AZ EN RU

Yeni idarəetmə modeli ölkəmizin hərtərəfli inkişafına töhfə verəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə Azərbaycanda xüsusi nümayəndəlik institutunun təsis edilməsindən keçən qısa zaman göstərdi ki, əsas məqsəd bu yeni idarəetmə modeli sayəsində şəxsi məsuliyyət hissini artırmaqla korrupsiyanın qarşısını almaq, əhalinin qayda-qanun çərçivəsində firavan yaşayışına, sərbəst biznes mühtinin yaradılmasına, dövlət-vətəndaş əlaqələrinin, mərkəzi-yerli hökumət təşkilatları arası münasibətlərin effektiv qurulmasına, nəzarət mexanizminin düzgün tənzimlənməsinə yol açmaqla ölkəmizin hər tərəfli inkişafına töhfələr verməkdir. Martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edən dövlət başçısı söylədiyi dərinməzmunlu nitqdə, verdiyi tapşırıqlarda bu amilə diqqət çəkərək nümayəndəlik istitutunun ölkəmizin gələcək inkişafında əsas idarəetmə sütunu rolunu oynayacağını vurğuladı: ...Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır. Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir...” 

Ölkəmizin, Şərqi Zəngəzurun, Qarabağın ictimai-siyasi həyatında, iqtisadi potensialının gücləndirilməsində hər zaman xüsusi əhəmiyyət kəsb edən, nəqliyat-logistika baxımından əvəzolunmaz rola malik, geostrateji mövqeyi ilə seçilən Laçın rayonuna Prezidentin xüsusi nümayəndəsinin təyin olunması, ardınca müzəffər ordumuz tərəfindən yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar rayonun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliklərin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi son günlərdə baş verən hərbi-siyasi gərginliklərin fonunda, düşmən təxribatlarına qarşı “Dəmir yumruq” iradəsinin, qətiyyətinin növbəti təntənəsi oldu. Dövlət başçısı nümayəndəni qəbul edəndə rayonun işğal prosesindən başlamış azad olunması, yenidən qurulması prosesi, görülən və görüləcək işlər, gələcək inkişaf perspektivləri ilə bağlı olduqca incə, vacib məqamlara toxundu. Dərinməzmunlu nitqdə ilk diqqət çəkən, hər dəfə xatırlanmalı, unudulmayan məqamlardan biri, deyərdim ki, birincisi vaxtilə ermənilərin qorxulu röyalarının rəmzi kimi "Qarabağın qara qapısı" adlandırdıqları Laçının necə işğala məruz qalması məsələsi idi. Belə ki, ölkə başçısının da qeyd etdiyi kimi, 1993-cü ildə Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edildi. Bu, ölkəmiz, laçınlılar üçün böyük faciə, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. Heç vaxt bağışlanmayacaq tarixi xəyanət. Məhz Laçının işğalından sonra rayonun yerləşdiyi mövqedən, bu ərazidən keçən dəhlizdən düşmən tərəfi Qarabağın əsas açarı kimi istifadə etdi. Beləliklə də birinci Qarabağ müharibəsində Laçının işğalı, digər rayonların, ümumilikdə, Qarabağın tamamilə Azərbaycandan qoparılmasına yol açdı. Çünki Ermənistan Laçın dəhlizi vasitəsilə silah-sursat, canlı qüvvə göndərirdi ki, bu amil də, əlbəttə ki, Azərbaycan üçün böyük itkilərə gətirib çıxardı. Məhz bütün bu üstün keyfiyyətlərinə görədir ki, 30 ilə yaxın aparılan danışıqlarda Ermənistan tərəfi, israrla bildirirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Bəzi Qərb dairələri, xüsusilə Fransa bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və düşmən tamamilə azğınlaşmışdı. Təsadüfi deyildi ki, işğal dövründə düşmən tərəfindən Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. Məhz bu mənada 44 günlük Vətən müharibəsində xüsusi strateji əhəmiyyətini, çətin relyefi, həmin vaxt qarşıdan gələn ağır, soyuq iqlimi nəzərə alaraq Laçın rayonunun hərbi deyil, hərbi siyasi yolla, razılaşdırılmış formada azad edilməsi Azərbaycan üçün böyük diplomatik qələbə sayılır. Xüsusi vurğulamaq lazımdır ki, Laçın dəhlizi birincidə olduğu kimi, ikinci Qarabağ müharibəsinin də taleyində, xüsusilə Şuşanın işğaldan azad edilməsində böyük, həlledici rol oynadı.  Ümumiyyətlə müharibə dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdu, nəticədə faktiki olaraq rayonun cənub hissəsi, Güləbird, digər bir neçə kənd döyüş meydanında azad edildi və ordumuz Laçın-Xankəndi yoluna çıxdı. Hərbi ekspertlərin, müharibə qəhrəmanlarının da dediklərinə görə Ermənistanın Qarabağla əsas əlaqə yolu sayılan Laçın dəhlizi ordumuzun bölmələri tərəfindən tam bağlandıqdan sonra düşmən faktiki olaraq məğlubiyyətə düçar olduğunu anladı və kapitulyasiya aktına imza atmağa məcbur qaldı...

Laçın azad olunandan ötən müddət ərzində şəhərin, kəndlərin bərpası üçün bir çox işlər görülüb, hazırda 2025-ci ilin əvvəllərinə istismara verilməsi nəzərdə tutulan beynəlxalq hava limanı inşa olunur, yollar, su, kanalizasiya, elektrik enerjisi xətləri çəkilir, tunellər salınır. Bundan başqa Laçın və Kəlbəcər rayonlarının su ehtiyatları hesabına böyük bir enerji mənbəyinin yaradılması nəzərdə tutulub. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda Su Elektrik stansiyalarının tikintisi sürətlə gedir, 50 meqavatdan çox enerji alınır. Dövlətimiz tərəfindən qarşıya məqsəd qoyulub ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavata, gələcəkdə isə 500 meqavata çatmalıdır. Sadaladığımız və sadalaya bilmədiyimiz bütün bu kompleks tədbirlərin eyni anda icrasında əsas məqsəd Zəngilan rayonunun Ağalı kəndindən sonra, Laçına da köçün həyata keçirilməsidir. Ölkə Prezidenti cənab İlham Əliyev nümayəndəni qəbul edən zaman rayonun bugünkü inkişafı ilə bağlı müəyyən məqamları diqqətə çatdıraraq məskunlaşma amilinə də xüsusi nəzər saldı, Laçınlılara müjdəli xəbəri verdi: “...Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar...”

Dövlət başçısının da bildirdiyi kimi, məskunlaşma prosesində diqqət yetirilən məqamlar Laçında bəzi yerlərdə bir neçə kəndin sakinlərini bir yerə cəmləşdirməkdir. Çünki bu, həm onların yaşaması, eyni zamanda, nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir. Ərazi baxımından bir-birinə yaxın yerləşən kəndlərin sakinlərini bir yerə yığıb onlar üçün gözəl həyat, iş şəraiti yaradılması nəzərdə tutulur. Başqa sözlə şəhər tipli kəndlər qurulacaq, eyni zamanda, kəndlərin xarici görkəminə də xüsusi önəm veriləcək, həm rahat, həm də memarlıq nöqteyi-nəzərindən çox gözəl olacaq. Bütün bu yenidənqurma, bərpa tədbirlərinin getdiyi bir vaxtda xüsusi nümayəndə təyinatının da əsas məqsədi rayonun gələcək inkişafı, iş yerlərinin yaradılması, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflərin verilməsi, qurulan infrastrukturun, ətraf mühitin qorunması, torpaqların zəbt, meşə fondunun məhv edilməsinə yol verilməməsi, bütün proseslərin qayda-qanun çərçivəsində icra olunmasıdır.

Ümumilikdə ölkə Prezidentinin dərinməzmunlu nitqini nəzərdən keçirdikdən sonra əminliklə demək olar ki, laçınlıların öz doğma ata-baba yurdlarına qayıtmaları yönündə, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonunun ümumi inkişafına təkan verəcək işlərin görülməsi, innovativ layihələrin icra olunması iki il yarımdır müharibədən çıxmış, kifayət qədər maddi, mənəvi zərərlərə məruz qalmış bir ölkənin qüdrətinin, dövlətin siyasi iradəsinin sarsılmazlığını, dönməzliyini sübut edir. Dövlət başçısının hər birimizə böyük fəxarət gətirən, inam hissi bəxş edən nitqində də deyildiyi kimi: “...bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq...”

Nail ƏSGƏROV

Nəşr edilib : 30.03.2023 14:31