AZ EN RU

Yeni il qədim diyarımızda böyük ruh yüksəkliyi, gələcəyə inam, əminlik hissləri ilə qarşılandı

    Bir-birindən maraqlı hadisələrin, qaynar proseslərin, dünyada, eləcə də ölkəmizdə baş verən mürəkkəb ictimai məsələlərlə sona yetişən bir ilin – 2022-ci ilin sonuna gəldik. Yeni ilin gəlişini bütün dünya böyük təmtəraqla qarşılayır, bu adət uzun illərdir ki, bir çox ölkələrdə bayram ovqatlı, o cümlədən də Vətənimizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Xalqımız bu bayramları böyük sevinclə qeyd edir. 
    Bayram günlərində Naxçıvan şəhərində muxtar respublika sakinləri ilə söhbət etdik, onlar Yeni illə bağlı xoş arzularını, təbriklərini bizimlə bölüşdü... 
    İlk həmsöhbətimiz Naxçıvan Dövlət Universitetinin müəllimi, muxtar respublika mətbuatında fəal jurnalist kimi çıxış edən Səadət Əliyeva oldu. “Həmrəylik Günü Azərbaycançılıq ideologiyasına sadiqliyimizin ən ali təzahürüdür”, – deyən müsahibimiz qəzetimiz vasitəsilə öz bayram təbrikini muxtar respublika ictimaiyyətinə çatdırdı: 

    –  31 Dekabr Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Xalqımızın birlik şüarının simvolik günü olan bu bayramın qeyd olunması isə Azərbaycançılıq ideologiyasına nə qədər bağlı olduğumuzun ən ümdə təzahürüdür. Bu ideya ətrafında sıx birləşən hər bir soydaşımızı harada yaşamasından asılı olmayaraq, bir amal, bir məqsəd birləşdirir – HƏMRƏYLİK və BİRLİK!!! Bu tarixi günün təməli isə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisində Milli Həmrəylik və Birlik Gününün təsis olunması haqqında qərar verildikdən sonra bu tarix hər bir azərbaycanlının milli qürur mənbəyinə və sevinclə qeyd etdikləri bayrama çevrilib. 
    Müsahibimiz tariximizin səhifələrinə qeyrət simvolu kimi həkk olunmuş böyük və şanlı Vətən müharibəsində göstərdiyimiz şücaətə, xalqımızın birlik və bərabərlik mövqeyinə də toxundu: – Azərbaycan xalqı tarixin ən ağır sınaqlarında birləşməyi, ən çətin məqamlarda bir-birinə dəstək olmağı bacarır. Bu bacarıq, bu qabiliyyət öz təsdiqini məhz  2020-ci ilin Vətən savaşında, haqlı mübarizəmizdə özünü  bariz şəkildə göstərdi. Gücümüzü bilən dövlətlər, birgəliyimizdən doğan həmrəyliyimizə bir daha əmin oldular. Bütün dünyaya sübut etdik ki, biz Azərbaycan xalqı olaraq Ümummilli Lider ideyaları ətrafında sıx birləşən və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli siyasətinə inanan və onun əmri ilə torpaqlarımızın müdafiəsi uğrunda ölümə gedən bir xalqıq. Çox qürurluyuq, iki ildən artıqdır ki, işğaldan azad edilən torpaqlarımızda tarixi Zəfərimizi qeyd edirik, bayramlarımızda sevinclərimizi bölüşürük. Artıq mənfur düşmənin tapdağı altında inləyən torpaqlarımız da sanki dirçələrək birliyimizdən doğan qələbəni bayram edir. Bundan böyük şərəf, bundan böyük fəxr ola bilərmi?! Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram münasibətilə damarında azərbaycanlı qanı daşıyan hər kəsi təbrik edirəm. Qoy ən çətin məqamlarda birləşən qollarımız heç zaman ayrılmasın! Birlik və bərabərlik ideyamız həyat amalımız olsun! Arzum budur ki, yeni arzu və niyyətlərlə yola çıxdığımız 2023-cü il arzularımızın ünvanı olsun! Qoy bu yeni il hər kəsə cansağlığı, hüzur və xoşbəxtlik gətirsin. 
    Sərxan Rüstəmov öz ailəsi ilə birlikdə yeni ili Naxçıvan şəhərinin mərkəzində qurulan, bayramın rəmzi sayılan yolkanın ətrafında, şən musiqi sədaları altında qeyd edir. Arxada buraxdığımız 2022-ci illə bağlı fikirlərini bölüşərək deyir: – Artıq bir ilimiz də ölkəmizin, xalqımızın inkişaf, yüksəliş dövrü kimi tarixə düşdü. Ölkə başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə xalqa müraciətində də bu barədə dolğun məlumat verdi. Bəli, “Şuşa ili” olan 2022-ci ildə həm dövlətimiz, həm də xalqımız birlik göstərərək böyük uğurlara nail oldu. Qədim mədəniyyət mərkəzimiz Şuşada bir sıra beynəlxalq tədbirlər keçirildi, azadlığına qovuşan torpaqlarımızda genişhəcmli tikinti-quruculuq işləri reallaşdırıldı, Böyük qayıdış proseslərinə start verildi, Zəngilanın Ağalı kəndinin bir qrup sakininin torpaq həsrətinə son qoyuldu. Bundan başqa, ordumuz daha da qüdrətləndi, yeni birliklər yaradıldı, qəhrəman əsgər və zabitlərimiz düşmənin növbəti təxribatlarına qarşı “Qisas”, “Qətiyyətli cavab” hərbi əməliyyatları keçirərək bədxahlara layiqli cavab verdi, insanlarımız həmrəylik, birlik göstərərək Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı etiraz aksiyasına başladılar. 

    Müsahibimiz qeyd edir ki, yola saldığımız il doğma, qədim Naxçıvanımız üçün də bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldı. Xüsusilə də ilin sonlarına yaxın ölkə Prezidentinin atdığı mütərəqqi addım hər birimiz tərəfindən böyük rəğbət və razılıq hissi ilə qarşılandı. Bildiyimiz kimi, ötən il dekabrın 22-də ölkə başçısı İlham Əliyevin Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olundu və Fuad Nəcəfli həmin məsul vəzifəyə təyin edildi. Həm bir vətəndaş, həm də dövlət qulluqçusu kimi idarəçilik sistemində həyata keçirilən islahatları diqqətlə izləyirəm. Səlahiyyətli nümayəndəni təyinatla bağlı qəbul edən ölkə Prezidenti Naxçıvanda görülən işlərdən və qarşıda duran vəzifələrdən söhbət açdı. Tapşırıq verdi ki, səlahiyyətli nümayəndə insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin. Artıq qısa zaman ötməsinə baxmayaraq, insanlara qarşı sadə, səmimi rəftar, vətəndaşların problemləri ilə yaxından maraqlanma sakinlər tərəfindən yüksək qiymətləndirilir. Prezident təmsilçisinin naxçıvanlılara xitabən “Arxayın olun, hər şey yaxşı olacaq” deməsi hər kəsdə böyük ruh yüksəkliyi, gələcəyə inam, əminlik hissləri yaradır. 
    Sərxan Rüstəmov bildirir ki, sakinlərin Yeni il bayramını gözəl, maraqlı qeyd etməsi üçün şəhərimizdə lazımi şərait yaradılıb, teatrlarımızın kollektivləri uşaqların əylənməsi üçün bir-birindən rəngarəng səhnəciklər hazırlayıblar, müxtəlif iaşə xidmətləri insanların ixtiyarındadır. O da ailəsi ilə birlikdə bu yaradılan imkanlardan lazımınca istifadə etməyə çalışır. Hər bir həmvətəninə “Heydər Əliyev İli” kimi tarixə düşəcək 2023-cü ildə uğurlar arzulayır, ölkəmizin daha da qüdrətlənməsini, xalqımızın rifahının yaxşılaşmasını diləyir. 
    Digər müsahibimiz Naxçıvan şəhər sakini Əli Əliyev bayramla bağlı öz təəssüratını bizimlə bölüşərək dedi: – Bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edirəm. Arzu edirəm ki, bu il hərkəs üçün uğurlu olsun, ölkəmiz, müzəffər Ordumuz daim böyük zəfərlərə, uğurlara imza atsın. Qeyd edim ki, hər il olduğu kimi, bu il də muxtar respublikamızda gözəl bayram tədbiri keçirilir. Yeni il münasibətilə şəhərimizin mərkəzində qurulan iaşə obyektləri insanların rahatlığına xidmət edir, istədiyimiz hər şeyi burada sərfəli qiymətə ala bilirik. Bu gözəl məkanda oxunan musiqilər, hazırlanan tamaşalar hər kəsin zövqünü oxşayır. Hər zaman olduğu kimi, bu il də xalqımız həmrəy olaraq uğurlara imza atdı. Arzum budur ki, xalqımız hər zaman sülh və əmin-amanlıq içərisində yaşasın. Onu da qeyd edim ki, ötən müddət ərzində muxtar respublikamızda aparılan islahatlar hər şeyin yaxşıya doğru gedəcəyinə inamımızı daha da artırır. İnanırıq ki, bundan sonra muxtar diyarımızda hər şey daha yaxşı olacaq. Mən bir daha doğma həmvətənlərimi təbrik edirəm.
    Yeni il tədbirində iştirak edən Şahbuz rayon sakini Nağı Qurbanlı bayram sevincini belə ifadə etdi: “Əvvəla, bütün həmvətənlərimi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. İnanırıq ki, 2023-cü il ölkəmizə, dünyaya xoşbəxtlik, sağlamlıq və səadət gətirəcək. Ötən illəri zəfərimizin qüruru, sevinci ilə yola saldıq. Qoy bundan sonrakı illərdə də xalqımızın zəfərləri, uğurları bol olsun. İnanırıq ki, muxtar respublikamız yeni ildə öz inkişaf yolunu davam etdirəcək. Arzu edirik ki, cənab Prezidentimizin göstərişi ilə həyata keçirilən yeniliklər muxtar diyarımıza yeni nəfəs gətirsin, xoşbəxtlik, firavanlıq xalqımızın nəsibi olsun. Bir daha bütün Azərbaycan xalqını, doğmalarımızı, əzizlərimizi təbrik edirəm. 
    Ordubad rayon sakini Nazilə Yusifova da ailəsi ilə birgə muxtar respublikamızın paytaxtında şəhər gəzintisinə çıxmışdı. Onun yeni il təəssüratları: – Bu yeni ili də böyük sevinc və coşqu ilə qeyd etdik. Deyirlər ki, ili necə qarşılasan elə də yola salarsan. 2023-cü ili də yeni ümidlərlə – sağlamlıq, yeni uğurlar, xoşbəxtlik arzusuyla qarşıladıq.  Bu yeni ildə də adət və ənənələrimizi qoruyub saxladıq. Bayramı bütün ailə bir süfrə arxasında, yaxın və doğma insanların əhatəsində keçirdik. Süfrəmizi müxtəlif cür təamlarla bəzədik. 

    Yeni ilin ilk günü isə günəşli havada ailəlikcə bayram gəzintisinə çıxdıq. Müxtəlif xidmət servislərinin təkliflərindən yararlandıq, şən mahnılar, rəqs nümunələri zövqümüzü oxşadı. 
    Naxçıvan idarəçiliyində baş verən dəyişiklik insanların əhvali-ruhiyyəsində hiss edilirdi. Hamı şən, gülərüz və  gələcəyə inamlı idi. Prezident cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətini izlədik və  2023-cü ildə Naxçıvan  üçün bütün planların yerinə yetiriləcəyinə əminik. Bu il hər kəsə düşərli olsun. 
    İnsanları bir araya gətirən, onlara sevinc, xoşbəxtlik bəxş edən bayramlar lap qədimlərdən xalqımız arasında sevilib. Vətənimizin qeyrətli, qüdrətli insanları birlik, birgəlik, həmrəylik nümayiş etdirərək elimizin təntənəsinə çevrilən zəngin adətlərini, bayramlarını dünyaya tanıdıb. Elə biz də müsahiblərimizin təbriklərinə qoşulur, bütün Azərbaycan xalqını, amalı bir, məramı bir həmvətənlərimizi hər zaman qalib, müzəffər görməyi arzu edirik, Yeni iliniz düşərli olsun, – deyirik. 

 Nail ƏSGƏROV
Güntac ŞAHMƏMMƏDLİ 
 Məcid RƏŞADƏTOĞLU
 Bülbül QULİYEVA
 Aysel YUSİFZADƏ

Nəşr edilib : 05.01.2023 20:48