AZ EN RU

Yeni tədris ili üçün keçirilən yarmarka alıcılar tərəfindən böyük maraqla qarşılandı

    Bir neçə ildir ki, muxtar respublikamızın bütün rayon mərkəzlərində, eləcə də şəhərimizin Heydər Əliyev prospektindəki “Kitab Evi” sərgi-satış mərkəzində ənənəvi məktəbli yarmarkaları keçirilir. Hər il olduğu kimi, bu il də sentyabr ayının 1-dən start verilən və ayın 15-dək davam edəcək yarmarkada ailələrin büdcələrinə uyğun, sərfəli qiymətlərə məktəbli ləvazimatları təqdim edilir. Biz də həmin yarmarkaya üz tutub iştirak edənlərlə həmsöhbət olduq. 

    İlk müsahibimiz Naxçıvan şəhər sakini valideyn Rübabə Mehdiyeva bildirdi ki, qızı bu il 6-cı sinifdə təhsil alacaq.  Elə bu səbəbdən də qizi ilə yarmarkaya məktəb ləvazimatları almaq üçün gəlib. Onun sözlərinə görə, şəhərimizin mağazaları ilə müqayisədə yarmarkada qiymətlər nisbətən daha ucuz və sərfəlidir.  Bu da valideynlərin razılığına səbəb olur. Həmçinin yeni qərarın, yəni məktəbli formalarının dəyişdirilməsinə baxmayaraq, yaradılan şəraitə görə məktəblilər ötən il aldıqları məktəbli formalarından da istifadə edə bilər. Bu da, təbii ki, valideynlərin büdcəsinə çox böyük dəstəkdir. Müsahibimiz onu da vurğuladı ki, burada xidmət yüksək səviyyədədir.  Satıcıların xoş rəftarı və gülərüzlülüyü alıcılarda xoş təəssürat yaradır. 
    Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin müəllimi Naibə Əliyeva isə söhbət zamanı bildirdi ki, muxtar respublikada hər il təşkil olunan ənənəvi məktəbli yarmarkası valideynlərlə yanaşı, müəllimlərin də işinə kömək edir. Çünki burada müəllimlər üçün lazım olan gündəlik icmal və proqramları, həmçinin övladları üçün yeni dərs ləvazimatlarını bir ünvandan ala bilirlər, həm də münasib qiymətə. 
    Müsahibimiz Nurayyə Şeyxova övladına məktəbli ləvazimatı almaq üçün Babək rayonunun Güznüt kəndindən gəlib. Həmsöhbətimizin dediklərindən: – Oğlum bu il 8-ci sinifdə təhsil alacaq. Elə onunla birgə yarmarkanın ilk günü Naxçıvan şəhərinə üz tutduq. Bir neçə ildir ki, ailə yaxınlarımızla birlikdə bu yarmarkadan lazım olan məktəbli ləvazimatlarını alırıq. Mən bütün valideynlər adından yarmarkanın təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm. 
       Ailəsi ilə yarmarkada iştirak edən alıcılar arasında 8-ci sinif şagirdi Namiq Mirzəyev də var idi. O, söhbət zamanı dedi: – Artıq bir neçə gün sonra yeni tədris ilini qarşılayacağıq. Müəllimlərim və sinif yoldaşlarım üçün çox darıxmışam. Bu gün burada təşkil olnan yarmarkada özümə yeni məktəbli forması, dəftər və qələmlər aldım. Mənimlə birgə bir neçə sinif yoldaşım da buradadır. İstədiyimiz hər bir məktəbli ləvazimatını ala bildik, çətinlik çəkmədik. Muxtar respublikamızda istehsal olunan məktəbli ləvazimatları tərtibatı ilə göz oxşayır. 
    Müşahidələrimiz onu göstərdi ki, bu il qəbul edilən qərarla yeni məktəbli formalarının alınmasına valideynlər daha çox maraq göstərirlər. Yarmarkada ən çox alıcı sıxlığı olan yer də məhz məktəbli formalarının satıldığı guşə idi. “Zümrüd tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mehrəngiz Əkbərova ilə də burada həmsöhbət olduq. Müsahibimiz söhbət zamanı dedi: – Məlumdur ki, məktəbli yarmarkası sentyabr ayının 15-dək davam edəcək. Burada böyük alıcı sıxlığı müşahidə olunur. Bilirsiniz ki, muxtar diyarımızda artıq ənənə halını almış bu yarmarkaların keçirilməsində əsas məqsəd valideynlərin münasib qiymətə müxtəlif çeşiddə məhsulu bir arada almasına şərait yaratmaqdır. Biz bu gün burada məktəbli formalarının satışını təşkil edirik. Məhsullarımız da keyfiyyəti ilə hər zaman seçilir. 
     Valideynləri narahat edən mövzuya toxunan müsahibim qeyd etdi ki, yeni qərara əsasən məktəbli formaları dəyişdirilsə də, yeni formalarla bərabər, valideynlər ötən il istifadə edilən formaları ala bilərlər. 2024-cü il üçün isə ölkə üzrə qəbul olunan dörd formadan biri seçiləcək. Biz hazırda yeni formaların tikilməsini həyata keçiririk. Bilirsiniz ki, muxtar respublikada, təqribən, 30-40 min şagird təhsil alır. Yeni formaların keyfiyyətinə gəldikdə isə, deyə bilərəm ki, istifadə edilən parçaların hər biri Türkiyə Respublikasının müvafiq laboratoriyalarında sınaqdan keçirilərək tam sertifikatlaşmış şəkildə bizə təqdim olunur. Tikilən yeni formalar isə üç ipli jarqonlu  və lakos parçalardan köynək və jaketlərdir ki, onların tam keyfiyyətli olması üçün xüsusi tikiş aparatlarından istifadə olunur. Biz də çalışırıq ki, məktəblilərimizə keyfiyyətli formalar istehsal edək. 
    Bəli, əziz oxucularımız, sentyabrın 15-dək davam edəcək məktəbli yarmarkasına gəlib münasib qiymətə yüksəkkeyfiyyətli məhsulları əldə edə bilərsiniz. 

Bülbül Quliyeva

Nəşr edilib : 05.09.2023 18:12