AZ EN RU

Yeni il, yeni başlanğıclar, yeni ümidlər

    “Snowfest – qış festivalı”nın artıq dördüncü günüdür. Bir neçə gündən sonra 2024-cü il yurdumuza qədəm qoyacaq. Ömrümüzdən pay verdiyimiz daha bir ili geridə qoyuruq. Yeni il yeni başlanğıclar, yeni ümidlər deməkdir. İnsanların simasında əsl bayram əhvali-ruhiyyəsi hiss olunur. 2024-cü ilin gəlişi münasibətilə artıq bir neçə gündür ki, şəhərimizdə küçə və prospektlər bəzədilib, mərkəzi meydanda yeni ilin simvolu olan küknar ağacı qurulub. Hər tərəf al-əlvan rəngə boyanıb. Bu bayramda hamının sevimlisinə çevrilən Şaxta baba və Qar qız da küknar ağacının ətrafında cəm olub uşaqlara müxtəlif hədiyyələr verir, xatirə şəkilləri çəkdirirlər. Biz də bayram günləri ərəfəsində bir neçə şəhər sakini ilə görüşüb həmsöhbət olduq.

    Şəhər sakini Fəxrəddin Qurbanov dedi ki, bu il artıq şəhərimiz ənənəvi yeni il proqramı çərçivəsindən fərqli şəkildə bəzədilib. Hər kəs yeni ilin gəlişini daha xoş ovqatla qarşılayır. 2023-cü il ölkəmiz üçün daha düşərli oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi zəfərlər qazanaraq xalqımız aydın sabahlara addımladı. Artıq yeni ili müstəqil, ərazi bütövlüyünü təmin etmiş bir ölkə olaraq qeyd edirik. Mən də nəvəmlə birgə buraya gəlib vaxtımızı əyləncəli keçirməyə çalışırıq. Bu bayram günündə ən çox sevinənsə bizim azyaşlılarımızdır. Ən çox da şəhərcikdə olan cizgi film qəhrəmanlarının personajları uşaqların sevincini birə-beş artırır. Müsahibimizə yaxşı istirahətlər arzulayıb növbəti sakinlərlə həmsöhbət olduq.
   Babək rayon Sirab kənd sakini, 63 yaşlı Xatirə Babayevada balaca nəvəsi Turanı gəzintiyə çıxarıb. Xatirə xanım deyir ki, bu il şəhərimizdə bayram hazırlıqları daha böyük çərçivədə aparılıb. Bir-birindən fərqli təamlar, mətbəx nümunələri göz oxşayır. Xanımlarımızın əl əməyi, göz nuru olan əl işlərinin satışı həyata keçirilir. Satışa çıxarılan məhsulların qiyməti də olduqca münasibdir. Bu bayram bütün dünyada yaşayan azərbaycanlıların bir bayraq altında birləşərək həmrəyliyinin və gücünün göstəricisidir. Biz də bu bayram münasibətilə xalqımızı təbrik edirik. 
    Digər bir müsahibimiz də “Snowfest – qış festivalı” sərgilərində iştirak edən şəhər sakini Şəfəq Şahbazovadır. Beş mindən çox əl işi ilə festivala qatılan Şəfəq xanım təbii daşlar, üzərliklər, yeni ilə aid xonça nümunələrinin satışını həyata keçirir. Yanvarın 7-nə kimi davam edəcək festivalda iştirak edəcəyini bildirən Şəfəq Şahbazova Naxçıvan şəhərində təşkil olunan festivalların mütəmadi iştirakçısı olduğunu bildirir. Müsahibimiz bu ilin digər illərə nəzərən daha fərqli keçdiyini, şəhərin yeni ilə xüsusi hazırlandığını və görüntülərin xüsusi gözəllik qatdığını bildirir. Həmsöhbətimiz dövlətimiz tərəfindən yaradılan şəraitə görə təşəkkürlərini bildirərək dünya azərbaycanlılarını təbrik etdi. 
    Muxtar respublika sakinləri yeni ili böyük sevinc və yüksək əhvaliruhiyyə ilə qarşılayır. Belə bir deyim vardır ki, yeni ili hansı əhvali-ruhiyyə ilə başlasan, bütün ili həmin ovqatla başa vuracaqsan. Biz də “Şərq qapısı”nın oxucularına və dünya azərbaycanlılarına bu gözəl bayrama xoş ovqatla başlamağı, bütün arzularının çin olmasını diləyirik. 2024-cü il hər birinizin həyatında ən uğurlu illərdən biri olsun. Yeni il bayramınız mübarək! Hər zaman həmrəy olaq!

Bülbül Quliyeva
Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 27.12.2023 19:12