AZ EN RU

Yeni tədqiqatlar tariximizin açılmamış səhifələrini üzə çıxarır

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan elminin inkişafını daim diqqət mərkəzində saxlamış, onun inkişafına qayğı göstərmişdir. Ulu Öndər elmin inkişafının yalnız mərkəzdə cəmlənməsi ilə razılaşmamış, Azərbaycanın regionlarında da elmin inkişafı üçün tutarlı tədbirlər görmüşdür. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması ilə bağlı görkəmli dövlət xadiminin müvafiq Sərəncamı bunun bariz nümunəsi idi.

    2002-ci il avqust ayının 12-də AMEA Naxçıvan Bölməsinin yaradılması ilə bağlı iclasda çıxış edərkən Ulu Öndər Heydər Əliyev demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən, dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazır­lanması məqsədi daşıyıram”. XX əsrdə Azərbaycan Respublikasının müstəqillik qazanması ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı üçün yeni fürsət verdi. Müstəqillik illərində ölkəmizin qarşısında duran vəzifələri dərindən təhlil edən görkəmli dövlət xadimi deyirdi: “Müstəqillik haqqında şüar demək, yaxud onun haqqında yaxşı bir şeir oxumaq – bu hələ müstəqilliyi möhkəmləndirmək deyildir. Müstəqilliyi möhkəmləndirmək üçün xalqımızın, millətimizin qədim tarixini, keçdiyi yolu elmi surətdə tədqiq edib, əsərlər, illüstrativ materiallar, kino-lentlər yaratmaq, bunu həm öz xalqımıza, həm də bütün dünya xalqlarına göstərmək lazımdır”.
    Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Ulu Öndərin çıxışlarından irəli gələn məsələləri həll etmək üçün geniş fəaliyyət pro­qramı hazırlayaraq onu həyata keçirmiş və bu işlər uğurla davam etdirilməkdədir. Ötən illər ərzində tarix, ədəbiyyat, incəsənət, dil və folklorumuzla bağlı dəyərli tədqiqat əsərləri nəşr olunmuşdur. Bölmənin qarşısında duran mühüm vəzifələrdən biri də xalqımızın qədim tarixinin öyrənilməsi və tarixi həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılmasından ibarət idi. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu dünyanın müxtəlif ölkələrinin universitetləri ilə, o cümlədən Amerika Birləşmiş Ştatlarının Pensilvaniya, Emory, Utah, Avstraliyanın Monaş Universiteti ilə elmi əlaqələr yaratmışdır. 2006-cı ildən başlayaraq aparılan arxeoloji araşdırmalar xeyli uğurlu nəticələr vermişdir. 
    Məlum olduğu kimi, bədxah qonşularımız Cənubi Qafqazda mövcud olan qədim abidələri və arxeoloji mədəniyyətləri öz adlarına çıxmağa cəhd etmişlər. Orta Tunc dövrünə aid Qızqala yaşayış yerinin beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası tərəfindən öyrənilməsi nəticəsində boyalı qablarla fərqlənən Orta Tunc dövrü mədəniyyətinin Naxçıvanla bağlı olduğunu bir daha təsdiq etmişdir. Beynəlxalq arxeoloji ekspedisiyanın Qızqala yaşayış yerində, həmçinin Bəzəkli, Qazançıqala, Qurddağ, Göynük qalası və digər abidələrdə müdafiə divarlarının aşkar edilməsi Orta Tunc dövründə Naxçıvanda böyük hərbi potensiala malik olan tayfaların yerləşdiyini göstərir. Bu tayfaların bir qismi oturaq, digər bir qismi yarımköçmə maldarlıqla məşğul olmuşdur. Qızqala ətrafındakı kurqanlardan skelet qalıqlarının aşkar olunması isə boyalı keramika ilə seçilən Orta Tunc dövrü mədəniyyətinin mənsubiyyəti və onun yaradıcıları haqqında yeni fikirlər deməyə imkan verəcəkdir. 2015-ci ilin ikinci yarısında bu abidələrin tədqiqi zamanı yeni faktlar aşkar olunmuşdur. İnsan skeletlərinin dişlərindən götürülən izotopların analizi zamanı müəyyən olunmuşdur ki, Arpaçay vadisində məskunlaşan qədim tayfaların məskəni Naxçıvan olmuşdur. Onlar yaz və yayda Arpaçay vadisi ilə indiki Ermənistan ərazisinə doğru hərəkət edərək yaylaqlardan istifadə etmiş və geri dönərək bu vadidə – Qızqala yaşayış yerində yaşamışlar. Eramızdan əvvəl II minilliyin ortalarında Yaxın Şərq və Cənubi Qafqazda baş verən ictimai-siyasi proseslər, tayfalararası ziddiyyətlərin artması Arpaçay vadisində, Şərur düzündə yaşayan tayfaları müdafiə mövqeyi tutmağa məcbur etmiş, yaşayış yerində iri daşlardan qala divarları inşa edilmişdir. Bu tip qala divarlarına Cənubi Qafqazın digər Orta Tunc dövrü yaşayış yerlərində rastlanmaması Naxçıvanda yaşayan tayfaların regionun siyasi həyatında mühüm rol oynadığını göstərir. Tədqiqatların yekunu Cənubi Qafqazın Orta Tunc dövrü Boyalı qablar mədəniyyətinin Naxçıvan, Urmiya hövzəsi və Şərqi Anadoluda məskunlaşan oturaq və yarımköçəri həyat tərzini mənimsəyən tayfalara məxsus olduğunu təsdiq etmişdir.
    Cənubi Qafqazda Dəmir dövrünün  ən böyük abidələrindən biri olan Oğlanqala yaşayış yerində 2008-2012-cu illərdə beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası tərəfindən tədqiqatlar aparılmışdır. Həmin tədqiqаtlаr Nахçıvаn tаriхinin öyrənilməmiş səhifələrini üzə çıхаrmаğа imkаn vеrmişdir. Аrаşdırmаlаr еramızdan əvvəl IХ-VI əsrlərdə Оğlаnqаlаnın müstəqil dövlətin mərkəzi оlduğunu və urаrtulаrа qаrşı müvəffəqiyyətlə mübаrizə аpаrdığını göstərir. Аrхеоlоji tаpıntılаr göstərir ki, bu dövrdə Хоcаlı-Gədəbəy mədəniyyəti tаyfаlаrının Nахçıvаndа məskunlаşmаsı və Nахçıvаn tаyfаlаrının Göyçə ətrаfındаkı Еtiuni tаyfаlаrı ilə ittifаq yаrаtmаsı оnun yаdеlli işğаlçılаrа müqаvimət göstərməsinə imkаn yаrаtmışdır. 
    2019-2022-ci illərdə Dəmir dövrünün mühüm abidəsi olan Sədərək Kültəpəsində aparılan tədqiqatlar bu yaşayış yerinin Cənubi Qafqazda, o cümlədən  Azərbaycanda Dəmir dövrünə aid ən qədim şəhər yeri olduğunu göstərmişdir. Arxeoloji araşdırmalar zamanı şəhərtipli strukturların, təqribən, eramızdan əvvəl 900-790-cı illərdə, yəni urartuların Cənubi Qafqaza yürüşlərindən xeyli əvvəl salındığını təsdiq etmişdir. Qeyd etmək istəyirik ki, Yaxın Şərq və Cənubi Qafqazda formalaşan Urartu dövlətinin ermənilərlə etnik baxımdan yaxın olması ilə bağlı bəzi erməni alimlərinin uydurma fikirləri hazırda dünya alimləri tərəfindən alt-üst edilmişdir. Urartu dilinin mənşəcə türk dilləri ilə bağlılığı da söylənmişdir. Digər tərəfdən, Urartu işğallarına qədər Azərbaycanda, o cümlədən Naxçıvanda Etiuni tayfalarına məxsus mədəniyyət mövcud olmuşdur. 2023-cü il mayın 16-da Sədərək Kültəpəsinin tədqiqi zamanı aşkar olunan şəhərin strukturlarının öyrənilməsinə başlanmışdır. Tədqiqatlar zamanı Sədərək şəhərində daş döşəməli yeni küçənin qalığı aşkar edilib. Ümidvarıq ki, yeni tədqiqatların davamı tariximizin açılmamış səhifələrinin üzə çıxarılması ilə nəticələnəcəkdir.

  Vəli BAXŞƏLİYEV
 AMEA-nın müxbir üzvü

Nəşr edilib : 05.09.2023 19:02