AZ EN RU

Yeni inkişaf mərhələsi güclü iqtisadi ehtiyatlar üzə çıxarır

    Yeni mərhələdə dünyada gedən sosial-iqtisadi sahədə ölkə başçımızın həyata keçirdiyi çoxsaylı tədbirlər məqsədyönlülüyü ilə seçilməkdədir. Dövlət miqyasında, xüsusən Prezident cənab İlham Əliyevin ciddi nəzarətində olan bu məsələlər iqtisadi proseslərin tənzimlənməsində milli-iqtisadi maraqların üstün tutulması ilə həyata keçirilməkdədir. 

    Zaman-zaman dünya bazarında tarazlığın itməsi, neftin qiymətinə təsir edən subyektiv amillərin təsiri faktının günbəgün təsdiqlənməsi, COVID-19 pandemiyasının ölkələrin milli iqtisadiyyatları üçün təhdid yaratması, ölkələrarası iqtisadi və siyasi əlaqələrin hədsiz aşağı düşməsi, demoqrafik tarazlığın pozulması (miqrant problemlərinin yaşanması), milli valyutaların devalvasiyaya uğraması, demək olar ki, bütün ölkələrin milli iqtisadiyyatlarına öz mənfi təsirlərini göstərmişdir. Nəticədə isə yaranan neqativ hallar, ümumilikdə, dünya iqtisadiyyatında tənəzzül meyillərinin müşayiət olunmasına gətirib çıxarmışdır. Belə olan halda ölkələrin iqtisadi sıxıntılardan xilas ola bilmə qabiliyyətlərinin çevik vəziyyətə gətirilməsi məqsədyönlü iqtisadi siyasətin yeridilməsi tədbirlərini də qaçılmaz etməkdədir. Antiböhran proqramlarının qəbulu və uğurla icra olunması, bu istiqamətdə makroiqtisadi siyasətin həyata keçirilməsi, qənaətçilik istiqamətində qətiyyət göstərilməsi, iqtisadi fəaliyyətin bütün sahələrində şəffaflığın təmin olunması, sahibkarlığa sağlam və faydalı şəraitin yaradılması, iqtisadiyyatın çoxşaxəliliyinin reallaşması, idxaldan asılılığın minimuma endirilməsi, ixrac potensialının və rəqabətədavamlı məhsul istehsalının stimullaşdırılması, yerli istehsalın təşviqinin işlək mexanizmlər vasitəsilə həyata keçirilməsi özünün aktuallığı ilə seçilməkdədir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ötən illərdə ölkə iqtisadiyyatının inkişaf vəziyyətini, hazırkı şəraitdə iqtisadiyyatımızın dünya miqyasında baş verən xoşagəlməz halların təsirindən qorunmasını, eyni zamanda gələcək inkişaf istiqamətləri və perspektivlərinin müəyyənləşdirilməsi məsələlərini əhatəli şəkildə qeyd etdi.
    Ölkə başçısı dünya iqtisadi, siyasi və hərbi böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının artdığını qeyd etdi. Belə ki, rəsmi məlumatlara əsasən iqtisadiyyat, təxminən, 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artım qeydə alınıb. Bununla bərabər, dəqiqləşdirilmiş son məlumatlara görə ümumi daxili məhsulumuz bu il rekord həddə – 134 milyard manata çatıb. Bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq bizim xarici dövlət borcumuz xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qabaq Prezident hökumət qarşısında qoymuşdu ki, xarici borc ümumi daxili məhsulun 10 faizinin altında olmalıdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. 
    Bütün iqtisadi rayonlar kimi, Naxçıvan Muxtar Respublikası da dövlətin hərtərəfli qayğısından dolğun şəkildə yararlanmaqdadır. “Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”, –  deyən dövlətimizin başçısı, bu istiqamətdə nailiyyətlərə çatmaq üçün güclü iqtisadiyyatımızın olmasına və iqtisadi müstəqilliyin çoxdan təmin olunmasına diqqət çəkdi. 
    Artıq yeni inkişaf mərhələsində milli iqtisadiyyatın gəlirliliyinin artırılması, sosial siyasətin dayanıqlılığının təmin olunması, iqtisadi idarəetmənin daha da təkmilləşdirilməsi, sahibkarlığın inkişafına təkan olacaq mühitin bərqərar edilməsi, yeni istehsal sahələrinin təşviqinin stimullaşdırılması və sair məsələlərin həlli qarşıdakı mərhələlərdə strateji hədəflər içərisində yer almaqdadır. Bunun üçün xarici investisiyalarla yanaşı, yerli sahibkarların da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymaları əhəmiyyətli olacaqdır. 
    Təbii ki, bütün bu qeyd olunanlar, Naxçıvan Muxtar Respublikasının bundan sonrakı inkişaf perspektivlərinə işıq salmaqla onun təminatqabiliyyətliliyini daha da artırmış olacaq. Nəticədə isə təsərrüfat subyektlərinin fəaliyyətində səmərəlilik göstəriciləri yüksəlməklə, istehsal və məşğulluq səviyyəsinin artırılmasına zəmin yaranacaq.
    Məlumdur ki, muxtar respublika iqtisadiyyatının sahə strukturu, xüsusilə də onun aparıcı sahələrinin əlaqəli inkişafı üçün mühüm resurslar mövcuddur. İstər kənd təsərrüfatının, istərsə də onun xammal bazası olduğu sənaye bölməsinin etibarlı perspektivlərə malik olduğunu ifadə edə bilərik. Kənd təsərrüfatının mövcud resursları ilk olaraq onun torpaqlarına və günəşli iqlim göstəricilərinə əsasən yararlıdır. Buna görə də bu mühüm sahədə dayanıqlı, ardıcıl və davamlı inkişafı təmin etmək məqsədilə dövlət tənzimlənməsinin əhəmiyyəti böyükdür. Düşünürük ki, muxtar respublika iqtisadiyyatının sahə strukturunda əsas yeri olan kənd təsərrüfatının davamlı inkişafı istiqamətində fəaliyyətin aşağıdakı istiqamətlərdə qurulması faydalı ola bilər:
    1. Vətəndaşların mülkiyyətindəki  torpaq sahələrinin məqsədəuyğun, vaxtında və səmərəli istifadə edilməsinə nəzarət olunmalıdır. Yəni yerli özünüidarə orqanları (bələdiyyələr) bu işlərdə çeviklik göstərməlidir. Konkret olaraq ya stimul, yaxud da tələb əsasında bu işlərə diqqət artırılmalıdır;
    2. Müxtəlif maarifləndirici vasitələrlə kəndlilərin (torpaq istifadəçilərinin və ya məhsul istehsalçılarının) səmərəli fəaliyyətə istiqamətləndirilməsinin təmin edilməsi. Əsasən, ucqar dağ kəndlərində yaşayan insanların fəaliyyətlərinin stimullaşdırılması üçün müəyyən məsafədə qəbul məntəqələrinin istifadəyə verilməsini zəruri hesab edirik. Kəndli, istehsalçı əmin olmalıdır ki, onun məhsulu zay olmayacaq və o, məhsulunu istehsal edəcəyi anda təhvil verəcək;
    3. Qəbul məntəqəsinin fəaliyyət mexanizmlərinin işlənib hazırlanması zamanı (onun adını əlaqələndirici mərkəz kimi də ifadə edə bilərik) onun ümumi xarakter daşıması da təmin edilməlidir. Yəni kənd təsərrüfatına aid məhsulların bütün növlərinin qəbulu bu məntəqədə təmin edilə bilər. Elə kəndlilərimiz var ki, onların öhdəsində torpaq sahələri olsa da, heyvandarlıqla məşğul olmaları üçün təsərrüfatları olmaya da bilər. Belə olan halda onlar əkib-becərməyə heç də maraq göstərmək istəmirlər. Ancaq qəbul məntəqələri və yaxud əlaqələndirici mərkəzlərin olması onlara yenə də əkib-becərməyə stimul verəcək, hətta onların heyvandarlığa olan maraqlarını da artırmış olacaq. Üzümçülük, əkinçilik, heyvandarlıq, quşçuluq və digər sahələrə aid məhsulların istehsalının və satışının çevikliyinin əlverişli yollarından biri kimi bunu önəmli hesab edirik;
    4. Regionlarda yaradılacaq qəbul məntəqələrinin və əlaqələndirici mərkəzlərin bir-biri və emal müəssisələri ilə sıx əlaqələri təmin edilməlidir. Bu məntəqə və ya mərkəzlər daxili bazarlara olan tələbatı müntəzəm olaraq öyrənməli, ümumiyyətlə, marketinq xidmətləri vasitəsilə tələb və təklifin səviyyəsinə uyğun olaraq fəaliyyətlərini tənzimləməlidirlər;
    5. Bu məntəqə və ya mərkəzlər məhsul istehsalçıları ilə arasıkəsilməz əlaqələrdə olmalı, istehsal edilən məhsulların toplanması (yığılması), vaxt və məhsul itkilərinə yol verilməməsi üçün işlərinin səmərəli qurulmasında operativ olmalıdırlar;
    6. Həmin məntəqə və ya mərkəzlər öz müştərilərini də qazanmaq (və itirməmək) üçün reklam xidmətlərini düzgün təşkil etməli, müxtəlif informasiya vasitələrinin imkanlarından səmərəli yararlanmalıdırlar;
    7. Onların regionlardakı aqroparklarla sıx əlaqələrinin qurulması diqqətdə saxlanılmalı, kəndlilərin texniki təminatlardan yararlanmalarının təşəbbüskarlığı stimullaşdırılmalıdır;
    8. Kəndlilərin istifadəsində olan torpaq sahələrinin əkinəyararlılıq səviyyəsinin artırılması yolu ilə onların münbitliyinin qorunmasına ciddi diqqət yetirilməli, istifadə edilməyən torpaq sahəsi qalmamalıdır. Torpaq fondunun azaldılmaması üçün nəzarət ciddi təmin edilməlidir;
    9. Suvarma sistemlərinin təminatı və genişmiqyaslılığının təmin edilməsi məqsədilə nasos stansiyalarının, subartezian quyularının və göllərin daha da artırılması məsələlərinə diqqət artırılmalı, bu bütün kəndləri əhatə edəcək səviyyədə olmalıdır;
    10. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Əlincə bölgəsində eyniadlı su anbarının tikilməsi ilə su ehtiyatlarını artırar və bu prosesdə Bənəniyar Su Anbarının yükünün yüngülləşdirilməsinə də kömək etmiş olar;
    11. Dövlət tərəfindən verilən subsidiyaların məhsul istehsalçılarına bərabər yox, daha çox məhsul istehsalçısına verilməsinə nəzarət edilməsi;
    12. Qarşılaşacağımız mərhələlərə uyğun müvafiq tədbirlərin həyata keçirilməsi mezoiqtisadi siyasətin səmərəliliyinin təmin olunması şəklində qurulması və sair.
    Hər birimiz inanırıq ki, ölkəmizdə yaradılmış sağlam iqtisadi mühit qarşıdakı illərdə mövcud iqtisadi inkişaf potensialını daha da inkişaf etdirəcək və daha dayanıqlı, daha etibarlı iqtisadiyyat formalaşacaq.

Cavadxan QASIMOV
Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 11.01.2023 19:59