özünün zəngin siyasi təcrübəsindən, dünya liderlərinə nüfuzedici təsir gücündən məharətlə istifadəsindən irəli gəlir. Bütün bunlar da, öz növbəsində,  ölkəsində yeni yüz ilin qurucusu olmaq missiyasının nəyə görə yenidən Rəcəb Tayyib Ərdoğana nəsib olduğunu açıqca ifadə edir.   
    Türkiyə Cümhuriyyəti Türk dünyasının lokomotivi, türkdilli dövlətlərin mənəvi lideridir. Bu missiya zaman-zaman Rusiya, SSRİ və Çin maneəsinə ilişib qalsa da, Türkiyə sevdası Uyğurustandan Bosniyaya, Sibirdən Kərkükə, Təbrizdən Dərbəndə qədər hər yerdə özünü yaşadıb, insanların dilindən türkcə nəğmələr heç zaman düşməyib. Qardaşlıq bağlarının tikanlı məftillər arxasından daha sıx bağlandığı ötən 200 il türkdilli dövlətləri ortaq iqtisadi inkişafdan geri salsa da, mədəni və humanitar əlaqələr heç zaman səngiməmiş, əksinə, daha da arzu edilən, daha da ülvi olmuşdur. Bu gün SSRİ-nin yox olduğu, Rusiyanın isə hər keçən gün nüfuzunun daha da zəiflədiyi bir zamanda yola hazırlaşan Türk birliyi karvanını arxasınca apara biləcək siyasi güc məhz yenə də qardaş Türkiyənin üzərinə düşmüşdür. Türkdilli ölkələrin ən böyük iqtisadi gücü, NATO-nun ikinci böyük hərbi qüvvəsi və tək müsəlman üzvü, mədəniyyətlərarası dialoq və layiq demokratik dəyərlər quruculuğunda önəmli bir ölkə olan Türkiyə Avropa və Şərq ölkələri arasında əsl etibarlı körpü rolunu da oynamaqdadır. Regional münaqişələrdən və yoxsulluqdan qaçıb mühacir həyatı keçirənlərə də qucaq açan türk xalqı özünün tolerantlığı və qonaqpərvərliyi ilə soyuqqanlı Qərbə həmişə insanlıq dərsi keçmişdir.  
    Bugünkü Türkiyə İslami dəyərlərə sadiq, mədəni ölkədir. Məhz İslam Mədəniyyəti prinsipləri əsasında bütün müsəlmanların bacı-qardaş olduğunu, dünyanın istənilən yerində torpaqları işğal edilmiş, haqqı tapdalanan müsəlmanların yanında olan Türkiyə dövləti  bunu sözdə deyil, əməldə də göstərən  güclü müsəlman dövlətidir. Praktiki olaraq dünyanın hər bir dövləti ilə qurduğu diplomatik əlaqələri sayəsində bu işi bacara bilən Türkiyə öz dövləti ərazisində də əcnəbi diplomatlara, onların ailə üzvlərinə olan hörməti ilə seçilir. İstanbulun fəthindən sonra onu bir dünya şəhəri halına gətirmiş Türkiyə   qədim mədəniyyətlərin və müasir sivilizasiyaların bir arada yaşaya bildiyi bir məkana, dünyanın texnologiya mərkəzinə, nəqliyyat, kommunikasiya qovşağına, turizm, mədəniyyət və idman mərkəzinə çevrilmiş, bütün vilayətlər iqtisadi inkişafa qovuşmuşdur.  Dilindən, irqindən və məzhəbindən asılı olmayaraq, hər yeni günə “Allahu Əkbər” nidası ilə başlayan türk insanı öz həyatını savab işlər niyazı ilə bitirmək əzmi ilə insanı məhz insan olduğu üçün sevdiyini bütün dünyaya göstərir. Bu  mənada, imperializmin miras qoyduğu terror təhlükəsi ilə uğurla mücadilə edən Türkiyə bunu heç zaman bir fobiya səviyyəsinədək şişirtməyən tək ölkə kimi də tanınmaqdadır. Türkiyə liderinin də dediyi kimi terrorun dini, milləti və məkanı yoxdur!   
    Müasir Türkiyə tablosunda, onun siyasi liderinin profilində Azərbaycanın öz rəngləri vardır. Şanlı Azərbaycan bayrağının hər üç rəngini öz doğma övladı kimi mənimsəmiş Türkiyənin istər tarixin keçmiş dövrlərində, istərsə də ölkəmizin dövlət müstəqilliyi dövründə xalqımızın haqq səsinə səs verməsi Ulu Öndər Heydər Əliyevin təbirincə “Bir millət iki dövlət” ən yüksək səviyyəyə qalxmışdır. Azərbaycanın məruz qaldığı rus və erməni işğallarında həmişə yanında olmuş Türkiyə bu savaşlarda verdiyi şəhidlər və göstərdiyi siyasi mənəvi dəstəklə əsl qardaşlıq nümunəsi göstərmişdir. Çanaqqala döyüşlərində şəhid olan minlərlə Azərbaycan əsgərinin xatirəsini əbədi yaşadan türk milləti Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası ilə də xalqımızın tarixində dərin qardaşlıq izləri qoymuşdur. SSRİ-nin dağılması ilə fürsət tapan erməni terrorizmi və separatizminə hədəf olan Azərbaycanı birmənalı olaraq dəstəkləyən Türkiyə Böyük Qarabağ Zəfərinin də qazanılmasında dövlətimizə ən böyük siyasi və mənəvi dəstəyini açıqca bəyan etdi. Bu qardaşlıq, bu doğmalıq daha sonra iki dövlət arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilə təsdiqlənib, Qəhrəmanmaraş zəlzələsinin dərdlərinə məlhəm olmasında möhkəmlənib, bir-birinə “əziz qardaşım” deyə müraciət edən iki dövlət başçısına ünvanlanmış gurultulu alqışlarla yaddaşlarda əbədi qaldı. Beləcə, tarixin bütün sınaqlarından üzüağ çıxan Türkiyə-Azərbaycan qardaşlığı yeni minilliyə daha əmin addımlarla irəliləyir. 

    Allah TÜRKÜ qorusun! 

Əli CABBAROV

Nəşr edilib : 05.06.2023 14:25