AZ EN RU

Yeni təsdiq olunan Qanun muxtar respublikada növbəti 3 ildə daha 2 min vətəndaşa əmək pensiyası hüququ verəcəkdir

    Ölkəmizdə əhalinin həssas qrupu sayılan əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul olunmuş qərarlar, ilk növbədə, onların həyat səviyyəsinin yüksəldilməsinə yönəldilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən pensiyaçılara yüksək diqqət və qayğı göstərilir, onların layiqli həyat səviyyəsinin təmin olunması üçün ardıcıl tədbirlər görülür.  Ölkə başçısının təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib. Dəyişiklik əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması ilə bağlıdır. Təsdiqlənən yeni Qanun 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin 3 il uzadılmasını nəzərdə tutur. Belə ki, əvvəlki qanunvericilikdə pensiya yaşına çatan və 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə  pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanması nəzərdə tutulurdu. Dəyişikliyə əsasən isə güzəşt olunan sığorta stajının qüvvədəolma müddəti 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb. Pensiya yaşına çatan və 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaqdır. Bununla da qeyd edilən 25 il sığorta stajının hər il üçün 1 il azaldılması 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq ediləcəkdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan pensiyaçıların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən bu kimi qanunların icrası üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən lazımi tədbirlər görülür. Belə ki, fond tərəfindən  2022-ci il ərzində 620 nəfərə 25 il sığorta stajı hədiyyə olunmaqla pensiya təyin edilib. Növbəti 3 il üzrə isə muxtar respublika üzrə daha 2 min nəfərə 25 illik sosial sığorta stajı hədiyyə edilərək pensiya təyin olunacağı nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 30.12.2022 20:57