AZ EN RU

Yeni nəşrlər ictimaiyyətə tanıdılıb

    Naxçıvan Dövlət Universitetində Bələdiyyə və turizm kafedrasının dosenti Əli Cabbarovun “Naxçıvan Muxtar Respublikasının turizm marşrutları” və “Bu yol Şuşa yoludur” adlı kitablarının təqdimatı keçirilib.
    Tədbirdə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev müəllifin hər iki kitabının ictimai və elmi əhəmiyyətindən danışıb: “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf problemlərindən bəhs edən ilk nəşrlərdən hesab olunan monoqrafiyalar ölkəmizin, eləcə də muxtar respublikanın iqtisadi və sosial-mədəni həyatda əldə etdiyi inkişafın turizm marşrutlarının yaradılmasına olan təsirindən bəhs edir. Belə ki, bu inkişaf turizm sahəsində mühüm nəticələr əldə olunmasına imkan yaradıb. Muxtar respublikanın sahib olduğu təbii, tarixi-mədəni və antropogen mənşəli turizm ehtiyatları, onlardan səmərəli istifadə üzrə dövlət səviyyəsində qəbul olunmuş mühüm qərarlar mövcud və potensial turizm imkanlarından xəbər verir”. Rektor turizm marşrutlarının yaradılması və onlardan istifadə sahəsində uğurlu layihələrə imza atmaq üçün muxtar respublikanın ideal məkanlardan biri olduğunu vurğulayıb.
    Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova ölkəmizin qədim diyarı Naxçıvanda turizmin inkişafının və bölgənin coğrafi cəhətdən daha yaxşı tanınmasının onun sahib olduğu rekreasiya və tanışlıq obyektlərinin cəlbetmə gücünün, eləcə də funksional və estetik potensialının qiymətləndirilməsi ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, bu məqsədlə təqdim olunan xidmətlərin turizm marşrutu üzrə komplektləşdirilməsi zəruri tələblərdən hesab edilir. Onun sözlərinə görə, müəllifin kitabları Azərbaycanın müstəqillik simvoluna çevrilən Şuşa yolunun əhəmiyyəti və bu yolda ən mühüm strateji mövqe hesab olunan Naxçıvan turizm marşrutlarının imkanlarını müxtəlif aspektlərdən oxucuların diqqətinə çatdırır.
    Görkəmli alim Nazim Bababəylinin xatirəsinə həsr olunmuş “Naxçıvan Muxtar Respublikasının turizm marşrutları” adlı monoqrafiyanın ali məqsədi barədə danışan kafedranın müəllimi Nigar Bababəyli bildirib ki, kitabın işlənməsi zamanı müəllif öz dəyərli fikirlərini onunla paylaşmış həmkarlarının, habelə muxtar respublikaya səyahətə gəlmiş əcnəbi turistlərin təəssüratlarından geniş istifadə edib. Bu səbəbdən kitab dərin təcrübə və maraqlı məlumatların təsviri ilə zəngindir.
    “Bu yol Şuşa yoludur” əsərinin yaranma tarixinə toxunan “Naxçıvan Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Natiq Paşayev qeyd edib ki, “Şuşa ili”nə töhfə olaraq hazırlanmış kitabda müəllifin 2004-cü ildən başlayaraq erməni faşizminin və onu bəsləyən qüvvələrin ifşası, həmçinin Qarabağ, Şuşa sevgisi motivləri üzərində hazırlanmış və ölkənin nüfuzlu nəşr orqanlarında dərc olunmuş publisistik məqalələri toplanılıb.
    Daha sonra tədbir iştirakçılarının və müəllifin ürək sözləri dinlənilib, müəllifə yeni elmi axtarışlarında uğurlar arzulanıb.

Naxçıvan Dövlət Universitetinin televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 05.01.2023 19:57