AZ EN RU

Yeni həyata uğurlu başlanğıc: Torpaq çərşənbəsi

İlaxır çərşənbələrin sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında bu çərşənbə, sadəcə, “İlaxır çərşənbə” adlanır. Ayin və ritualların zəngin olduğu bu çərşənbəni xalq olduqca təntənəli şəkildə qeyd etməyi sanki özünə borc bilir...    

Qeyd edək ki, Naxçıvanda Novruz bayramı ərəfəsində  təkcə bu çərşənbədə deyil, bütün çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Hər ilaxır çərşənbədə qalanan tonqal xalq arasında “cəmrə” adlanan istiliyin simvoludur. İlaxır çərşənbə – torpaq çərşənbəsi mərasim, ayin, etiqad, müxtəlif oyun və şənliklərin daha çox icra olunduğu çərşənbədir. Muxtar respublikamızda Ordubad rayonunda  Torpaq çərşənbəsi el arasında həm də “Yeddiləvin” adlanır. Yeddiləvin zamanı nişanlı oğlan evi qız evinə şirni apararkən orada şirninin müxtəlif növlərindən olur. Buna görə də şirni növünün çoxluğunu göstərmək məqsədilə ona “yeddilövün”, “yeddiləvin” adı vermişlər. “Yeddiləvin” günü süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər də, əsasən, 7 adda olmalıdır. Bu adət Azərbaycanın başqa regionlarında da özünü göstərməkdədir. Bəzi yerlərdə “7” ləvinə “7” sin də deyirlər. Yeddiləvin axşamı tonqallar qalanır. Əhalinin bayram uğurunu-sevincini ifadə edən ən möhtəşəm tonqal dağların uca nöqtəsində yandırılır. Hamının bir-birinə bu barədə ilk sualı belə olur: “Görəsən, Bəlkədə tonqal qalanıbmı?”. Bəlkə dağında tonqalın qalanması hamının bayram sevincini birə-beş artırır.

Bayrama hazırlıq hələ fevral ayından, yəni elə ilk çərşənbədən başlayır, ilin son çərşənbəsində, yəni Torpaq çərşənbəsində artıq hər şey nizamlı şəkildə hazır olur. Ordubad rayonunda yaşlı nəslin nümayəndələrindən bəzisi ilaxır çərşənbəyə “ilin ən bəd çərşənbəsi”, “ilin ən ağır çərşənbəsi” də deyirlər. Belə bir inam var ki, bu gün o qədər şən keçməlidir ki, ilboyu insanlar üçün  uğurlu və sevincli olsun.

İlaxır çərşənbələrdən sonuncusunda Naxçıvan ərazisində icra olunan adətlərdən biri də Danatma mərasimidir. Ordubad rayonundan topladığımız folklor örnəklərinə əsasən mərasim ərazinin gənc oğlan və qızları arasında keçirilir. Bir məhəlləyə toplaşan gənclər bir nəfəri seçərək onu yaxınlıqdakı çeşmədən su gətirməyə göndərirlər. Su gətirməyə gedən gəncə göstəriş verilir ki, o, yol boyu susub danışmamalıdır. Əgər danışarsa, gətirdiyi su təmiz hesab edilməz. Qoyulan şərtin icra olunub-olnumadığını yoxlamaq üçün bir nəfəri onu güdmək üçün təyin edirlər. Əgər şərtə düzgün şəkildə əməl olunubsa,  həmin su təmiz hesab edilir, mərasimdə iştirak edən hər kəs həmin sudan içir. Həm də o sudan növbəti mərasim – Vəsfi-hal mərasimi üçün istifadə edirlər. Eyni zamanda suyu gətirən gənc də mükafatlandırılır. Vəsfi-hal mərasimi isə ancaq qızlar arasında keçirilir. Təmiz hesab edilən su bir cama tökülür. Cama mərasim iştirakçısı olan qızların üzük, sırğa və digər bəzək əşyaları da atılır. Mərasimi icra edən başçı bayatı oxuya-oxuya əlini cama salır, kimin əşyası camdan çıxarsa, ifa olunan bayatı ilə onun gələcək taleyini “müəyyən edirlər:”

Camda iynə gah gedir,

Gah əylənir, gah gedir.

Toy gecəsi oğlanın

Otağına şax gedir.

Naxçıvan inancları arasında İlaxır çərşənbənin ritual özəlliklərini daşıyan nümunələr olduqca çoxdur. İnanc, sınama, ovsun, falabaxma  nümunələri isə bu baxımdan daha aktivdir:

Deyərlər ki, İlaxır çərşənbə gecəsi obaşa yaxın çayın suyu dayanar, söyüdlər başını əyib torpağa dəyər. Bu vaxt hər niyyət yerinə yetər.

İlaxır çərşənbədə qızlar əlində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, sevdiyi oğlana gedər, deyərlər.

İlaxır çərşənbə Torpaq çərşənbəsi olduğundan, həmin gün qalanmış ocağın külündən götürüb suya tökərlər. Naxçıvanda yayılmış digər inancda isə deyilir ki, ilaxırda od qalanır. Səhər külü yığıb yağış yağan novdanın altına tökmək lazımdır. Tökəndən sonra arxana baxmadan getməlisən. Ərazidən toplanmış inanc örnəklərinin hər ikisində odla yanaşı, suyun da təmizləyici funksiya daşıması öz əksini tapmaqdadır.

İlaxır çərşənbənin əsas mərasimlərindən biri qulaq falıdır. Qız-gəlinlər bir yerə toplaşar, yavaş-yavaş qonşu evlərin həyətinə gedərlər. İçəriyə daxil olar, ürəklərində arzu tutarlar. Arzu tutmazdan öncə ayaq altına qıfıl qoyarlar. Təşrif buyurduqları ev sakinlərinin həyətində, ya da qapısının ağzında kiminsə olmasından xəbərləri olmaz. Ev əhalisinin dilindən səslənən hər bir sözlə mərasim iştirakçıları ürəklərində tutduğu arzularını yozarlar. Odur ki, ulularımızın tövsiyəsinə görə, İlaxır çərşənbədə evdə xeyirli sözlər danışmaq məqbul sayılar.

Torpaqla bağlı xalqımızın folklor yaddaşında müxtəlif xalq yaradıcılığı örnəkləri yaşamaqdadır ki, bunlardan sözün magik qüvvəsinə inamı xarakterizə edən alqış və qarğışlar olduqca fəaldır:

Torpağın bərəkətli olsun.

Torpağı – sanı yaşıyasan!

Torpaq kimi bar-bəhərli olasan!

Torpağından təzə-təzə nübarlar dadasan!

Torpağın rahat olsun və sair.

Bu nümunələrdən göründüyü kimi, torpaq qədim türklərdə insanı haqq dünyasına qovuşduran varlıq olmaqdan əlavə, onun xilasına xidmət edən kult kimi də düşünülmüşdür. Torpaq müqəddəsliyi ilə həm insana həyat verər, həm də onu haqq dünyasında ağuşuna alar. Hər mənada torpaq insana hamidir.

Folklorumuzda torpağın müqəddəsliyini ifadə edən atalar sözü və məsəllər də yetərincədir:

Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.

Torpaq əkinçinin zəhməti ilə zinətlənər.

Torpağa var versən, o da sənə bar verər.

Sular hərəkətlidir, torpaq bərəkətli.

Torpağı ovuclayan qızıl ovuclar və sair.

İlaxır çərşənbənin sonuncusunu Qərbi Azərbaycan ərazilərində də böyük coşqu ilə qeyd ediblər. Bu gün də həmin ərazilərdən qovularaq yurd-yuvalarından didərgin salınan əhali məskunlaşdıqları müvəqqəti məkanlar da öz ənənələrini qorumaqdadır. Bu gün gecədən səhərə qədər yatmamaq, müxtəlif rituallar icra etmək, oyunlar təşkil etmək bu əhalinin ən xoş günlərindən birində – Novruzun İlaxır çərşənbəsində icra olunur və bu mərasimin də “qədir tutmaq” adlanır. 

Xalqın yaxşıya, xeyrə olan inamını daşıyan alqışına qoşularaq deyirik ki, torpağımızın bar-bəhəri sizi sevindirsin! Torpaq çərşənbəmiz mübarək olsun! 

Aytən CƏFƏROVA

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat

İnstitutunun Folklorşünaslıq şöbəsinin

müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 19.03.2024 00:03