AZ EN RU

Yeni monoqrafiyaların təqdimatı olub

    AMEA Naxçıvan Bölməsində “Şərur rayonunun tarixi” və “Dalmatəpə mədəniyyətinin mənşəyi” monoqrafiyalarının təqdimatı keçirilib.
    Təqdimat mərasimini giriş sözü ilə açan bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli institut əməkdaşları tərəfindən muxtar respublikanın rayonlarının tarixinin yazıldığını xatırladıb. Alim bildirib ki, “Şərur rayonunun tarixi” monoqrafiyası Şərur Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çap olunub. Monoqrafiyanın müəllifləri Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından AMEA-nın  müxbir üzvu Vəli Baxşəliyev, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovdur.
    Təqdimatı keçirilən növbəti əsər barədə danışan professor bildirib ki, monoqrafiya ilbəil yeni tapıntılar işığında zənginləşən Naxçıvan arxeologiyasına növbəti töhfədir. Monoqrafiya Dalmatəpə mədəniyyəti ilə bağlı elmi təhlillərin yer aldığı dəyərli tədqiqat əsəridir.
    Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev çıxış edərək “Şərur rayonunun tarixi” monoqrafiyasında bu qədim yurd yerinin mədəni inkişafı ilə bağlı əksini tapan fakt və təhlillərə diqqət çəkiblər.
    Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sürəyya Bəşirova əhatəli tədqiqatların nəticəsi olan yeni elmi nəşrin tarixi keçmişimizin öyrənilməsinə mühüm töhfə olduğunu söyləyib.
    İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva təqdimatı keçirilən növbəti monoqrafiya ilə bağlı “Dalmatəpə mədəniyyətinin mənşəyi haqqında söz” adlı məruzə edib. Məruzəçi bildirib ki, AMEA-nın müxbir üzvu Vəli Baxşəliyev və gənc tədqiqatçı Elmar Baxşəliyev tərəfindən hazırlanmış yeni nəşr aktuallıq kəsb edən problemə aydınlıq gətirmək baxımından əhəmiyyətlidir. 134 səhifədən ibarət olan monoqrafiya 5 başlıca struktur hissədən ibarətdir. 47 tablonun nəşrə əlavə edilməsi əsərin dəyərini daha da artırır.
    Müəlliflər adından çıxış edən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, Şərur rayonu ilə bağlı araşdırmalar zamanı sübuta yetirilmişdir ki, bölgə sakinləri həm də Göyçə gölü hövzəsinin əsas sakinlərindən olmuşlar. Məhz bu fakt uydurma erməni iddialarına qarşı elmi həqiqətə əsaslanan cavabdır. Alim daha sonra Dalmatəpə adının mənşəyi, bu mədəniyyətin fərqləndirici cəhətləri barədə danışıb.
    Sonda çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Şərur rayonunun tarixi” monoqrafiyasının nəşrinə göstərdiyi dəstəyə görə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərova təşəkkür edib, müəllifləri təbrik edərək səmərəli elmi fəaliyyətlərində müvəffəqiyyət arzulayıb.

AMEA Naxçıvan Bölməsinin
 mətbuat xidməti

Nəşr edilib : 16.05.2023 19:02