AZ EN RU

Yeni monoqrafiyanın təqdimatı keçirilib

    Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Naxçıvan rəssamlarının yaradıcılığında ənənə və müasirlik” adlı monoqrafiyanın təqdimatı keçirilib. 
    Ali təhsil müəssisəsinin rektoru, dosent Elbrus İsayev tədbirdə çıxış edərək bildirib ki, müəllifi Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, universitetin İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov, elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev olan monoqrafiya universitet Elmi Şurasının 29 dekabr 2022-ci il tarixli Qərarı ilə çapa tövsiyə olunub. İncəsənət sahəsində elmi axtarışların nəticəsi olan bu əsər Naxçıvanda dünyaya göz açmış təsviri sənət ustalarının yaradıcılıq axtarışlarına həsr edilib. 
    Təqdimata onlayn qoşulan Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev qeyd edib ki, monoqrafiyanın əsas məzmununu Azərbaycanın sovetləşməsindən sonra Naxçıvanda baş verən bədii proseslərin iştirakçısı olan rəssam və heykəltəraşların əsərlərinin təhlili təşkil edir. Vurğulanıb ki, kitabın mətninin çoxsaylı illüstrasiyalarla müşayiət olunması da oxucuların mətni daha aydın və əhatəli anlamaq məqsədinə xidmət edir. Monoqrafiya təsviri sənət həvəskarları, rəssam və sənətşünaslar üçün nəzərdə tutulub.
    Azərbaycan Respublikasının Xalq rəssamı, Təsviri incəsənət kafedrasının professoru Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, professor Səidə Məmmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli çıxış edərək Naxçıvanda təsviri sənətin özünəməxsus inkişaf dinamikası haqqında məlumat veriblər.
    Müəllif Naxçıvanda rəssamlığın inkişafına yaradılan şəraitin yaradıcı insanlara motivasiya verdiyini diqqətə çatdırıb. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 05.05.2023 22:57