AZ EN RU

Yeni tarixini yazan yurd yeri: Ordubad

İnkişaf edən bölgələrimiz

Tarixə qısa ekskurs

Boya-başa çatdığım Ordubada hər yolum düşəndə bu qədim yurd yerinin əsrarəngiz gözəllikləri, qonaqpərvər insanları, tarixi-memarlıq abidələri, özünəməxsus mətbəxi, dünyanın müxtəlif ölkələrinə gedib çıxan dadlı-tamlı meyvələri, ətirli limonu... barədə səyyahların, tarixçilərin, buraya gələn qonaqların söylədiklərini xatırlayır, qürur hissi keçirirəm. Ordubada ən böyük və ən gözəl qiyməti isə ulu öndər Heydər Əliyev verib: “Ordubad Azərbaycanın incisidir”. Bu inci haqqında XVII əsr tarixçisi İsgəndər Münşinin sözləri yadıma düşür: “Günəş Ordubadın ulduzudur. O, behiştə verilən tərifə layiqdir. Huri-mələklərin gözünü onun Nəzərə dağı işıqlandırır”. Ordubad həm də tarixiliklə müasirliyin harmoniyasını yaşadaraq gələcək nəsillərə ərməğan etməyə hazır bir bölgədir. Nuhun ayağı dəydiyi Gəmiqaya bu yurdun ilkin yaşayış məskəni olduğunu ortaya qoyur. Mənbələrdə Ordubadın şəhər kimi formalaşması V-VI əsrlərə aid edilir; adı isə ilk dəfə VII əsrdə çəkilib. Deyilənləri bir daha sübut edən mənbələr sırasında Ordubadda izləri yaşayan Gilan və Azad şəhərləri, buraya ayaq basanlara İçərişəhəri xatırladan qədim məhəllələri yada salmaq olar.

    Burada isə Ordubada səfər etmiş amerikalı jurnalist və tədqiqatçı Peter Tasenin dediklərini xatırlamaq yerinə düşür: “Ordubadın gözəl mənzərəsi var. İnsanları çox qonaqpərvər və istiqanlıdır. Gözəl mənzərələr və müasir infrastruktur turistlərin diqqətini cəlb edir. Ordubad şəhərində yaradılmış infrastruktur, həqiqətən də, Qərbi Avropanın şəhərlərindəki kimidir. Tarixən strateji yer hesab olunan Ordubada səfər edən turist və tədqiqatçılar buranın qədim mədəniyyətini tanımaq imkanı əldə edir. Ordubad şəhərində XVI əsrə aid olan, hazırda muzey kimi fəaliyyət göstərən tarixi Qeysəriyyə binası var. Tarixən bu regionda 3 belə Qeysəriyyə binası olub. Digər iki Qeysəriyyə binası Səmərqənd və Təbrizdədir. Bu gün valehedici Ordubad şəhəri Şərq aləminin canlı muzeyi hesab olunur. Avropa və Asiya arasında coğrafi və etnoqrafik əlaqəni təmin edən şəhər öz tarixini və ənənələrini qoruyaraq nəsildən-nəslə ötürür”.

    Hər dəfə Ordubada gedərkən rayon ağsaqqalı və ziyalısı Qüdrət Mehdiyevlə maraqlı müsahib, doğma yurd yerinin tarixini dərindən bilən bir insan kimi görüşməyə, onunla söhbətləşməyə daxili bir ehtiyac duyuram. Elə bu dəfə də belə oldu. Qüdrət müəllim deyir ki, Ordubadın bu gününün təməli ötən əsrin yetmişinci illərindən başlayıb. O illərdə tikinti-quruculuq işləri genişləndirilib, rayon mərkəzində və böyük kənd yaşayış məntəqələrində müxtəlif təyinatlı obyektlər həyata vəsiqə alıb. Bu gün Ordubad şəhərindəki bütün ictimai yaşayış binaları, bir neçə inzibati obyekt o illərin yadigarlarıdır. Bu illərdə sənayenin, kənd təsərrüfatının inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. 1926-cı ildə Ordubadda barama toxumu istehsal edən zavod və corab-kəlağayı fabriki fəaliyyətə başlayıb. Rayonda ipəkçiliyin inkişafı XIX əsrin sonlarına gedib çıxır. XX əsrin əvvəllərində artıq Ordubadda güclü ipəkçilər yetişmişdi. Onların istifadə etdikləri texnoloji avadanlıqlar burada yüksəkkeyfiyyətli ipək istehsalına imkan vermişdi. 1924-1940-cı illərdə bölgədə xam ipək istehsalı 2 min tondan 17 min tona çatdırılmışdı. Bu qiymətli məhsullar 13 dəfə qızıl medala layiq görülmüşdü. Rayon mərkəzindəki baramaaçan fabriki iki növbədə işləməklə burada yüzlərlə ordubadlı özünə iş yeri tapmışdı.

    Qüdrət Mehdiyevin sözlərinə görə, Naxçıvanda yeyinti sənayesinin bünövrəsi də Ordubadda qoyulub. Belə ki, 1928-ci ildə Ordubadda meyvə-konserv zavodunun fəaliyyətə başlaması burada yeni iş yerlərinin yaradılmasına və bölgədə yetişdirilən dadlı-tamlı meyvələrdən istifadə edərək müxtəlif konservlər hazırlanmasına imkan vermişdi. Zavodda cəviz, tut, alma, heyva, armud, şaftalı, gilənar, gilas, qızılgül mürəbbələri, kompotlar hazırlanaraq SSRİ-nin müxtəlif respublikaları ilə yanaşı, xarici ölkələrə də göndərilirdi. Burada yetişdirilən meyvələr dəfələrlə beynəlxalq sərgilərə çıxarılmış,  9 qızıl medal almışdı.      

    400-dən artıq alim yetişdirən Ordubadda həmin dövrlər təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı istiqamətində də gözəçarpan nailiyyətlər əldə edilib. Bir neçə muzey yaradılıb. Azərbaycan Elmlər Akademiyasının Ordubad şəhərində  2 xüsusi elmi-texniki konstruktor bürosu fəaliyyət göstərib. 
    Ordubad şəhərinin qoruq şəhəri statusu alması da ulu öndərin bu bölgəyə verdiyi töhfədir. 
    Sovet dönəminin son illərində bütün bölgələrimiz kimi, Ordubad rayonu da baş verən hadisələrdən sığortalana bilmədi. Ölkədə tüğyan edən anarxiya, xaos, özbaşınalıq bu bölgənin də qaynar həyatını pozdu. Bəzi idarə və müəssisələr fəaliyyətini müvəqqəti olaraq dayandırdı. XX əsrin 70-80-ci illərində yaradılmış emal və istehsal müəssisələri iflic vəziyyətə düşdü. Bərəkətli torpaq sahələri əkilməmiş qaldı. Çətinliklər ordubadlıları sıxsa da, onlar doğma yurd yerindən üz döndərmədilər. Vətən, torpaq təəssübü hər şeyə üstün gəldi. Çünki onlar hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanırdılar. Və bu inamlarında yanılmırdılar. Bu ziya xalqımızın ümummilli lideri Heydər Əliyev idi. Ulu öndər Moskvadan Naxçıvana qayıdandan sonra Ordubad rayonuna gəldi. Rayon mərkəzindəki böyük meydanda ordubadlıların ulu öndərimizi necə qarşılaması bu sətirlərin müəllifinin gözləri önündədir. 

Bəs bu gün və ya qısa statistika

    2021-ci ildə əvvəlki illə müqayisədə sənaye məhsulu 1,6, əsas kapitala yönəldilən vəsaitlər 2,6, kənd təsərrüfatının məhsulu 3,5, nəqliyyat sektorunda yük daşınması 1,6, informasiya və rabitə xidmətləri 0,5, pərakəndə əmtəə dövriyyəsi 2,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 1,8 faiz artıb. Bu dövrdə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 14 istehsal və xidmət sahəsi yaradılıb. 
    İllərdir ki, rayonda müxtəlif istiqamətli quruculuq tədbirlərinin həyata keçirilməsi bölgənin həyat ritminə çevrilib. Onu da qeyd edək ki, belə tədbirlərdə rayonun tarixi-memarlıq simasının qorunması diqqətdə saxlanılır, bununla belə, tarixiliklə müasirliyin vəhdətinin yaradılmasına ciddi önəm verilir. 2021-ci il də bu baxımdan əlamətdar olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il may ayının 10-da muxtar respublikaya səfəri zamanı Ordubad rayonunda da bir sıra obyektlərin açılışında iştirak edib. Bu səfər bölgənin tarixinə ilin ən yaddaqalan hadisəsi və yeni inkişaf mərhələsinin başlanğıcı kimi yazılıb. 
    Yeri gəlmişkən onu da qeyd edək ki, ötən il iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 61878,6 min manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 59 milyon 137 min 200 manat təşkil edib. 
    2021-ci ildə rayonda 63 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 23 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. Belə ki, bəhs olunan dövrdə Kapital Bankın Ordubad filialının inzibati binasının tikintisi başa çatdırılıb, inşa olunan 5 kənd mərkəzində çalışan əməkdaşlara normal iş şəraiti yaradılıb. 
    Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib; rayonda əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 15 min 405 kvadrat­metr yaşayış sahəsi istifadəyə verilib. 
    Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi, Behrud, Dəstə və Kələki kəndlərində yeni kapitajların tikintisi yekunlaşdırılıb. Bu dövrdə Culfa-Ordubad magistral və Yuxarı Əndəmic-Nüsnüs, Ordubad şəhər-Aşağı Əndəmic kənd avtomobil yolları yenidən qurulub. 
    Nüsnüs kəndində bir körpü tikilib, Nüsnüs, Vələver, Aza və Qoşadizə kəndlərində bir körpünün təmiri, Nüsnüs, Yuxarı Əndəmic, Aşağı Əndəmic, Dırnıs və Vələver kəndlərində xidmət mərkəzlərinin tikintisi başa çatdırılıb, Kələki, Unus və Pəzməri kəndlərində xidmət mərkəzlərinin, Anaqut kəndində istirahət mərkəzinin tikintisi davam etdirilib.
    Təhsil quruculuğu istiqamətində Ordubad şəhərində 1 nömrəli, Nüsnüs, Aşağı Əndəmic, Dırnıs kənd­lərində tam orta məktəb binalarının yenidən qurulması, Vələver kəndində tam orta məktəb binasının tikintisinin başa çatdırılması bu sahədə yeni uğurlar qazanılmasına şərait yaradıb. 
    Ordubad Rayon Uşaq Xəstəxanası binasının yenidən qurulması, Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində  həkim ambulatoriyası binalarının, Vələver kəndində feldşer-mama məntəqəsinin tikintisinin başa çatdırılması bölgədə səhiyyə xidmətinin yüksəldilməsinə öz təsirini göstərib. 
    Rayonda idmanın inkişafı da diqqətdə saxlanılıb, Ordubad Şəhər Stadionunun yenidən qurulması rayon idmançılarına böyük hədiyyə olub.

Ən vacib sahələrdən biri: 
iqtisadiyyat

Ordubad Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Zamiq Babayev deyir ki, iqtisadiyyatın  inkişafına nail olmaq hər bir inkişaf etmiş ölkənin qarşısında duran ən prioritet vəzifədir. Çünki ancaq bununla ərzaq təhlükəsizliyini və digər sahələrin inkişafını təmin etmək olar. Ona görə muxtar respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlərdən bu bölgəyə də xeyli pay düşüb. Bunu sənaye sahələrində də görmək olar.
    2021-ci ildə sənaye məhsulunun dəyəri 2020-ci illə müqayisədə 1,6 faiz artaraq 4 milyon 688 min manat olub. 
    Qeyd edək ki, Ordubad rayonu daha çox aqrar bölgədir. Burada kənd təsərrüfatının, demək olar ki, bütün sahələrinin inkişafı üçün təbii imkanlar mövcuddur. Son illər rayonda aqrar sahəyə göstərilən hərtərəfli dövlət qayğısı daha böyük nailiyyətlər əldə edilməsinə imkan verib. Ötən il də əhalinin ərzaq məhsullarına olan tələbatının keyfiyyətli yerli məhsullar hesabına ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, daxili bazarda məhsul bolluğu yaradılıb.
    2021-ci ilin məhsulu üçün rayonda 3937 hektar sahədə əkin aparılıb. Taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 2021-ci ildə 524 hektarını buğda, 1073 hektarını isə arpa təşkil etməklə, 1597 hektar taxıl zəmilərindən 4556 ton, 586 hektar kartof əkini sahəsindən 8705  ton kartof tədarük edilib. 487 ton dənli-paxlalılar (qarğıdalısız), 6 ton dən üçün qarğıdalı, 5789 ton tərəvəz, 120 ton ərzaq üçün bostan məhsulları istehsal  olunub.
    Kənd təsərrüfatının əsas sahələrindən biri kimi heyvandarlığın inkişafı istiqamətində keçirilən tədbirlər davam etdirilib, diri çəkidə 3258,2 ton ət, 6322,7 ton süd, 13 milyon 382 min 400 ədəd yumurta istehsal olunub. 2020-ci illə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 2,3 faiz, yumurta istehsalı 1,2 faiz artıb. Bütün təsərrüfat sahələrində qazanılan uğurlar ordubadlı torpaq mülkiyyətçilərinin muxtar respublikada ərzaq təhlükəsizliyinə, yerli məhsul bolluğuna töhfəsi kimi dəyərləndirilməlidir. Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2021-ci ildə bir il öncəyə nisbətən 3,5 faiz çox, yəni 48 milyon 692 min 700 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. 
    Ailə təsərrüfatçısı Yaqut Babayeva deyir ki, istehsal etdiyimiz məhsulların qablaşdırılmasında, satışa çıxarılmasında və digər sahələrdə rastlaşdığımız ən kiçik çətinlik yerindəcə aradan qaldırılır, əhalinin məşğulluğu təmin olunur.
    Tarixən meyvəçilik diyarı kimi tanınan Ordubadda son illər yaşıllaşdırma tədbirləri daha geniş vüsət alıb. İl ərzində belə tədbirlər davam etdirilib. İməciliklər yolu ilə 8,7 hektar yeni bağ salınıb, 10 hektar sahədə bərpa işləri həyata keçirilib. 
    Sadalanan bu rəqəmlər qazanılan  müvəffəqiyyətlərin bir qismini əks etdirir. Çünki digər sahələrdə də yüksək uğurlara nail olunub. Hər bir uğurun arxasında isə insan amilinə, onun layiq olduğu səviyyədə yaşayışına, fəaliyyət göstərməsinə hərtərəfli dövlət qayğısı dayanır, belə qayğının davamlı xarakter alması isə rayon sakinlərini doğma torpağa daha sıx tellərlə bağlayır. Onların qurub-yaratmasına, Ordubadın gözəlliklərini qoruyub-saxlamalarına, daha da zənginləşdirmələrinə sövq edir. 
    “Azərbaycanın incisi” haqqında bu kiçik qeydləri qələmə alıb başa çatdıranda tarix elmləri doktoru, professor Teymur Bünyadovun sözlərini xatırladım: “Ordubadda gözəlliklərdən doymursan, öz-özünə deyirsən: Ordubadı görməyən nə Vətən görüb, nə vətənpərvərlik görüb, nə də gözəllik duyub”. Ordubadı olduğu kimi görmək üçün Ordubada gedin! Gördükləriniz isə ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti, misilsiz dühası ilə təməli qoyulan inkişaf mərhələsinin Ordubadda  uğurla və sədaqətlə davam etdirilməsi və bölgənin yazılan yeni tarixidir. 

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 28.02.2022 20:21