AZ EN RU

Yeni seçilmiş könüllülər ilə görüş keçirilib

    Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov deyib ki, muxtar respublikada gənclərin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması daim diqqət mərkəzindədir. Vurğulanıb ki, dövlət gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri də könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gənclər məhz könüllülük fəaliyyəti ətrafında birləşərək öz peşəkarlıqlarını və təcrübələrini artırırlar. Bildirilib ki, könüllülüyün ən böyük əhəmiyyəti ondan ibarətdir ki, bu fəaliyyətdə olarkən insan, həqiqətən, özünü cəmiyyət üçün faydalı hiss edir, müəyyən bir təcrübə toplayır və sonrakı fəaliyyətində ondan istifadə edir. Könüllü fəaliyyətin əhəmiyyəti nəzərə alınaraq fevralın 12-də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ilk könüllü dəstəsinin formalaşdırılması məqsədilə Könüllülük Proqramı elan edilib. Fevral ayının sonunadək davam edən qeydiyyat mərhələsində sosial şəbəkələr üzərindən elektron ərizələr qəbul olunub. Müraciət edənlər arasında qənaətbəxş sayılan ərizə sahibləri müsahibə mərhələsinə daxil olub. Bu mərhələdə isə 150 gəncdən 30-u seçilərək Gənclər Birliyinin könüllülük dəstəsi formalaşdırılıb. Gender, təhsil müəssisələrinə görə balans və digər nüanslar nəzərə alınaraq seçilən 30 gənc 6 ay müddətində könüllü kimi fəaliyyət göstərəcək. Fəaliyyətini uğurla başa vuran gənclər Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən sertifikatla təltif olunacaq.
    Qeyd edilib ki, gənclərin Yeni Azərbaycan Partiyasının sıralarında olması bu partiyanın ideyasını dəstəkləmək, Azərbaycan dövlətinin və dövlətçiliyinin keşiyində dayanmaq, bu yolda yorulmadan çalışmaq deməkdir. Arzu Qasımov yeni seçilmiş könüllüləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayaraq bildirib ki, könüllülər yeni layihə və təkliflərlə çıxış etməli, birliyin fəaliyyətinə öz töhfələrini verməlidirlər. 
    Sonra könüllü fəaliyyətə cəlb olunmuş gənclərlə qarşılıqlı məsuliyyətləri əks etdirən müqavilələr imzalanıb. 
    Könüllülərin təklif və ideyaları dinlənildikdən sonra onlar üçün Bakı şəhərindən dəvət olunmuş  Azərbaycan Könüllü Təşkilatları İttifaqının layihə meneceri Vüqar Əliyev tərəfindən könüllülük fəaliyyəti, onun faydaları, könüllünün məsuliyyət və vəzifələri və digər mövzuları əhatə edən interaktiv təlim keçilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.04.2022 18:58