AZ EN RU

Yeni quşçuluq kompleksi “Sənaye ili”nə öz töhfəsini verəcək

    Kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlıqda əsas istiqamətlərdən birini quşçuluq təsərrüfatları təşkil edir. Yaşadığımız dövrün tələbləri də göstərir ki, quş əti və yumurta bütün ölkələrdə ən çox istehlak edilən ərzaq məhsullarıdır. Quş ətinin digər ev heyvanlarının əti ilə müqayisədə ucuz olması, yumurtanın çoxsaylı faydaları və hər kəs üçün əlçatanlığı bu məhsullardan istifadəni ildən-ilə daha da artırır. Təsadüfi deyil ki, muxtar respublikamızda da ənənəvi istehsal sahələrindən olan quşçuluq təsərrüfatları geniş yayılmış məşğuliyyət sahələrindəndir.

    Son illərdə sahibkarlığa göstərilən dövlət dəstəyi nəticəsində quşçuluq təsərrüfatlarının da sayı dəfələrlə artıb, daxili bazarın yerli məhsullarla təminatı üçün potensial baza yaranıb. İldən-ilə artan təsərrüfatların sayı bu sahədə məşğulluğun təmin edilməsində böyük rol oynayıb. Hətta bu cür təsərrüfatların mövcud potensialını düzgün istiqamətləndirmək, onlar arasında qarşılıqlı koordinasiyasını təşkil etmək məqsədilə 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi də yaradılıb. Bütün bunlar onu göstərir ki, muxtar respublikada quşçuluq təsərrüfatları inkişaf edir, hər il yeni təsərrüfatlar yaradılır, mövcud sahələrin fəaliyyət dairəsi genişləndirilir. Belə təsərrüfatlardan biri də Kəngərli rayonunun Qabıllı kəndində yaradılan “Qabıllı Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 

    Bu cəmiyyət 2021-ci ilin dekabr ayında Nazirlər Kabinetinin müvafiq qərarı ilə muxtar respublikada işaxtaran şəxslərin, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyi yanında Dövlət Məşğulluq Agent­liyinin tabeliyində yaradılıb. Qərarın qəbul edilməsindən sonra hələ Sovetlər Birliyi dövründə Qabıllı kəndində mövcud olmuş quşçuluq kompleksinin yenidən qurulmasına başlanılıb. Ərazidə olarkən öyrəndik ki, buradakı tikinti-quruculuq işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin kollektivi tərəfindən aparılır.
    İş icraçısı Etibar Hüseynov bildirdi ki, yeni qurulan kompleks yumurta istehsalı üçün nəzərdə tutulub. Ötən müddətdə buradakı ərazidə torpaq və hamarlama işləri aparılıb, inzibati və istehsal sahələri üçün binalar tikilib. Belə ki, əsas istehsal sahəsi olaraq fəaliyyət göstərəcək iki binada inşaat işləri başa çatdırılıb. Hər biri 1314 kvadratmetr olan binaların birində qəfəslərin və elevatorların quraşdırılması işləri görülür, ikinci binanın daxilində  isə boyaq işləri aparılır. Ərazidə eyni sahəyə malik digər bir bina isə anbar üçün nəzərdə tutulub. Hazırda kompleksin ərazisində kommunikasiya xətləri çəkilir, ətrafa bordürlər düzülür, bəzi yerlərdə relyef və torpaq işləri davam etdirilir.
    İş icraçısı məlumat verdi ki, kompleksdə inzibati bina, işçilər üçün mətbəx və yataq otaqlarından ibarət birmərtəbəli bina da inşa edilib və hazırda da binanın daxilində işlər davam etdirilir.
    “Qabıllı Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində baytar həkim Orxan Qasımovla da söhbət etmək imkanımız oldu. Müsahibimiz bildirdi ki, quşçuluq kompleksinin yaradılmasında məqsəd əhalinin məşğulluğu ilə yanaşı, həm də daxili bazarı yumurta ilə təmin etməkdir. Hazırda fermada quraşdırılan qəfəslər Türkiyə Respublikasından alınıb gətirilən dördmərtəbəli müasir qəfəslərdir ki, burada da toyuqların yemlənməsi, suvarılması, yumurtaların toplanması və digər texnoloji üsullarla aparılacaq. Muxtar respublikada ilk dəfə tətbiq olunacaq bu texnologiya yumurta istehsalı üçün ən müasir vasitələri özündə cəmləşdirir. Türkiyə Respublikasından gətiriləcək və məşhur yumurtalıq “Lohman klassik” cinsindən olan toyuqlardan gün ərzində 90 min ədəd yumurta alınması nəzərdə tutulur. Yaxşı məhsulun əldə olunması üçün toyuqlara qulluğun ciddi baytar nəzarəti altında saxlanması ilə bağlı sualımıza Orxan Qasımov belə cavab verdi:
    – Heyvandarlıqda quşçuluq daha çox nəzarət tələb edən sahələrdəndir. Toyuqların saxlanılmasına o qədər ciddi nəzarət edilir ki, burada heç bir prosesi gözardı etmək olmaz. Məsələn, bəzən adi bir diqqətsizlikdən bir-iki toyuğun xəstələnməsi, bütövlükdə, bütün fermadakı quşları bir gündə, bəzən isə bir neçə saatda məhv edə bilər. Təbii ki, burada əsas məsuliyyət baytar həkimlə yanaşı, həm də fermada çalışan işçilərin üzərinə düşür. Müəssisə işə başladıqdan sonra fermada çalışan işçilərin tələb olunan geyimlərdə və dezinfeksiya keçidlərindən qaydalar əsasında içəriyə daxil olub-çıxması, buradakı havatəmizləyici pərlərin, temperaturun nəzarətdə saxlanılması, ümumilikdə isə bütün idarəetmə sistemləri üçün ayrıca bir otağın ayrılması müasir quşçuluqda tətbiq olunan vasitələrdir. 
    Orxan Qasımovla toyuqların yemlənməsi prosesinə də toxunduq. Bildirdi ki, son illərdə muxtar respublikada qarışıq yem istehsalı sahələrinin fəaliyyətə başlaması bu işə öz töhfəsini verəcək, ancaq bununla bərabər, bəzi vitaminləri özündə birləşdirən yem növlərini də bura əlavə etməliyik ki, lazımi nəticələri ala bilək. Yemin hazırlanması da baytar nəzarəti altında olmalıdır ki, təlimatlara tam olaraq riayət edilsin. Həmçinin fermanın su tələbatı üçün ərazidə 120 tonluq su anbarı da inşa edilib. Buradan borularla fermaya gələn su dezinfeksiya edildikdən və nəzarətdən keçirildikdən sonra içəriyə daxil olacaq ki, bu da quşçuluqda əsas amillərdən biridir. Həmçinin öyrəndik ki, ərazidə tikilmiş anbar həm ehtiyat yemlərin, həm də fermadan tədarük edilən yumurtaların taralarda saxlanılmasında istifadə olunacaq ki, sifarişlər və daşınmalar da buradan həyata keçiriləcək. 
    Sonda bir daha onu qeyd edək ki, yumurta süfrəmizdə ən çox istehlak olunan qida məhsullarındandır. Əvvəllər bu məhsulun təminatı ilə bağlı çətinliklər də yaşamışıq. Ancaq yumurta istehsalı ilə bağlı yeni müəssisənin yaradılması həm bu sahədəki riskləri aradan qaldıracaq, həm də yumurtanın muxtar respublikadan kənarda satışını stimullaşdıracaq. Eyni zamanda yeni müəssisə muxtar respublikada elan olunmuş “Sənaye ili”nə də əsl töhfə olacaq.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 13.10.2022 18:12