AZ EN RU

Yeni tədris ilinə start verilib - FOTOLAR

    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 30 nəfər dinləyicinin ilkin hazırlıq kursunu bitirdikdən sonra polis andını qəbul etməsi münasibətilə tədbir keçirilib.
    Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev ideyalarına söykənən uğurlu idarəetmə sistemi dövlətimizin möhkəmlənməsinə, muxtar respublika əhalisinin rahat və təhlükəsiz şəraitdə yaşamasına xidmət edir. Bu müstəvidə muxtar respublikada yerləşən xüsusi təyinatlı təhsil müəssisələrinin, o cümlədən Orta İxtisas Polis Məktəbinin fəaliyyətinə yüksək dövlət qayğısı göstərilərək bütün tədris prosesi diqqət mərkəzində saxlanılır. Yaradılan yüksək şəraitin nəticəsidir ki, polis məktəbində təhsil almaq istəyənlərin sayı hər il artan tendensiya ilə müşayiət olunur. Həmçinin daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər və nümunəvi xidmətin təşkili də bu orqanda xidmət etmək arzusunda olan gənclərin sayının artmasına səbəb olub. Belə ki, təkcə cari il ərzində Orta İxtisas Polis Məktəbində təhsil almaq üçün 200 nəfərə yaxın gənc daxili işlər orqanlarına müraciət edib.
    Qeyd olunub ki, 2022-2023-cü tədris ilində polis məktəbinə qəbul üçün müraciət etmiş çoxsaylı namizədlər arasından seçilərək kursant sıralarına daxil olmaq onların dövlətçiliyə xidmət üçün yolunu açmaqla yanaşı, üzərlərinə böyük məsuliyyət qoyur. Nazir əminliklə ifadə edib ki, həmin gənclər öz nümunəvi davranışı, yüksək təhsili və gələcək xidmətlərində daxili işlər orqanlarının şərəfli dövlətçilik ənənələrinə layiq olacaq, göstərilən etimadı və inamı daim doğruldacaqlar.
    Vurğulanıb ki, ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tələb və tapşırıqlarını əldə rəhbər tutan Orta İxtisas Polis Məktəbi tam şəffaflıq prinsipləri üzrə fəaliyyət göstərib, tədris prosesində müasir təhsil sisteminin bütün metodlarından istifadə edərək uğurlu nəticələrə imza atıb. Son iki ildə məktəbdən məzun olan 55 gənc zabit artıq daxili işlər orqanlarının müxtəlif sahələrində xidmətə başlayaraq ictimai asayişin və təhlükəsizliyin qorunmasına öz töhfələrini verməkdədir.
      Diqqətə çatdırılıb ki, “Polis əməkdaşlarının andiçmə Qaydaları”na əsasən 2022-2023-cü tədris ilində Orta İxtisas Polis Məktəbinə qəbul olmuş 30 kursant bu gün həm də “Polis andı”nı qəbul edəcəkdir. Andiçmə mərasimi hər bir kursantın və əməkdaşın həyatında ən yaddaqalan və xüsusi anlamı olan bir gündür. Qəbul ediləcək bu anda daim sadiq qalmalı, polis adı uca tutulmalı, tədris prosesi müvəffəqiyyətlə başa vurulmalıdır.
    Daxili işlər naziri “Polis andı”nı qəbul edəcək kursantları təbrik edərək onlara uğurlar arzulayıb. 
    Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev bildirib ki, böyük uzaqgörənliklə yaradılmış Orta İxtisas Polis Məktəbi muxtar respublikamızın hüquq-mühafizə orqanlarının kadr təminatının həyata keçirilməsində mühüm əhəmiyyətə malik olan təhsil ocağı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunaraq burada kursant və dinləyicilərin yüksək səviyyədə təhsil alması üçün möhkəm maddi-texniki baza, nümunəvi təlim-tədris sistemi yaradılıb. 
    Qeyd olunub ki, ötən müddət ərzində məktəbdə təhsil alanların dövlətçiliyə, polis andına sadiq əməkdaşlar kimi yetişməsi, onların fiziki, mənəvi və psixoloji hazırlığı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində olub. Artıq məktəbin məzunları muxtar respublikamızın polis orqanlarında xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.
    Vurğulanıb ki, Orta İxtisas Polis Məktəbində təhsil alan kursant və dinləyicilər yaradılmış şəraitdən bəhrələnərək yaxşı təhsil almaqla yanaşı, saf mənəviyyata, yüksək intellektə malik olmaq üçün səylə çalışmalı, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, onlara göstərilən etimadı doğrultmalıdırlar. 
    Dinləyici, polis sıravisi Rəşad Novruzlu kurs yoldaşları adından yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirib və əmin edib ki, gələcək xidməti fəaliyyətində polis adını daim uca tutacaq, dövlətçiliyə sadiq qalacaq, ictimai asayişin və təhlükəsizliyin qorunması istiqamətində vəzifə borclarını dönmədən yerinə yetirəcəklər.
    Sonra dinləyicilər polis andını qəbul edib, sıravi addımlarla tribuna önündən keçiblər.

***

    Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbirdə çıxış edərək bildirib ki, bu gün muxtar respublikamızda digər sahələrlə yanaşı, təhsil sahəsi də dövlət qayğısı ilə əhatə olunub, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilib, müəllimlərin iş şəraiti yaxşılaşdırılıb. Muxtar respublikamızda təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məqsədyönlü və düşünülmüş dövlət siyasəti dayanır. İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil şəraiti savadlı və vətənpərvər gəncliyin yetişdirilməsinə xidmət edir.
    İcra başçısı bildirib ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan təhsil ocağında yeni dərs ilini qarşılamaq xüsusi əhəmiyyət daşıyır. Ulu öndər xalqımızın həyatında təhsilin rolunu hər zaman yüksək qiymətləndirirdi. Dahi şəxsiyyətin təhsil sahəsində müəyyən etdiyi siyasət bu gün ölkəmizdə, eyni zamanda muxtar respublikamızda uğurla davam etdirilir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikamızda məktəblər yeni inşa olunmuş müasir binalarda fəaliyyət göstərir, müəllimlərin sosial müdafiəsinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, hər il ali məktəblərə qəbulda yüksək bal toplayanların sayı artır və bu nailiyyətlərin qazanılmasında Heydər Əliyev adına tam orta məktəbin kollektivinin də payı böyükdür. Bu məktəbin timsalında hər bir təhsil ocağı göstərilən dövlət qayğısını qazandığı nailiyyətlərlə doğrultmalıdır. Yüksək bilikli və bacarıqlı gənclər yetişdirmək məktəb kollektivlərinin qarşısında duran əsas vəzifədir. Bu səbəbdən müəllimlər nizam-intizama, keçirilən dərslərin keyfiyyətinin yüksəldilməsinə diqqəti artırmalı, savadlı, vətənpərvər gənclər yetişdirməlidirlər. Yaradılan təhsil imkanlarından bəhrələnməklə məktəblilər biliklərə dərindən yiyələnməli, vətənpərvər olmalı, ölkəmizin gələcək inkişafına öz töhfələrini verməlidir. 
    İcra başçısı çıxışının sonunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin 2022-2023-cü tədris ilində daha böyük uğurlara imza atacağına inamını ifadə edib.
    Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov çıxış edərək bildirib ki, təhsilə göstərilən dövlət qayğısı nəticəsində ötən tədris ili muxtar respublika təhsili üçün uğurlu olub, ümumtəhsil məktəblərini, Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2990 məzun bitirib, onlardan 2848-i, yaxud 95 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Sənəd verənlərin 2101 nəfəri, yaxud 74 faizi tələbə adını qazanıb. 
    Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1573-ü, yaxud 56 faizi 200 baldan yuxarı nəticə göstərib ki, bu da ötənilki göstəricidən 6 faiz çoxdur. Muxtar respublika üzrə 254 məzun isə 500-dən yuxarı bal toplayıb. Məzunlardan 65-i 600-700, 189-u isə 500-600 arası nəticə göstərib. Yüksək nəticə göstərən məzunlarda keyfiyyət göstəriciləri yaxşılaşıb, 600-700 arası bal toplayan məzunların sayı 17 nəfər, yaxud 36 faiz artıb. Ümummilli liderin adını daşıyan Heydər Əliyev adına tam orta məktəbin builki qəbul nəticələri də, bu mənada, ürəkaçandır. Bu il məktəbi bitirən 70 məzundan 54-ü ali məktəblərə, 2-si xüsusi təyinatlı ali məktəblərə, 3-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Məzunlardan 8-i 500-700 intervalında bal toplayıb.
    Təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti də nəticələrə öz müsbət təsirini göstərib. Ötən tədris ilində  olimpiada və müsabiqə hərəkatı gücləndirilib, ümumilikdə, keçirilən olimpiada və müsabiqələrdə 5258 şagird iştirak edib, onlardan  329 şagird qalib olub. Qalib olanlardan 23-ü Heydər Əliyev adına tam orta məktəbin şagirdidir.
    Şöbə müdiri sonda muxtar respublikamızın bütün ümumtəhsil məktəbləri kimi, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin də müstəqil Azərbaycan Respublikasının gələcəyi olan intellektli vətəndaşlar yetişdirəcəklərinə böyük inamını ifadə edərək müəllim və şagirdlərə uğur arzulayıb.
    Sonda ilk zəng çalınıb.

***

    Məhdud Fiziki İmkanlılar üçün  Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində Naxçıvan Muxtar Respublikasında sosial qayğıya ehtiyacı olan uşaqlar yüksək diqqət və qayğı ilə əhatə olunur, onların hərtərəfli inkişafı məqsədilə müvafiq tədbirlər icra edilir. Nazir deyib ki, ötən müddət ərzində sağlamlıq imkanları məhdud uşaqların təhsil müəssisələrinə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilib, tədris müəssisələrində tolerant təhsil mühitinin monitorinq və təhlili aparılıb, zəruri hallarda maarifləndirici görüşlər təşkil olunub. Həmçinin son dövrlərdə muxtar respublikada fəaliyyət göstərən tibbi və sosial reabilitasiya müəssisələrinin fəaliyyəti daha da təkmilləşdirilib, bu məqsədlə bir sıra yeniliklər tətbiq edilib. 

    Vurğulanıb ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti bu sahədə mühüm əhəmiyyətə malikdir. Hazırda müəssisədə Distant Tədris Mərkəzi, müxtəlif defektoloji bölmələr, psixoloji dəstək xidməti, təlim-bərpa və müxtəlif terapiya otaqları mövcuddur. Bununla yanaşı, mərkəzdə görmə məhdudiyyətli şəxslər üçün brayl displeylər, sürətli internet, həmçinin elektron kitabxana və  audiostudiya fəaliyyət göstərir. 
    Nazir sağlamlıq imkanları məhdud uşaqlara göstərilən yüksək qayğıya və yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
    Tədbirdə çıxış edən mərkəzin direktoru Minurə Əliyeva yeni tədris ilində qarşıya qoyulan vəzifələrdən, cari tədris ilində tətbiq olunacaq yeniliklərdən danışıb. Görüşdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
    Tədbirin davamında tədris otaqlarına, o cümlədən Distant Tədris Mərkəzinə baxış keçirilib, pedaqoji heyətlə fikir mübadiləsi aparılıb. 
    Şahbuz rayonunun Külüs kənd sakini Murad Cəfərov evdən tədrisə qoşulan şagirdlərdən biridir. O digər həmyaşıdları kimi dərs ləvazimatları, məktəbli geyimi ilə təmin olunub, yaşadığı ev distant tədris üçün zəruri olan internet xətti və kompüter avadanlıqları ilə təchiz edilib. Murada və valideynlərinə distant tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. 

***

    Naxçıvan Muxtar Respublikasında həyata keçirilən quruculuq tədbirləri şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin simasını dəyişməklə bərabər, təhsil infrastrukturunun yenidən qurulmasına da şərait yaradıb. Təsadüfi deyil ki, müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi tikilib və yaxud yenidən qurularaq şagird və müəllimlərin istifadəsinə verilib. Bütün bunlar isə təhsilimizin möhkəm təməllər üzərində qurulmasına şərait yaradır. Bununla bərabər Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə təhsilin inkişafı ilə əlaqədar imzaladığı Dövlət proqramları çərçivəsində həyata keçirilən islahatlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlər öz bəhrəsini verir. 

    15 sentyabr – Bilik Günü ilə əlaqədar muxtar respublikanın rayonlarında keçirilən tədbirlərdə də həyata keçirilən uğurlu təhsil siyasətindən, şagird və müəllimlərə göstərilən qayğıdan danışılıb, təhsil işçiləri qarşısında duran mühüm vəzifələrdən bəhs olunub. Qeyd edilib ki, bu gün möhtəşəm, müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə oxumaq da, işləmək də qürur hissi doğurur. Bununla yanaşı, üzərimizə məsuliyyət hissi qoyur. Buna görə də təhsilin inkişafına göstərilən diqqət və qayğının müqabilində şagirdlər də yaxşı oxumalı, gələcəkdə xalqımız üçün bilikli, vətənpərvər kadr kimi yetişməlidirlər. 

    Sonra yeni dərs ilin ilk zəngi çalınıb, ilk dərslər vətənpərvərlik  mövzusuna həsr olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 15.09.2022 22:20