AZ EN RU

Yeni ilin astanasından boylanarkən…

    Ömrümüzdən, günümüzdən pay verdiyimiz daha bir ili də bax, beləcə, geridə qoyuruq. Xəyallarımızın gerçəkləşəcəyinə böyük ümidlər bəslədiyimiz yeni ilin astanasındayıq. Geriyə boylandıqda canımız, qanımız, doğma Azərbaycanımızın gündən-günə çiçəklənməsi, qüdrətlənməsi yolunda dövlətimizin imza atdığı böyük uğurları göz önünə gətirib əsib keçən illərə təəssüflənmirik. Əksinə, fərəhlənirik. Çünki müstəqil dövlətimizdə hər ötən ilin öz möhtəşəm ərməğanları ilə başı uca olan Vətənimizə töhfə verdiyinin şahidi oluruq. Təbii ki, bu töhfədən Naxçıvana da böyük pay düşüb. “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”, – deyən Ulu Öndərimizin arzuları ölkəmizin hər yerində, eləcə də muxtar diyarımızda gerçəkliyə qovuşur. Gündən-günə qüdrətimizi artıran qəbul olunmuş müxtəlif Dövlət proqramlarının həyata keçirilməsi, sahibkarlığın inkişafına verilən güclü dəstək, iqtisadiyyatın bütün sahələrinə dövlət qayğısı, inkişaf və tərəqqi göz qabağındadır. Sözsüz ki, bu uğurların əsasında qüdrətli Azərbaycan dövlətinin rəhbəri cənab İlham Əliyevin uzaqgörən siyasəti dayanır. Ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində bütün sahələrin inkişafına göstərdiyi diqqət sayəsində Naxçıvan da 2022-ci ili uğurla başa vurur. Ölkə başçısının Naxçıvanın çiçəklənməsi uğrunda ən mühüm qərarlarından biri də muxtar respublikada yeni idarəetmə sisteminin formalaşdırılması istiqamətində atdığı addım idi. Naxçıvanda müasir idarəetmə mexanizminin formalaşması metodunun tətbiq olunması bütün naxçıvanlıların 2023-cü ilin ulu diyarımıza daha böyük uğurlar gətirəcəyinə ümid yaradıb. Bu ümidin qəlbimizdə yaratdığı xoş əhvali-ruhiyyəni yaşamaqla Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili qarşılayırıq. Şəhərimiz bayram ovqatı yaşayır. İnsanların üzü gülür bu ovqatdan. Çünki ümidliyik hər gələn günümüzün keçən günlərimizdən daha gözəl olacağına… 

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını artıq iki ildir ki, Azərbaycanın Tarixi Zəfərinin yaratdığı reallıqlara uyğun atdığı addımlar və qazanılan uğurlar fonunda qeyd edirik. Birliyimiz, həmrəyliyimiz sayəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa və qurucu­luq işləri də yüksək səviyyədə aparılır, soydaşlarımızın Böyük Qayıdışı təmin olunur. Bu ərazilərimizin iqtisadi potensialı, ümumilikdə, ölkə iqtisadiyyatına yönəldilməklə dayanıqlı inkişafa böyük töhfələr verilir. Bütöv Azərbaycanımızın uğurlarının fonunda gələcəyə böyük nikbinliklə baxırıq. Əminik ki, 44 gündə 30 ilin işğalına son qoyan Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıda böyük uğurlar gözləyir. İnanırıq ki, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, qüdrətli iqtisadiyyat, güclü ordunun mövcudluğu və xalqla birliyi, bir amal uğrunda həmrəylik, mübarizlik əhvali-ruhiyyəsi və dövlətimizin qətiyyəti sayəsində dövlət başçımızın uzaqgörən siyasəti xalqımıza diplomatiya arenasında növbəti zəfər qazandıracaq, soydaşlarımızın sədası Qərbi Azərbaycandan duyulacaq. Xalqımız hərb meydanında olduğu kimi, işğaldan azad olunmuş torpaqlarımızda min bir büsatı yaratmaqla, ata-baba torpaqlarımıza illərin həsrətlisi kimi yiyə durmaqla, onun tarixini, milli-mədəni irsini qoruyub yaşatmaqla, təbii sərvətlərinə sahiblənməklə də milli həmrəylik nümayiş etdirir. Bu birlik möhtəşəm qələbələrimizin, daha böyük uğurlarımızın rəhni olacaq. O günlər uzaqda deyil!

Gülcamal TAHİROVA

Nəşr edilib : 30.12.2022 20:56