AZ EN RU

Yeni kompleks Naxçıvanda müdafiə sənayesinin inkişafına yol açır

    Bir neçə gün bundan əvvəl, daha doğrusu, sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin açılışında iştirak etdilər. 
    Kompleks haqqında məlumat verildi ki, burada müxtəlif növ tank, zirehli döyüş maşını və transportyorların, artilleriya qurğu və sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin, atıcı silahların, mühəndis texnikasının, rabitə avadanlıqlarının, optik cihazların təmirini və modernləşdirilməsini, müxtəlif növ daxiliyanma mühərriklərinin təmirini və stend üzərində yoxlanılmasını, qeyd olunan bütün vasitələr üzərində detal və avadanlıqların dəyişdirilməsini və test edilməsini həyata keçirmək mümkün olacaq. 
    Bir mərkəz, 8 təmir müəssisəsi və 10 sahədən ibarət olan kompleksdə müxtəlif növ texnikaların təmiri və bərpası üçün 300-dən çox avadanlıq quraşdırılıb. Eyni zamanda kompleksdə digər zəruri tədbirlər də həyata keçirilib, zirehli və avtomobil texnikaları parkında texniki nəzarət məntəqəsi, texniki qulluq və təmir məntəqəsi binaları, 284 yer texnika tutumu olan 4 saxlanc, yanacaqdoldurma, yuma və gündəlik texniki qulluq məntəqələri inşa olunub. 
    Hərbi texnikaların təmiri və bərpası ölkələr üçün çox böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünya ölkələri arasında hərbi texnika və silah-sursat satışında ən çox diqqət edilən məsələlərdən biri də ehtiyat hissələri ilə təminat məsələsidir. Digər tərəfdən, hərbi təyinatlı məhsullar davamlı olaraq yenilənməyə məcburdur. Təbii ki, burada da əsas məsələlərdən biri kimi ehtiyat hissələri ön planda durur. Bütün bunlar isə dövlət və hərbi müdafiə təşkilatları üçün böyük maliyyə vəsaiti deməkdir. Bu baxımdan hər bir ölkə özünün müdafiə strategiyasında bu həllivacib məsələləri diqqət mərkəzində saxlayır. Dünya təcrübəsində maraqlı məqamlardan biri odur ki, harada baş verməsindən asılı olmayaraq, adətən, hərbi əməliyyatlar müdafiə sənayesinin inkişafına təkan verir. Məsələn, Türkiyə 1974-cü ildə Şimali Kiprdə baş verən müharibədən sonra öz NATO müttəfiqlərinin silah embarqosuna məruz qaldı. Bu isə rəsmi Ankaranı milli müdafiə sənayesini inkişaf etdirməyə vadar etdi. Və yaxud 2008-ci ildə Rusiya ilə müharibədən sonra qonşu Gürcüstan eyni taleyi yaşamağa məcbur oldu. Moskvanın təzyiqləri ilə 2000-ci illərin əvvəllərində Gürcüstana külli miqdarda silah və texnika satışı reallaşdıran ölkələr müharibədən itkilərlə ayrılmış Tiflisə hərbi texnika satışından imtina etdilər. Çıxılmaz vəziyyətdən xilas olmaq üçün Gürcüstan özünün milli hərbi sənaye kompleksini yenidən qurmağa başladı. Azərbaycan nümunəsində isə mənzərə tamamilə fərqli idi. Çünki ölkəmiz müstəqilliyinin ilk illərindən Ermənistanın təcavüzü ilə üzləşmişdi və uzun illər müharibə vəziyyətində idi. Buna görə də bizdə ordu qurucu­luğu məsələlərində hərbi sənayenin inkişafı əvvəlcədən düşünülmüş hərbi-siyasi strategiya idi. Bir az da dərinə getsək, hələ SSRİ dövründən Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda hərbi-sənaye kompleksinin əsası qoyulmuşdur. Həmin dövrdə Azərbaycanda olan demoqrafik artımı və mövcud elmi potensialı nəzərə alan görkəmli dövlət xadimi SSRİ-nin ağır maşınqayırma və hərbi sənaye kompleksi müəssisələrinin respublikada yaradılması məsələsini Sov.İKP MK-nın Siyasi Bürosu qarşısında qaldırmışdır. Onun təklifi və qətiyyəti sayəsində Azərbaycanda radiotexnika və cihazqayırma sənayesi üzrə üç yeni müəssisənin – Radio maşınqayırma zavodunun (“Robot” zavodu), Tərtərdə Lionozov elektromexanika zavodunun filialının və Elektron hesablama maşınları zavodunun ikinci növbəsinin tikintisi, elektron sənayesi üzrə dörd zavodun – Gəncədə “Büllur” zavodunun, Xaçmazda, Siyəzəndə və Lənkəranda “Kondensator” zavodlarının tikilməsi, müdafiə sənayesi üzrə Azov Optika-Mexanika (“Alov”) zavodunun filialının yaradılması, Alunit zavodunun tikintisi, gəmiqayırma sənayesi üzrə Bakı Elektro-Mexaniki İnstitutunda yeni istehsal sahələrinin yaradılması, aviasiya sənayesi üzrə istehsal sahələrinin genişləndirilməsi və sair məhz bu təşəbbüsün nəticəsi idi. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə isə, xüsusilə neft gəlirlərinin artması nəticəsində ölkə­mizdə ordu quruculuğu prosesi daha geniş vüsət aldı. Bu prosesin mühüm tərkib hissəsi olan müdafiə sənayesinin inkişafı ilə bağlı mütərəqqi addımlar atıldı. Təsadüfi deyildi ki, II Qarabağ müharibəsində Azərbaycan digər ölkələrdən alınmış hərbi texnikalarla yanaşı, öz istehsalımız olan silah-sursatlardan da istifadə etmişdir. II Qarabağ müharibəsi, eyni zamanda hərbi sənayenin müasir dövrün tələblərinə uyğun şəkildə qurulması və inkişaf etdirilməsinin yolunu göstərmişdir. Naxçıvanda yeni fəaliyyətə başlayan Bərpa istehsalat hərbi kompleksinə də bu prizmadan baxmaq lazımdır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu kompleksdə silahların, avtomobil texnikalarının, artilleriya və hava hücumundan müdafiə vasitələrinin, zirehli tank texnikalarının, elektron və rabitə avadanlıqlarının, mühəndis texnikalarının və aqreqatlarının təmiri, mexanikləşdirilmiş emal sexləri fəaliyyət göstərəcək. Silahların təmiri sexində ən son texnoloji avadanlıqlarla atıcı silahların qumla təmizlənməsi və kimyəvi üsulla yenidən rənglənməsi işləri aparılacaq. Elektron və rabitə avadanlıqlarının təmiri sexində xüsusi antistatik otaqlarda elektron avadanlıqların və optik gecəgörmə cihazlarının təmiri və sınaqdan keçirilməsi mümkün olacaq. Bütün bunlar isə ordumuzun texniki təchizatında mühüm rol oynayacaq. Bunu da nəzərə alaq ki, hərbi texnikaların təmir və bərpası işində daşınmalar uzaq olduqca, xərclər də çox olur, vaxt itkisi də. Bu isə müharibə vəziyyətlərində istənilən ordu üçün arzuolunmazdır. Digər tərəfdən, yeni hərbi kompleks zamanla bu sahədə ixtisaslaşmış kadrların sayını artıracaq ki, bu da müdafiə sənayesinin inkişafı üçün mühüm amildir. Ümumilikdə isə strateji baxımdan böyük əhəmiyyət daşıyan belə hərbi kompleksin muxtar respublikada yaradılması gələcəkdə müdafiə sənayesinin inkişafına da töhfə olacaq. 

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 06.10.2023 20:21