AZ EN RU

Yeni layihələr qazilərin işlə təmin olunmasına imkan yaradacaq

Xalqımızın mənəvi birlik və bərabərliyi, qəhrəman oğullarımızın müqəddəs amal uğrunda doğma torpağa sədaqəti 44 günlük Vətən müharibəsində özünü bariz şəkildə göstərdi. İgidlik və mübarizliyi xalqından miras alan oğullarımız Vətənimizin milli ləyaqətini öz canlarından, qanlarından üstün tutdular, əsl hünər, qorxmazlıq və cəsarət nümayiş etdirdilər. Bəli, bu mübarizədə şəhidlərimiz də oldu, qazilərimiz də. Bu gün davamlı olaraq şəhid ailələri və qazilərimiz ziyarət edilir. Dövlətimiz onları daim diqqət mərkəzində saxlayır, problemlərinin həll edilməsi yolunda müxtəlif tədbirlər həyata keçirilir.

Ötən il fəaliyyətə başlayan “Naxçıvan Qaziləri” İctimai Birliyinin yaradılmasında əsas məqsəd əlilliyi olan muxtar respublika qazlərinin hüquq və mənafelərini qorumaq onların məşğulluğu, sağlamlığı və digər problemlərinin həllinə kömək etməkdən ibarətdir.

Bu haqda daha geniş məlumatı birliyinin sədri Cehun Bayramovdan aldıq. Müsahibimin sözlərinə görə, İctimai Birlik qarşıya qoyduğu məqsədlərə çatmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Birlik olaraq ilk öncə muxtar respublika qazilərinin problemlərini müzakirə edib müvafiq dövlət orqanlarına təqdim edirik. Digər tərəfdən gənc qazilərin işlə təmin olunması, əsas məqsədimizdir. Həmsöhbətim qeyd etdi ki, bu il üçün nəzərdə tutulan maraqlı layihələrdən biri “Naxçıvanı tanı” adı altında turun təşkil olunmasıdır. Naxçıvan qazilərinin gələcəkdə Şuşaya səfəri üçün tur təşkili planımızdır. Həmçinin qazilərin peşə bacarıqlarını inkişaf etdirmək, onları uyğun iş yerləri ilə təmin etmək, cəmiyyətə inteqrasiyanı asanlaşdırıb sosial həyatda fəal iştirakını təşviq etmək əsas məqsədimizdir. Bu, qazilərin cəmiyyətə daha yaxşı inteqrasiya olunmasına və öz potensiallarını tam şəkildə ifadə etmələrinə imkan yaradacaq.

Bu yaxınlarda daha doğrusu, sabah həyata keçirəcəyimiz tədbirlərdən biri də Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında “Yaşa Azərbaycan!” adlı konsert proqramıdır. Konsertdə Nurlan Ordubadlı və Elvin Nasirin ifasında vətənpərvərlik ruhunda mahnılar səslənəcək. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəqs qrupları da konsertə rəngarənglik qatacaq. Onu da diqqətinizə çatdırım ki, konsertdən toplanan vəsait “Naxçıvan Qaziləri” İctimai Birliyinin bank hesabına köçürüləcək. Bu tədbirlərdə könüllü gənclər də bizimlə bərabər iştirak edəcək.

Birliyin sədri onu da qeyd etdi ki, gələcəkdə şanlı zəfərin qazanılmasında iştirak edib Vətən uğrunda canından, sağlamlığından keçən qəhrəmanlarımız haqqında film çəkiləcək və kitab çap olunacaq.

Söhbətimizdən o nəticəyə gəldik ki, davamlı olaraq onların rifah səviyyəsinin yaxşılaşdırılması üçün mühüm addımlar atılır. Şanlı qələbəmizin baş qəhrəmanları göstərilən qayğının, milli-mənəvi dəyərlərə hörmətin ifadəsi eyni zamanda bu günkü gəncliyə bir nümunədir... “Naxçıvan Qaziləri” İctimai Birliyinin fəaliyyəti də, qazilər və şəhid ailələri üçün müəyyən edilən layihələri həyata keçirmək, dövlətçilik ənənələrinə sadiq olaraq onları yaşatmaqdır.

Bülbül QULİYEVA

Nəşr edilib : 09.01.2024 12:55