AZ EN RU

Yeni Klinika ilə İsrailin Madanes Sığorta Qrupu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni klinika ilə İsrailin Madanes Sığorta Qrupunun Azərbaycandakı nümayəndəliyi “Managed Care Azerbaijan” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanma ilə bağlı görüşdə TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov, Yeni Klinikanın direktoru Barat Yusubov, “Managed Care Azerbaijan” şirkətinin icraçi direktoru Tural İslamov, Madanes MDB-nin baş direktoru Yelena Solopova, Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, Yeni Klinikanın direktor müavini, Somatika və SRTOK mərkəzinin rəhbəri Pərvin Əkbərov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova, Tibbi sığorta şöbəsinin müdiri Eldar Tağıyev, TƏBİB Akademiyasının rəhbəri Tural Xaspoladov iştirak ediblər.

Araz Nəsirov klinikada pasiyent təhlükəsizliyinin təmin olunması, bərabərhüquqluluq, operativlik proseslərinə düzgün şəkildə nəzarət olunduğunu bildirərək keyfiyyətli və effektiv tibbi xidmətlərin göstərilməsinə xüsusi diqqət yetirildiyini qeyd edib. İcraçı direktorun müavini beynəlxalq əməkdaşlığın TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin təqdim etdiyi tibbi xidmətlərin keyfiyyətinin daha da artırılmasına şərait yaratdığını bildirib.

Barat Yusubov nümayəndə heyəti ilə görüşdə 2020-ci il martın 28-dən fəaliyyət göstərən tibb müəssisəsinin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyini xüsusi vurğulayaraq klinikada 500-dən artıq həkim və tibbi heyətin çalışdığını qeyd edib. O, klinikada Cərrahiyyə və Transplantasiya, Ürək-damar, Reproduktiv sağlamlıq və ailə planlaması, Somatika və STROK, İnsult (STROK), Hematologiya və sümük iliyi nəqli mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib.

Direktor klinikanın fəaliyyəti, tibbi xidmətləri ilə bağlı ətraflı məlumat verərək tibbi turizm istiqamətində imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində keyfiyyətli tibbi xidmətin göstəriləcəyini qeyd edib.

Sonda klinikanın fəaliyyəti barədə ətraflı məlumat alan nümayəndə heyəti tibb müəssisəsinin bir sıra şöbələri ilə tanış olub.

Məlumat üçün bildirək ki, Madanes Şirkətlər Qrupu 51 il əvvəl şirkətin indiki İdarə Heyətinin sədri Şuki Madanes tərəfindən yaradılıb. Azərbaycandakı nümayəndəliyi “Managed Care Azerbaijan” (MCA) 2023-cü ildən fəaliyyət göstərir.

"Managed Care Azerbaijan" - İsrailin ən böyük sığorta agentliklərindən biridir və 50 ilə yaxın tibbi sığorta və tibbi turizm sahəsində iş təcrübəsinə malik bir şirkətdir. MCA-nın Azərbaycanda nümayəndəliyinin açılması, şirkətin MDB ölkələrində fəaliyyətinin inkişafında vacib bir mərhələdir ki, artıq şirkətin 1.5 milyondan çox müştərisi bu ölkələrdə sığorta və tibbi xidmətlərdən istifadə etmək hüququ əldə ediblər. MCA-nın və Yeni Klinikanın əməkdaşlığı, MCA-nın MDB və Şərqi Avropa, habelə Asiya ölkələrindəki müştəriləri üçün Azərbaycanın tibbi resurslarından istifadə etməsini əlverişli edəcək. Əlavə olaraq qeyd edək ki, MCA Azərbaycandakı tərəfdaşları üçün qabaqcıl Tibbi Texnologiyaların və eləcə də müasir Sığorta Texnologiyalarının tətbiqi üçün dəstək və yardım göstərməyə hazır olduğunu da qeyd edib.

Nəşr edilib : 06.03.2024 14:42