AZ EN RU

Yeni müsabiqələr elan edilib

    Yeni müsabiqələrin elan olunması və müsabiqələrə sənəd qəbulu noyabr ayında da Dövlət İmtahan Mərkəzi tərəfindən davam etdirilib.
    Hesabat ayında müəllimlərin dövlət ümumtəhsil müəssisələrinə, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinə və müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün müsabiqələr elan olunub. Hazırda həmin müsabiqələrə sənəd qəbulu davam etdirilir.
    Noyabrın 21-dən başlayaraq dövlət qulluğuna qəbulun müsahibə mərhələsinə start verilib. Qeyd edək ki, müsahibə mərhələsində iştirak etmək üçün 337 namizəd qeydiyyatdan keçib. Həmçinin əvvəlki müsabiqələrdə qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 26 namizədin müraciəti nəzərə alınaraq onların müsahibə mərhələsində iştirakları təmin olunub. Dövlət orqanları üzrə müsahibələr mərkəzin rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraq dekabrın 10-na kimi davam edəcək.
    Noyabrın 4-də müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Test imtahanında iştirak edən 17 müəllimdən hər biri keçid balını toplayıb. 
    Noyabrın 29-da və 30-da Dövlət İmtahan Mərkəzinin əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu Şərur və Ordubad Rayon Təhsil şöbələrinin inzibati binalarında Şərur və Ordubad şəhərlərində və ətraf kəndlərdə yaşayan sakinlərə xidmət göstəriblər. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə noyabrın 29-da mərkəzin əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələrə “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Müsahibə proqramının hazırlanması” mövzularında slaydlar vasitəsilə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
    Hesabat ayında Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş hazırlıq kurslarında 138 nəfər iştirak edib. 

Naxçıvan Muxtar Respublikası Dövlət
 İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 09.12.2022 19:04