AZ EN RU

Yeni Proqram Naxçıvanda nələri dəyişəcək

11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutulub

Azərbaycan Prezidenti “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Naxçıvanın sistemli sosial-iqtisadi inkişafını hədəfləyən proqram bir sıra özəllikləri ilə fərqlənir. Əvvəlla, proqramda mövcud vəziyyətin təhlili hərtərəfli, sistemli və obyektiv olaraq təqdim edilir. Bu, Naxçıvanda planlaşdırılan fəaliyyətlərin reallığı baxımdan çox vacibdir. İkincisi, yalnız qlobal trendlər deyil, eyni zamanda mövcud çağırışlar da proqramda ayrıca qiymətləndirilib.

Çox vacib məqamlardan biri də proqramda GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlilindən istifadə edilməsidir. Bu, region ilə bağlı ətraflı və dolğun məlumatın əldə edilməsinə imkan yaradır. Məsələn, zəif tərəflərdə dövlət xidmətlərinə əlçatanlıq səviyyəsinin aşağı olması, əlverişli biznes mühitini formalaşdıran zəruri təşviqlərin azlığı, maliyyəyə çıxış imkanlarının məhdudluğu kimi istiqamətlər qeyd olunur. Həmçinin regionun enerji təchizatı və kommunikasiya xətlərinin aşağı səviyyədə diversifikasiya olunması, elektrik xətlərinin istismar müddətinin başa çatması, kənd təsərrüfatı və digər sahələr üzrə infrastruktur və su təminatı sistemində çatışmazlıqlar, ölkənin digər əraziləri ilə birbaşa quru nəqliyyat əlaqəsinin olmaması kimi istiqamətlər qeyd olunur. Bu qiymətləndirmə proqramı çərçivəsində daha realistik planlaşdırma aparmaq baxımdan vacibdir.

Bununla yanaşı, Naxçıvanın təbii ehtiyatlar və xammal bazası, bərpa olunan enerji potensialı (günəş və külək enerjisi), sahibkarlığın inkişafına, ixracın stimullaşdırılmasına və əlverişli investisiya mühitinin yaradılmasına dövlət dəstəyi, beynəlxalq hava limanı və xarici ticarət üçün əlverişli iqtisadicoğrafi mövqe kimi üstünlükləri də var. Bunlar isə Naxçıvanın potensialının daha yaxından istifadə edilməsinə imkan yaradır.

Bütövlükdə, proqramın məqsədi davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Çox vacib istiqamətlərdən biri də məhz ölkə iqtisadiyyatına tam interqasiyadır. Bu da bölgə və bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar deməkdir.

Proqramda 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutulub. Dövlət Proqramının həyata keçirilməsinə dair tədbirlər planında isə daha ölçüləbilən fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. Bütövlükdə, yeni proqram Naxçıvan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar açacaq. Bu, Naxçıvana daha çox xarici və yerli sərmayələrin cəlb edilməsinə, məşğulluğun təmin olunmasına imkan yaratmaqla yanaşı, bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesini sürətləndirəcək.

Azad iqtisadi zonanın yaradılması Azərbaycan Prezidentinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Zonanın layihəsinin hazırlanmasına bu ildən başlanılacaq. Məqsəd ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının sürətli inkişafını təmin etməkdir.

Eyni zamanda, Naxçıvanın bütün ərazisi üçün gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması da həyata keçiriləcək. Bu siyahıya Azərbaycanda istehsal edilən mallar daxil edilməyəcək. Proqram çərçivəsində Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu ticarət mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu, o deməkdir ki, şəhərdə daha aşağı qiymətə məhsulların satışını həyata keçirəcək ticarət mərkəzi fəaliyyət göstərəcək. Proqrama əsasən, hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən, Azərbaycanın digər bölgələrindən olanlar üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədlərinin və şərtlərinin müəyyən edilməsi də həyata keçiriləcək.

Bütövlükdə, proqramla Naxçıvanda daha azad və liberal rejimə malik olan zonanın formalaşdırılması nəzərdə tutulur.

Nəşr edilib : 26.06.2023 19:40