AZ EN RU

Yeni Proqram, yeni vəzifələr, yeni perspektivlər

    İstənilən ölkənin sosial-iqtisadi inkişafı onun fərqli amillərinin təşkilati, tənzimləmə, quruluş, prioritetlərin ardıcıl, məqsədyönlü və səmərəli şəkildə formalaşdırılmasını tələb edir. Bu sırada ölkəmizin iqtisadi və inzibati vahidləri də istisna deyil. Müxtəlif iqtisadi, demoqrafik, sosial və digər problemlərin həllində dəqiqləşdirilmiş strateji hədəflərin müəyyən edilməsi və çoxsaylı spesifik taktiki addımların atılması yolu ilə ölkə iqtisadiyyatına, onun regionlarının fəaliyyət istiqamətlərinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu sırada istər ümumi iqtisadi, istərsə də tənzimləmə xarakteri ilə fərqlənən tədbirlərin icrası, müxtəlifməzmunlu fəaliyyətlərin həyata keçirilməsi bəlli məzmun-məna müstəvilərinin yaradılmasına səbəb olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 2023-cü il 5 iyun tarixli Sərəncamı da bu məsələləri özündə ehtiva edən, vaxtında qəbul olunmuş hərtərəfli inkişafı hədəfləyən dövlət sənədidir. Proqramla bağlı suallarımızı iqtisad elmləri doktoru, “Naxçıvan” Universitetinin professoru Mehdi Bağırov cavablandırır. 

    – Mehdi müəllim, ilk olaraq bu sualla sizə müraciət etmək istərdim. Yeni Dövlət Proqramı hansı zərurətdən qəbul edilib?
    – Müdrik siyasətçi, fikir və düşüncələri ilə nəinki ölkəmizin, həmçinin bir çox ölkələrin iqtisadiyyatına dəyərli töhfələrini vermiş, Azərbaycan Respublikasını müstəqilliyin ilk illərində bir çox fəlakətlərdən qurtarmış Ulu Öndər Heydər Əliyevlə başlanan islahatlar yolu 1996-cı ildən özünün müsbət nəticələrini verməyə başladı. Zərərlə işləyən sovxoz və kolxozların ləğv edilməsi, ictimai torpaqların əhaliyə paylanması, kənd təsərrüfatı texnikalarının özəlləşdirilməsi, iqtisadi sistemin sahə və halqaları üzrə biri digərini tamamlayan tədbirlərin görülməsi, maliyyə borcları nəticəsində yaranan çətinliklərin aradan qaldırılması, fərqli sahələrdə məqsədyönlü fəaliyyət proqramlarının ardıcıl tətbiq edilməsi və digər yüksək məzmunlu icraatlar, ümumilikdə, ölkənin, onun regionlarının həyatını əsaslı surətdə dəyişdirdi.
    Növbəti təkamül mərhələləri ölkədaxili və xarici təcrübədən daha geniş istifadə olunmasına yol açdı. Bu sırada sistemli və kompleks işlərin icrasına keçid təmin edildi, təşkilatlanma və tənzimləmə xarakterli fəaliyyətin təcəssümləri özünü iqtisadi subyektlərin təsnifləşdirilməsində, fəaliyyət növlərinin müəyyən edilməsi və ümumiləşdirmələrində büruzə verdi. Aqrar sferada ailə təsərrüfatlarının, aqrar-hüquqi subyektlərin, kooperativlərin, digər formalı və mülkiyyət növlərinə aid struktur vahidlərinin yaradılması, sənaye məhəllələrinin, parkların təşkil edilməsi, tikintidə müxtəlif mütərəqqi üsulların tətbiqinin bərqərar olmasına şərait yaratdı.  
    Haqqında bəhs olunan işlərin, bütövlükdə, təmin edilməsi iqtisadiyyat sahəsində hüquqi-normativ bazanın yaradılmasına gətirib çıxardı. 
    Müvafiq işlərin həyata keçirilməsində Dövlət proqramlarının hazırlanması və planlı şəkildə, konkret icraçılar göstərilməsi mühüm əhəmiyyət daşıyan başlıca amildir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” müasir dövrdə olan iqtisadi və sosial sahədəki ehtiyacların qarşılanmasına, perspektiv dövrlər üzrə regionun inkişaf istiqamətlərinin dəqiqləşdirilməsinə aydınlıq gətirib. Diyarımızın texniki imkanları, ərazi yerquruluşu, təbii sərvətləri, məhsuldar qüvvələrin ixtisaslaşma və peşəkarlıq səviyyələri müvafiq Dövlət Proqramında nəzərə alınıb. 
    – İstərdik ki, Dövlət Proqramının məqsəd və prioritetləri barədə bir qədər ətraflı məlumat verəsiniz...
    – İstənilən fəaliyyətin həyata keçirilməsində bir sıra hesablama-dəqiqləşdirmə işlərinin düzgün aparılması onun tammənalı olmasını təmin edir. Bu sırada məqsəd və prioritetlərin müəyyənləşdirilməsi və müvafiq əsaslandırmaların aparılması zəruridir. “Ehtiyaclar – məqsədlər - imkanlar” müstəvisindən başlanan araşdırmalar ilk olaraq real vəziyyətin təhlilinə əsaslanır. Logistik reallıqlar və imkanlar müxtəlif təsərrüfatçılıq subyektlərinin yaradılmasına, onların məqsədyönlü fəaliyyət göstərmələrinə şərait yaradır.
    Dövlət Proqramında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə hər cür dəstəyin göstərilməsi, elm və təhsil müəssisələri vasitəsilə məşğulluq komponentinə yeni çalarların gətirilməsi, Naxçıvan regionu ərazisində mütərəqqi təşkilati quruluşların yaradılması yolunda addımların atılması, “yaşıl enerji”nin istehsalata tətbiqi amilindən istifadənin real dərəcəsi və onun təcrübi imkanlarının yüksəldilməsi diqqət mərkəzinə çəkilib. 
    Həmçinin inzibati-ərazi vahidlərinin istehsal növ və istiqamətlərinin, onların kəmiyyət-keyfiyyət ifadələrinin dəqiqləşdirilməsi, region üzrə “istehsal-istehlak” tandeminin səviyyələndirilməsi, istehsal sferasının sosial mühitlə əlaqələndirilməsi və yeni mərhələlərə keçidin təmin edilməsi üzrə plan-proqram işlərinə start verilməsi adıçəkilən sənəddə özünə yer alıb.
    Sadalananlarla yanaşı, icra olunan təhlil obyektlərinin güclü (təbii ehtiyatların mövcudluğu, bərpa olunan enerjidən istifadə, sahibkarlığın inkişafında mütərəqqi üsul və mexanizmlərin tətbiqi, əlverişli investisiya mühitinin yaradılması və sair) və zəif (dövlət xidmətlərinin əlçatanlıq səviyyəsinin aşağı olması, iqtisadi sistemin sahələrində infrastruktur imkanlarındakı çatışmazlıqlar, aqrar sahədə su təminatının aşağı səviyyədə olması, maliyyə imkanlarının məhdudluğu və sair) tərəflərinə, imkan (nəqliyyat və enerji dəhlizlərinin yaxınlığı, ixracyönümlü istehsal sahələrinin mövcudluğu, xarici ticarətin inkişafı, xarici investisiyaların cəlb olunma imkanlarının geniş diapazona malik olması və sair) və təhlükələrə (dövlət büdcəsinin vəsaitlərindən istifadə həcmlərinin yüksək olması, region məhsullarının xarici bazarlarda aşağı rəqabətqabiliyyətliliyi ilə fərqlənməsi, torpaq resurslarının keyfiyyətinin aşağı düşməsi və sair) xüsusi diqqətin yetirilməsi mühüm əhəmiyyət daşıyır. 
    Məqsədlərlə yanaşı, Dövlət Proqramında bir sıra prioritetlər də nəzərdə tutulmuşdur. Onların sırasında ilk yerlər əlverişli biznes və mübadilə mühitinin yaradılmasıdır. “Təchizat-istehsal-reallaşdırma” marşrutu üzrə təşkili nəzərdə tutulan fəaliyyətlər çoxsaylı birbaşa və dolayı məsələləri gələcək dövrlərdə tənzimləmiş olacaqdır. Burada təsərrüfat subyektlərinin perspektiv dövrdə istehsal proseslərinin təşkili və həyata keçirilməsi (əsas xammalın və köməkçi materialların təmin edilməsi, istehsal məhsulları üzərində əməliyyatların başa çatdırılması, onların daxili və beynəlxalq mühitdə istehlakı ödəməsi, reallaşdırmanın müxtəlif üsullarının növlər və mexanizmlər üzrə fərqləndirilməsi və sair) üsulların icrasına fərqli yanaşmaların mövcudluğu mühüm amillərdir.
    Ticarətin Dövlət Proqramında daha aydın əksi üçün topdan və pərakəndə mübadilə əməliyyatları da diqqətdən kənarda qalmamışdır. Belə əməliyyatların icrası, eyni zamanda hüquqi və fiziki şəxslərin gəlirlərinə, fəaliyyətin gəlirlilik dərəcələrinin və onların zamanla yüksəlməsinə də aydınlığın gətirilməsini tələb etməkdədir. 
    Hər bir ölkənin iqtisadi sisteminin lokomotivi sənaye sahəsidir. Müvafiq sahənin adıçəkilən dövlət sənədində şəkilləndirilməsində çoxsaylı qruplara və yarımqruplara müraciət olunmuşdur. Bu sırada ixracyönlü sənaye, onun real vəziyyəti və inkişaf istiqamətləri xüsusi maddə şəklində ifadə edilmişdir. 
    Proqramda iqtisadi sistemin aparıcı sahələri olan kənd təsərrüfatı və turizm özünəməxsus yer tutub. Belə ki, regionumuzda aqrar məhsulların istehsalı, müvafiq həcmlərin istər artan istehlakçı kütləsinin, istərsə də ixrac potensialı ilə qarşılaşdırılması məsələləri kompleks şəkildə sənəddə öz əksini tapmışdır. Bununla yanaşı, muxtar respublikanın coğrafi yerləşməsi onu turizm fəaliyyətinin təşkili və həyata keçirilməsi üçün uyğun edir. Bu isə həm regionun tanıdılması, həm də əlavə maliyyə vəsaitinin regiona gəlməsi mənasını daşıyır.
    Növbəti prioritetlər kimi Dövlət Proqramında elektrik enerjisi istehsalı və ixracının artırılması, infrastruktur təminatı və onun inkişafı, sosial sektorun təkamülü məsələləri, insan kapitalının inkişafına aid maddələr, institusional inkişaf, ətraf mühitin mühafizəsi, digər əlaqəli məsələlər və onların yarada biləcəyi situasiyalar göstərilir.
    – Mehdi müəllim, bir mütəxəssiz kimi yəqin ki, siz də təsdiq edərsiniz ki, Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələr bir ali məqsədə – muxtar respublikanın sosial-iqtisadi inkişafına, nəticə etibarilə, insanların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. 
    – Əlbəttə. Məqsədlər, prioritetlər və zərurətlərlə yanaşı, Dövlət Proqramında yekun nəticələrin ifadə olunmasına şərait yaradacaq vəzifələr də ifadə olunmuşdur. 
    Məzmun xarakterli vəzifələrin nümunəvi təsnifatında çoxsaylı işlərin icrası nəzərdə tutulmuşdur. Onlardan Naxçıvan regionunda dayanıqlı istehsal və xidmət sferasında təkamülün əldə olunması, əhalinin iş yerlərinə olan tələbatının ödənilməsi, perspektiv dövrlərdə məşğulluq problemində olan çatışmazlıqların aradan qaldırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, onun gəlirlərinin tələblərinin səviyyəsinə uyğunlaşdırılması, təbii ehtiyatlardan istifadənin səmərəliliyinin yüksəldilməsi, ətraf mühitin mühafizəsinin təmin edilməsi, yarana biləcək ekoloji problemlərin önlənməsi və digər məsələlər mühüm əhəmiyyətə malikdir. 
    Proqramda nəzərdə tutulan vəzifələrin texniki xarakterini, ilk növbədə, icra, monitorinq və qiymətləndirmə işləri təşkil edəcək. İcra olunan işlərin xüsusiyyətlərindən asılı olaraq yerinə yetiriləcək vəzifələr spesifik ölçü üsullarına və kəmiyyətlərinə əsaslanır. 
    Monitorinqlərin aparılması məlumatlanma və kənar istifadəçilərin məlumatlandırılması məqsədi daşıyır. Belə ki, monitorinqlər Dövlət Proqramında nəzərdə tutulan işlər haqqında məlumatların müşahidə altına alınmasını nəzərdə tutur. 
    Digər tərəfdən, qiymətləndirmə fəaliyyəti heç də az əhəmiyyətli fəaliyyət hesab edilmir. Belə ki, istehsal həcmləri, görülən işlər, göstərilən xidmətlər “proqnozlar – alınmış real nəticələr” müstəvisində öyrənilir. İcra dərəcələrinin müxtəlif fəaliyyət istiqamətləri üzrə müəyyənləşdirilməsi, formalaşmış, yaxud formalaşmaqda olan kənarlaşmaların və onların səbəblərinin araşdırılması nəzərdə tutulan vəzifələr sırasındadır. 
    – Bəs Dövlət Proqramının qəbulundan ötən dövr ərzində hansı işlər görülüb?
    – Muxtar müəllim, bu sualınıza cavab verməzdən onu qeyd etmək istərdim ki, XX əsrin 90-cı illərində ölkəmizin iqtisadi sisteminin formalaşması “demokratik mərkəziyyət” prinsipi üzərində qurulmuşdu. Müvafiq prinsip mərkəzdə yaradılan fəaliyyət istiqamətlərinin regionlarda təşəkkülünü nəzərdə tuturdu.
    Əhalinin 2/3-si kəndlərdə məskunlaşan muxtar respublikada islahatlardan sonrakı dövrlərdə fermer təsərrüfatlarının, sonrakı mərhələdə isə ailə təsərrüfatlarının yaradılması qanunauyğun hal kimi qiymətləndirilməlidir. Digər tərəfdən, Naxçıvanda aqrolizinq müəssisəsinin və rayonlarda onun filiallarının yaradılması aqroməhsulların istehsalının yeni, daha yüksək mərhələyə keçidin zəmanətçisi oldu.  
    Naxçıvan Muxtar Respublikası regionda bəlli sahəvi və istiqamətlərin fəaliyyətlərinin həyata keçirildiyi məkan olaraq qiymətləndirilir. Bir tərəfdən, mövcud olan iqtisadi sahə və istiqamətlərin fəaliyyətinin sənəddə əks olunması, digər tərəfdən isə “ASAN”, “DOST” kimi xidmətlərin istifadəyə verilməsi, çoxsaylı logistik imkanların yaradılması və mütəmadi təkmilləşdirilməsi müvafiq kəmiyyət-keyfiyyət ifadələrinin ortaya çıxmasına səbəb olmuşdur. 
    Naxçıvan regionunun qədim ipəkçilik ənənələri ilə fərqlənməsi məlumdur. Ancaq Ordubad şəhərində İpək fabrikinin əsas fondlarının köhnələrək sıradan çıxması onun ləğvini şərtləndirmişdir. Müasir dövr bu kimi istehsal subyektlərinin yenidən formalaşdırılmasını tələb edir.
    Ümumiyyətlə, müasir dövrün tələblərinə uyğun olaraq yeni subyektlərin fəaliyyətinin ötən dövrlərin bazasında araşdırılması, yeni istehsal müəssisələrinin yaradılması üçün həyata keçirilən tədbirlər təqdirolunasıdır. Məhz Ordubad rayonunda tutluq sahələrin salınmasına başlanılması görülən işlər sırasındadır. Yeni Dövlət Proqramının çoxşaxəliyi, prioritetliyi qarşıya icrası zəruri olan bir sıra vəzifələr qoyur ki, bu vəzifələrin uğurla öhdəsindən gəlinəcəyinə əminik. 
    – Müsahibə üçün sağ olun. 

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 13.09.2023 19:19