AZ EN RU

Yeni salınan körpülər istifadəyə verilib

    Ölkəmizdə, eləcə də muxtar respublikamızda yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər sürətlə davam etdirilir. Məlumdur ki, tikinti-quruculuq, infrastruktur layihələri sırasında yol çəkilişi əsas yerlərdən birini tutur. Çünki yollar yeniləndikcə ölkədə iqtisadi həyat daha da canlanır, kənd təsərrüfatı, turizm və digər sahələrdə inkişaf sürətlənir. Yolların müasir səviyyədə inşası  əhalinin rahatlığını və avtomobillərin intensiv hərəkətini təmin edən əsas sosial amillərdən biridir. Belə tədbirlərin davamı olaraq Şahbuz və Ordubad rayonlarında  da yeni salınan körpülərin inşası başa çatdırılıb. Körpülərə gedən yollarda yaxın günlərdə asfaltlama işləri aparılacaq. 
    Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən Şahbuz rayonunun Qızıl Qışlaq kəndində çay yatağı üzərində yeni körpünün salınması işinə başlanmışdı. Əvvəllər burada kənd sakinlərinin özünün saldığı təhlükəli, istifadəyə yararsız körpü var idi. Lakin körpüdən mütəmadi istifadə etmək məcburiyyətində olan ailələrin şikayətləri nəzərə alınaraq çay yatağı üzərində geniş, böyük, avtomobillərin də gediş-gəlişinə şərait yaradacaq körpü salındı. Bununla da insanların fasiləsiz, rahat gediş-gəlişi təmin olundu. Həmçinin yaxın günlərdə kəndin körpüyə qədər olan hissəsindəki 400 metrlik yol asfaltlanacaq, insanların rahat hərəkəti təmin ediləcək. Yolun tam bərpasından sonra insanlar, eləcə də avtomobillər əsas, magistral yola çıxmaqda çətinlik çəkməyəcəklər. 
    Belə tikinti-quruculuq tədbirlərindən biri də Ordubad rayonunda reallaşıb. Belə ki, rayonun Düylün kəndində bir körpü bərpa edilib, yeni bir körpü tikilib istifadəyə verilib. Eyni zamanda Ordubad şəhərinin Ambaras məhəlləsində də gediş-gəlişin ən sıx olan hissəsində yeni körpü inşa olunaraq insanların xidmətinə verilib. Qeyd edək ki, sözügedən körpülərin uzunluğu 12 metrdən artıqdır və tikinti-quruculuq işlərini Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirib. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 24.08.2023 19:39