AZ EN RU

Yeni şeir kitablarının təqdimatı olub

    Şair, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Prezident mükafatçısı Qanun Ümmanın “İnsan olmaq” və “Ömrün gül ətri” adlı şeir kitablarının təqdimat mərasimi keçirilib. 
    Tədbirdə əvvəlcə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şair Asim Yadigar açıb, müəllifin yaradıcılıq məhsulu olan şeir kitabları barədə iştirakçılara geniş məlumat verib. Qeyd olunub ki, şairin 2010-cu ildə çapdan çıxan “Ruhumdan qələmimə”, 2012-ci ildə çap edilən “Mənim duyğu dənizim” şeir kitablarından sonra oxucularının görüşünə gələn bir-birindən maraqlı, fəlsəfi və lirik şeirlərinin, poemalarının cəm olduğu “İnsan olmaq”, sevgi və məhəbbət mövzusunda yazdığı şeirlərinin yer aldığı “Ömrün gül ətri” şeir kitabları dəyərli poetik nümunələrlə zəngindir. 
    Asim Yadigar diqqətə çatdırıb ki, Qanun Ümmanın yaradıcılığında insan həyatı və sevgi mövzuları böyük dəyərə sahibdir. 
    Naxçıvan Dövlət Universitetinin dosenti, tarixçi alim İsmayıl Zeynalov çıxış edərək milli ədəbiyyatımızın zəngin tarixi barədə danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan ədəbiyyat tarixinin ayrı-ayrı dövrləri, mərhələləri xalqın tarixinin ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan ədəbiyyatının müasir inkişaf mərhələsində yer alan şeirlər, poemalar öz soykökləri etibarilə türklüyün təfəkkür tərzindən süzülüb gələn humanizm ideyalarına, əxlaqi dəyərlərə söykənir. Şair Qanun Ümmanın oxuculara təqdim etdiyi hər iki şeir kitabı sözügedən mövzuları öz parametrləri ilə əks etdirə bilib. Oxucu həmin şeirlər vasitəsilə şairin daxili aləmindən xəbərdər olur, onun insanları, real həyatı və sevgi dünyasını necə görmək istədiyini hiss edir.
    Babək rayon dini icmasının sədri Hacı Qasım Qasımov, “Şərq qapısı” qəzetinin məsul katibi, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalistləri Muxtar Məmmədov, yazıçı-publisist Hüseyn Əsgərov çıxış edərək şairi kitabların nəşri münasibətilə təbrik ediblər.
    Digər çıxış edənlər vurğulayıblar ki, hər iki şeir kitabında ümumbəşəri mövzulara toxunan və Azərbaycan poeziyasında fərqli bir cığır açaraq öz üslubunu yaratmış, şeirlərinin hər birində insanı mənəvi paklığa, birliyə, bərabərliyə səsləyən Qanun Ümman poeziyası aqil insana yaradıcı ruhundan başqa heç bir kənar iradəyə boyun əyməməyi, bu yolda mətinlik, mübarizlik, əyilməzlik göstərməyi arzulayır. Bu səbəbdən də şairin özü də, sözü də, yaradıcılığı da fərqli və dəyərli missiya daşıyır. 
    Sonra müəllif çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib. Sonda kitabların imza mərasimi keçirilib. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 28.11.2022 20:55