AZ EN RU

Yeni təcrübələr, özünüifadə və peşəkar inkişaf imkanları: könüllülük fəaliyyəti

    Azərbaycanın könüllülük hərəkatının tarixi, ölkənin müstəqilliyini qazandıqdan sonra xüsusi bir inkişaf yoluna keçib. Müstəqillikdən əvvəl könüllülük fəaliyyətləri, əsasən, dövlət tərəfindən idarəolunan və ideoloji məqsədlərə xidmət edən təşkilatlar tərəfindən həyata keçirilirdi. Ancaq müstəqillikdən sonra könüllülük daha çox fərdi təşəbbüs və cəmiyyətə xidmət ruhuna əsaslanmağa başladı.

    Azərbaycanda könüllülük hərəkatı 90-cı illərin sonlarına doğru genişlənməyə başladı. Bu dövrədək, əsasən, gənclərin təşkil etdiyi bu hərəkat müxtəlif sosial, mədəni və ekoloji layihələrdə fəal iştirak edərək ölkənin təhsil, sağlamlıq, ətraf mühitin qorunması kimi bir çox sahələrində könüllü fəaliyyətlər geniş yayıldı.
    2000-ci illərin başlanğıcında Azərbaycanda könüllülük daha institusional xarakter alaraq bir çox yerli və beynəlxalq təşkilatlarla yeni əməkdaşlıqlar quruldu. Bu təşkilatlar könüllülərə təlim və tədris imkanları təqdim etməklə onların bacarıqlarını artırdı və daha effektiv fəaliyyət göstərmələrinə köməklik göstərdi.
    Hazırda Azərbaycanın könüllülük hərəkatı daha geniş bir spektrdə fəaliyyət göstərir. Bu hərəkat xüsusən gənclər arasında özünüifadə, şəxsi və peşəkar inkişaf imkanları yaradaraq, onların cəmiyyətdəki rolunu gücləndirməkdə davam edir. Könüllülük, eyni zamanda ölkənin sosial rifahına və davamlı inkişafına töhfə verən mühüm bir faktor kimi qalmaqdadır. Bu proses həm yerli, həm də qlobal səviyyədə əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinə xidmət edir.
    Prezident cənab İlham Əliyev könüllülər haqqında demişdir: “Ümumiyyətlə, gənclər son illər ərzində ictimai həyatda çox fəal rol oynayırlar. Mən xüsusilə könüllüləri qeyd etmək istərdim. Mən çox şadam ki, qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazana biliblər, bizim ümumi işimizə çox böyük töhfə verirlər. Mən daim onların fəaliyyətini izləyirəm və onların fəaliyyətinə yüksək qiymət verirəm”.
     Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisələrindən biri olaraq Naxçıvan Dövlət Universiteti tələbələrinin könüllü fəaliyyətlərə qoşulmasını təşkil etməkdə önəmli bir rol oynayır. Universitet tələbələrin şəxsi və peşəkar inkişafına yönəlik geniş imkanlar təqdim etməklə yanaşı, onların cəmiyyətə müsbət təsir göstərmələrini də dəstəkləyir. Bu mənada, universitetdə könüllü fəaliyyətin təşkili, tələbələrə ətraf mühitin qorunması, təhsil, sağlamlıq və sosial yardım kimi sahələrdə fəaliyyət göstərmək imkanı yaradır.
    Naxçıvan Dövlət Universitetinin könüllü fəaliyyət proqramları, tələbələri həm yerli cəmiyyətlərlə, həm də milli və beynəlxalq təşkilatlarla əlaqələndirir. Bu proqramlar tələbələrə cəmiyyətə faydalı olmaq, praktiki təcrübə qazanmaq və liderlik qabiliyyətlərini inkişaf etdirmək imkanı verir. Könüllü fəaliyyətlər tələbələrin həm akademik, həm də şəxsi bacarıqlarını artırmağa yardım edir.
    Universitetdə təşkil edilən könüllü fəaliyyətlər arasında ətraf mühitin qorunması, təhsilə dəstək, sağlamlıq sahəsində maarifləndirmə, xüsusilə də uşaq və yaşlı insanlara yardım proqramları yer alır. Naxçıvan Dövlət Universitetində tələbələrin sosial məsuliyyət hissini gücləndirməyə və cəmiyyətdə fəal rol oynamalarına kömək edən müxtəlif layihələr və tədbirlər təşkil edilir.
    Bundan əlavə, Naxçıvan Dövlət Universiteti könüllülük proqramları çərçivəsində tələbələrə təlimlər və seminarlar təşkil edərək onların könüllü fəaliyyətlərə daha effektiv qoşulmalarını təmin edir. Bu təlimlər tələbələrə lazımi bilik və bacarıqları öyrədir və onların cəmiyyətdə müsbət dəyişikliklər yaratmalarına köməklik göstərir.
    Naxçıvan Dövlət Universiteti, həmçinin yerli və beynəlxalq əməkdaşlıqlar vasitəsilə tələbələrinə daha geniş bir platforma təqdim edir. Bu əməkdaşlıqlar tələbələrə müxtəlif mədəniyyət və cəmiyyətlərlə tanış olmaq və onlarla əməkdaşlıq etmək imkanı verir. Nəticədə, tələbələr beynəlxalq miqyasda təcrübə qazanırlar.
    Naxçıvan Dövlət Universitetində hazırda İT könüllüləri, Media könüllüləri, Turizm könüllüləri, Texnologiya Mərkəzi Könüllüləri, Tələbə Həmkarlar İttifaqı Könüllüləri, Universitet Gənclər Təşkilatı Könüllüləri olmaqla, 6 könüllülük təşkilatı fəaliyyət göstərir. Universitet üzrə könüllü fəaliyyətinə cəlb edilən tələbə sayı isə 1000-dən artıqdır. Universitet tələbələrinin könüllü fəaliyyəti təkcə universitet ərazisindəki tədbir və layihələrlə məhdudlaşmır. Bu gün Naxçıvan Dövlət Universitetinin tələbələri Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət orqanlarında – Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində, Gənc­lər Fondunda, Kənd Təsərrüfatı Nazirliyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Səhiyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Naxçıvan Baş Gömrük İdarəsində, Naxçıvan Regional “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərirlər. Naxçıvan Dövlət Universitetindən müxtəlif dövlət orqanlarının könüllü fəaliyyətində iştirak edən tələbələrin sayı 500-dən artıqdır.
    Naxçıvan Dövlət Universitetində könüllü fəaliyyətin təşkili, tələbələrin şəxsi və peşəkar inkişafı üçün mühüm bir addımdır. Bu fəaliyyətlər onların cəmiyyətə müsbət təsir göstərmələrini, liderlik və təşkilatçılıq qabiliyyətlərini inkişaf etdirmələrini və daha geniş dünyagörüşünə sahib olmalarını təmin edir.

Əziz QASIMOV
Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri
Hüseyn İMANOV
Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

Nəşr edilib : 05.12.2023 17:47